Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:53

Vətənə xəyanətdə ittiham olunanlar


Baş prokurorluğun binası
Baş prokurorluğun binası

Vətənə xəyanət, casusluq bütün dövrlərdə, bütün quruluşlarda ağır və sərt ittiham olub, istər sovetlər dönəmində, istərsə də müstəqil Azərbaycanda. Həm mənəvi baxımdan, həm də cəza olaraq bu ittihamın yükünü daşımaq çətindir. Azərbaycanda güllələnmə ləğv olunana qədər casusluqda və ya dövlətə xəyanətdə ittiham edilənləri güllələnmə də gözləyirdi. 1998-ci ildən sonra bu maddəylə suçlananları ən az 10 il, ən çox – ömürlük həbs cəzası gözləyir.

1993-cü ildən bəri onlarla siyasətçi, hərbçi, Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvü, inanclı insan, hüquq müdafiəçisi, məmur... bu maddəylə ittiham edilib.

Müstəqilliyin ilk dönəmlərində Cinayət Məcəlləsinin 57-ci maddəsiylə, Cinayət Məcəlləsi dəyişdirildikdən sonra 274-cü maddəylə ittiham edilənlərin fərqli aqibətləri olub. Bəzisi cəzasını olduğu kimi çəkib və ya hələ də çəkməkdədir (məsələn keçmiş XTPD-çilər Eçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov kimi), bəzisi əfvə düşüb, bəzisinin haqqındakı cinayət işi ayrıca icraata götürülüb, bəzisi də sadəcə, buna görə şərti cəza alıb. Hərçənd sonuncu Azərbaycan praktikasında nadir hadisədir. Bu il mayın 11-də Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimova 4 il sınaq müddəti olmaqla, 7 il şərti cəza verildi. Azərbaycan İslam Partiyasının keçmiş sədr müavini İnqilab Əhədovsa 5 il azadlıqdan məhrum edildi. Onların hər ikisi də xarici xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, casus kimi məlumat ötürməkdə suçlanırlar.

Natiq Kərimov
Natiq Kərimov

Yeri gəlmişkən, İslam Partiyasının keçmiş sədri Əlikram Əliyev də vaxtilə vətənə xəyanətdə ittiham edilmiş, elə həbsxanada da vəfat etmişdi.

Yaddan çıxmamış demək lazımdır ki, bu gün ölkənin cəzaçəkmə müəssisələrində CM-in 274-cü maddəsi ilə azadlıqdan məhrum edilən xeyli insan var ki, onlar başqa ölkələrə, xüsusən də İran İslam Respublikasına casusluqda suçlu biliniblər. İndi isə qayıdaq bir qədər əvvələ...

1990-cı illərdə başlanan həbslər

1993-cü ildəki hakimiyyət dəyişikliyindən sonra vətənə xəyanət maddəsi daha tez-tez xatırlanmağa başladı. O zaman bir neçə yüksək vəzifəli şəxs, sonradan silahlı qruplaşmaların üzvləri CM-nin 57-ci maddəsiylə ittiham olundular, mətbuat onları bəzən “57-lər” deyə təqdim edirdi.

Keçmiş müdafiə naziri Rəhim Qazıyev, Daxili Qoşunların komandanı Fəhmin Hacıyev, Laçın polkunun komandiri Arif Paşayev, separatçı qurumun – “Talış Muğan Respublikası”nın yaradıcısı Əlikram Hümbətov, keçmiş təhlükəsizlik naziri Nəriman İmranov, kənd təsərrüfatı naziri Müzamil Abdullayev, Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin rəhbəri Elçin Əmiraslanov, onlarla XTPD üzvü həmin maddəylə həbs edildi.

Ömürlük cəza çəkən 3 XTPD-çinin sirri

Adı sadalananlardan Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovu çıxmaqla, yerdə qalanlar 2000-ci illərin əvvəlində və ya ortalarında beynəlxalq qurumların, yerli hüquq müdafiə qurumlarının tələbləriylə əfv sərəncamı ilə azadlığa çıxıblar.

Həmin üç XTPD-çinin yaxınları və bir sıra hüquq müdafiəçiləri isə onlara qarşı siyasi rəhbərliyin ayrıseçkilik sərgilədiyini iddia edirlər. Onlar əfv ərizəsi yazsalar da nəticəsiz qalıb. Sonradan barələrində çıxarılan hökmün dəyişdirilməsi üçün məhkəməyə müraciət ediblər. Vəkil Elçin Sadıqovun sözlərinə görə, XTPD-çilər haqda çıxarılmış ölüm cəzası «qanunsuz olaraq» ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Buna görə də ərizə yazaraq onlar barəsindəki ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan CM-nin 23-cü maddəsinə əsasən bağışlanma,20 ilədək azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini istəyib. Ancaq məhkəmə buna rədd cavabı verib.

Elçin Sadıqov
Elçin Sadıqov

Əmiraslanovun qardaşı İlqar Əmiraslanov bir il öncə AzadlıqRadiosuna deyib: “Vallah, ayrıseçkiliyin səbəbini bilmirəm. Eşitdiyimə görə, bunlar əfv ərizəsini vaxtında yazmayıblar, deyiblər ki, «biz neyləmişik, günahımız yoxdur, sadəcə döyüşmüşük». Yəni o müraciəti yazmağa gecikiblər”.

Qaçırılanlar, susanlar...

Həmin dövrdə vətənə xəyanətdə ittiham olunanlardan bəziləri həbsdə az macəra yaşamayıb. Məsələn, Rəhim Qazıyev, Əlikram Hümbətov, Arif Paşayev həbsdən qaçırılıblar, daha sonra isə Rusiya onları Azərbaycana ekstradisiya edib. Məhz bu qaçırılma əməliyyatına görə milli təhlükəsizlik naziri Nəriman İmranov həm vəzifəsini itirib, həm də dövlətə xəyanətdə suçlanıb.

Rəhim Qazıyev, Arif Paşayev bu gün ölkədədirsə, Əlikram Hümbətov ölkəni tərk etmək məcburiyyətində qalıb və vətəndaşlıqdan məhrum edilib, Fəhmin Hacıyev də ölkədən kənarda yaşayır. Çox nadir hallarda onlar siyasi hakimiyyəti tənqid etsələr də, Nəriman İmranov, Müzamil Abdullayev həbsdən sonra susmağa üstünlük veriblər.

“Çox ağır yükdür”

Fəhmin Hacıyev eyni maddəylə suçlanaraq 10 il həbs cəzası çəkib. Bir neçə il öncə “Yeni Müsavat”a açıqlamasında deyirdi: “İstənilən güclü xarakteri olan insan üçün belə Cinayət Məcəlləsinin bu maddəsi ilə ittiham irəli sürülməsi çox ağır yükdür. Əgər həmin insan heç bir cinayət törətməyib, əksinə, şərlənibsə, üstəlik, onu şərləyən hakimiyyətdəki siyasi qüvvədirsə, bu, lap ağır məsələdir. Bu o deməkdir ki, ittiham irəli sürülən şəxsin üzərinə hakimiyyətdəki sərhədsiz imkanları olan bir qüvvə gəlir. Belə bir qüvvənin qarşısında ciddi hüquqi müdafiə, ictimai təpki, beynəlxalq qınaq uzun müddət təsirsiz olur. Biz bu durumu öz həyatımızda yaşadıq. Həqiqəti sübut edənə, bizə qarşı irəli sürülən ittihamların qondarma, əsassız olduğunu sübut edənə qədər ömrümüzün xeyli hissəsini, eləcə də sağlamlığımızı itirmiş olduq”.

Əsir düşənlər

2000-ci illərdə 274-cü maddə yenidən gündəmə gəldi. Bu dəfə daha çox inanclılar və əsir düşən hərbçilər eyni aqibətlə üzləşirdilər. Bu gün dəqiq rəqəm söyləmək çətin olsa da, 2000-ci illərin sonlarında Ermənistan Silahlı Qüvvələrinə əsir düşən xeyli əsgər, zabit casusluqda suçlanıblar. Məsələn, belə əsgərlərdən biri Vüsal Heybətov idi, o, 2008-ci il aprelin 11-də Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş, elə həmin il mayın 3-də əsirlikdən azad olunmuşdu. Rəsmi məlumata görə, o, istintaq zamanı təqsirli bilinib və az sonra Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Çavuş Anar Hacıyev də eyni aqibətlə üzləşib. 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb, təxminən bir il sonra Azərbaycana qaytarılıb. Ona qarşı da eyni ittiham irəli sürülmüşdü.

O zaman hüquq müdafiə təşkilatları əsir düşənlərin, az qala, hamısının casusluqda suçlanmasını “yanlış” sayırdılar.

Yunuslar, Mirqədirov və...

2014-cü ildə isə bu maddəylə yenidən siyasi hakimiyyətin tənqidçiləri olan hüquq müdafiəçiləri və jurnalistlər həbs edilməyə başladılar.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı, konfliktoloq Arif Yunus başqa maddələrlə yanaşı, həm də CM-nin 274-cü maddəsi ilə ittiham olunurdular. Ancaq sonradan Yunuslar vergidən yayınmağa görə həbs cəzası alsalar da, bu maddə üzrə iş ayrıca icraata götürülüb. Onlar bir neçə ay sonra azadlığa buraxılıblar və hazırda Hollandiyada mühacir həyatı yaşayırlar.

Leyla və Arif Yunus
Leyla və Arif Yunus

Eyni vaxtda siyasi şərhçi, “Zerkalo” qəzetinin yazarı Rauf Mirqədirov da həmin maddəylə suçlu bilinərək Türkiyədən ekstradisiya edilib. Jurnalist Ermənistana casusluqda ittiham edilirdi.

Rauf Mirqədirov Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilsə də, az sonra Apellyasiya Məhkəməsi onu 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılmasına qərar verib.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Jurnalist hazırda Avropada mühacirətdədir.

Bundan bir qədər öncəsə Müdafiə Sənayesi Nazirliyinin müşaviri olduğu deyilən Ağamir Ağamirov və Hafiz Vəliyev də İranın xüsusi xidmət orqanlarına casusluqda ittiham olunublar və ömürlük azadlıqdan məhrum ediliblər.

Sonradan Hafiz Vəliyevin anası mətbuata deyib ki, oğlu casus deyil, “MTN ondan 300 min manat tələb etdi, istədikləri məbləği ala bilməyəndə işgəncə verib, bu ittihamları zorla boyunlarına qoyublar”.

Buna da bax: 'Ola bilsin, tilova daha böyük balığı salmağa hazırlıq gedir'

Yenidən hərbçilərin xəyanətindən danışılır

Elə bu günlərdə ölkənin hüquq-mühafizə orqanları birgə bəyanat yayaraq bir qrup hərbçinin və mülki vətəndaşın Ermənistana casusluq etdiyini bildirib. Onların sayının 40-dan yuxarı olduğu haqda məlumatlar var. Rəsmi qurumlar məlumatı təkzib etməyiblər.

Rəsmi versiyaya görə, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları Azərbaycan Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı “genişmiqyaslı təxribat” planlaşdırıblar. “...xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”, – bəyanatda qeyd olunur.

Vaxtilə Ermənistana casusluqda ittiham olunan siyasi şərhçi Rauf Mirqədirovsa bu məlumatın dəqiqliyinə şübhə etsə də, belə bir məqama xüsusi diqqət çəkir: “Orduda və ya mülki vətəndaşlar arasında bu qədər insanın vətənə xəyanətə hazır olması haqda rəsmi məlumat doğrudursa, bu çox dəhşətli vəziyyətdən xəbər verir. Bu, müharibə vəziyyətində olan Azərbaycanın onlarla hərbçisinin və ya mülki vətəndaşının vətənə xəyanətə hazır olduğunun göstəricisidir. Və bu, yenə deyirəm çox təhlükəlidir”.

Bəlkə də bu maddəylə ittiham olunanlardan kimlərsə yaddan çıxıb. Siz bu siyahıya kimləri əlavə edərdiniz?

XS
SM
MD
LG