Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:55

Həbsdəki icra başçısı: '6 milyon ödəməyə hazıram'


Vilyam Hacıyev ifadəsində prezidentə müraciət edib.
Vilyam Hacıyev ifadəsində prezidentə müraciət edib.

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev deyir ki, tutulduğu gün evində və iş yerində axtarış zamanı tapılan milyonlarla vəsait həyat yoldaşına babasından və başqa qohumlarından miras qalıb. Bu barədə o, mayın 27-də öz məhkəməsində ifadə verərkən danışıb.

Sabiq icra başçısının işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Aylardır davam edən məhkəmə prosesində onlarla adam şahid kimi dindirilib. Hacıyev demişdi ki, şahidlər və zərərçəkənlərdən sonra özü danışacaq.

Dindirmə zamanı məlum olub ki, o, saxlandığı gün Bakıdakı evində və İmişli rayon İcra Hakimiyyətinin binasındakı kabinetində axtarışlar zamanı 2 milyon 500 min dollar, 1 milyon avro, 12 min 550 manat pul tapılıb. Bu vəsaitin 2 min 550 manatı cibində, 10 mini iş otağında, qalanı isə mənzildə olub.

"Cibimdə isə maaşım, mənə verilən mükafat idi"

"Tapılan vəsaitlər həyat yoldaşımın babasından və qohumundan miras qalıb. Cibimdə isə maaşım, mənə verilən mükafat idi", – sabiq məmur vəsaitlərlə bağlı prokurorun suallarını cavablandırarkən belə deyib.

Cinayət işində mənimsəmə, vəzifədən sui-istifadə, sənədlərdə saxtalaşdırma halları nəticəsində dövlətə 6 milyon manat ziyan dəyməsindən bəhs olunur. Təqsirləndirilən Hacıyev bildirib ki, evindən tapılıb, istintaq orqanının depozit hesabında saxlanılan vəsaitdən əlavə, qohumlarının köməyi ilə 6 milyon manatı da toplayıb verməyə hazırdır. O, ifadəsində prezidentə də müraciət edib: "Mən 42 il ərzində dövlətə, sizə sədaqətlə xidmət etmişəm. İki ildir ki, həbsdəyəm. Cənab prezident, xahiş edirəm, yaşımı və dəymiş ziyanı ödəmək istəyimi nəzərə alaraq, mənə qarşı humanizm göstərəsiniz".

Sabiq icra başçısı ona qarşı irəli sürülmüş külli miqdarda mənimsəmə, rüşvət alma və başqa ittihamların heç birini qəbul etmir. O bildirib ki, məsələn, məktəb, xəstəxana, agentliklərdə yeyintilərlə bağlı ona ittiham verilib, halbuki, bu qurumlar icra hakimiyyətinin tabeliyində olmayıb: "Mənim onlara söz deməyə nə səlahiyyətim olub, nə də ixtiyarım".

"Özləri vətəndaşlardan pul alıblar"

O, özünün kimsədən rüşvət almadığını bildirsə də, icra hakimiyyətinin işçilərinin vətəndaşlara qarşı qanunsuz davranışlarını istisna etməyib. Hacıyev vaxtilə tabeliyində çalışmış şəxslərin gəlib məhkəmədə onun əleyhinə danışmasına da münasibət bildirib.

"İllərlə arxamca qaçanlar gəlib burada mənim üzümə dayandı. Amma yeyəndə yaxşı idi... Əgər mənim belə işim vardısa, niyə 8 il ərzində məndən heç yerə şikayət etməmişdilər? Mən tabeliyimdə olan işçilərə çox yumşaq rəftar eləmişəm. Bundan sui-istifadə edənlər ola bilər. Hansısa işin onsuz da həll olunacağını, sərəncam veriləcəyini bilib özləri vətəndaşlardan pul alıblar", – sabiq icra başçısının sözləridir.

Hacıyev ifadəsində İmişlinin öz büdcəsi ilə özünü təmin edən ilk rayon olmasından, oradakı abadlaşdırma işlərindən danışıb. O vurğulayıb ki, gördüyü işlərə görə daim rəhbərlikdən təşəkkür alıb.

"O mağazada onlarla o cür silah satılıb"

Həbsdəki məmur qanunsuz silah saxlama ittihamına da toxunub. Onun silahla gəzməsi haqda iddiaların absurd olduğunu vurğulayıb. Deyib ki, axtarış zamanı evdən tapılan silahı 2005-ci ildə ailə üzvləri ilə birlikdə Gəncədə olarkən ovçular mağazasından alıb və bütün sənədləri də olub: "Silahı sürücüm evə qoydu. Yadımdan da çıxmışdı. 10 il sonra evdən köçəndə onu gördüm. Evimdə axtarış aparılanda tapıblar. Vəkilim mağazaya sorğu verib, cavabı alıb. Cavab da məhkəməyə təqdim edilib. O mağazada onlarla o cür silah satılıb. Amma onlar sorğu-sual olunmur".

Hacıyev prokurorun bir sıra suallarını cavablandırmaqdan imtina edib. Deyib ki, sənədlərin tədqiqi mərhələsindən sonra cavablandıracaq. Çünki tutulanda oxumadan bir sıra sənədlərə imza atıb. Konkret nələri imzaladığını xatırlamır.

Sabiq icra başçısının dindirməsi iyunun 3-də keçiriləcək növbəti məhkəmə iclasında davam edəcək.

2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı olmuş Vilyam Hacıyev 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir. Onun ittiham olunduğu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG