Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:48

Yaponiyada hidrogen enerjisindən istifadə sürətlə artır


"Toyota"nın hidrogenlə işləyən "Mirai" konsept avtomobili Tokio avtosərgisində nümayiş etdirilir.
"Toyota"nın hidrogenlə işləyən "Mirai" konsept avtomobili Tokio avtosərgisində nümayiş etdirilir.

Dünya İqtisadi Forumu bildirir ki, Yaponiyada hidrogen enerjisi sahəsi sürətlə inkişaf edərək cəmiyyətin çox yararlanacağı səviyyəyə yaxınlaşır.

Hidrogenin yeni nəsil enerji qaynağı olması gözlənilir. Onu cəlbedici edən, su və qazıntı yataqları da daxil, bir çox mənbənin tərkibində bol olması, üstəlik, karbon dioksid ayrılmadan elektrik və istilik enerjisi istehsal edə bilməsidir.

Hidrogen iqtisadiyyatı sahəsində ixtisaslaşan "Hydrogen Central" dərgisi yazır ki, enerji qaynaqlarının məhdud olduğu Yaponiya 2017-ci ildə Baza Hidrogen Strategiyasını yaratmaqla və hidrogen texnologiyalarında önə çıxmaqla bu sahədə dünya liderinə çevrilə bilib.

Avropa Patent Ofisi və Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, 2011-2020-ci illərdə dünyada hidrogen sahəsində patent müraciətlərinin ən böyük payı – 24 faizi Yaponiyanın payına düşür. Hesabatda deyilir ki, Yaponiyanın hidrogen sahəsindəki innovator mövqeyi onun yeni texnologiyalar yaratmasından, onları hər kəsdən öncə tətbiq etməsindən qaynaqlanır.

Texnoloji innovasiya sahəsində önə çıxan şirkətlər

Ötən ilin dekabrında "Nippon Steel" şirkəti polad istehsalında hidrogendən yararlanaraq karbon dioksid ayrılmasında 33 faizlik azalmaya nail olub. Bu, dünya rekordudur.

Şirkət öz texnologiyasını daha da irəli aparmaq üçün "JFE Steel", "Kobe Steel" və Yaponiya Metal Tədqiqat və İnkişaf Mərkəzi ilə konsorsium qurub.

İtaliyanın "Rampini" şirkətinin hidrogen-elektrik avtobusu
İtaliyanın "Rampini" şirkətinin hidrogen-elektrik avtobusu

"Polad istehsalında yaşıl innovasiya" adlı bu hidrogen poladəritmə layihəsi İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin başlatdığı "Yaşıl innovasiya fondu" layihələrindən biridir. Təşəbbüsün məqsədi dövlət-özəl qurumlar əməkdaşlığı yolu ilə karbonsuzlaşdırma texnologiyalarının inkişafı və polad sənayesinin karbonsuzlaşdırılmasıdır.

Gələcəkdə hidrogenə tələbatın artacağını nəzərə alan və bundan ötrü daxili istehsalın yetməyəcəyini anlayan "Kawasaki Heavy Industries" şirkəti beynəlxalq hidrogen təchizat zəncirinin yaradılmasına fokuslanıb.

Buna dair baxışını hələ 2010-cu ildə ortaya qoyan şirkətin məqsədi xaricdə rəqabətli qiymətə satın alınan yenilənəbilən enerji mənbələrindən iri həcmdə hidrogen istehsal edərək onun gəmilərlə Yaponiyaya gətirmək və Yaponiyada onu daxili istehsala qoşmaqdır. Bu təşəbbüs yaranarkən hidrogen dünyada hələ yanacaq sayılmırdı.

2022-ci ilin yazında "Kawasaki Heavy Industries" şirkəti Yaponiya və Avstraliya hökumətlərinin dəstəyi ilə Avstraliyada istehsal olunan mayeləşdirilmiş hidrogenin dəniz yolu ilə Yaponiyaya daşınması üçün pilot layihəsini uğurla gerçəkləşdirib. Bu daşınmanın uğuru şirkətin dünyanın ilk və tək maye hidrogen daşıyıcısı olan "Suiso Frontier" gəmisini yaratması ilə bağlıdır.

Cənubi Koreyanın "Hyundai" şirkətinin hidrogen yanacağı elementləri əsasında ilk yük maşını.
Cənubi Koreyanın "Hyundai" şirkətinin hidrogen yanacağı elementləri əsasında ilk yük maşını.

Son dərəcə səmərəli nəhəng termosa bənzədilən bu gəmi iri həcmdə maye hidrogeni əlavə soyutmaya ehtiyac olmadan -253ºC temperaturda daşıya bilir. Məqsədi hidrogen təchizatını 2030-cu ilədək ayrıca tutarlı biznes sahəsinə çevirmək olan şirkət hazırda gəmi və sahil saxlama çənlərini gəlişdirərək onları kütləvi hidrogen təchizatının tələblərinə uyğunlaşdırmaq üzərində çalışır.

Hasilat və təchizatı ucuzlaşdırmaq şərtdir

Hidrogendən dəmir yollarının karbonsuzlaşdırılmasında istifadə də artmaqdadır. "JR East" şirkəti ilk yerli hidrogen hibrid qatarının sınaq sürüşlərini gerçəkləşdirməyə başlayıb. "HIBARI" adlı bu qatar "Toyota Motor Corporation" və "Hitachi" şirkətləri ilə birlikdə hazırlanıb. Məqsəd qatarın 2030-cu ilədək praktik istifadəyə verilməsidir.

"JR Central" şirkəti ötən ilin noyabrında hidrogen motorlu dəmiryol maşınlarının istehsalına başladığını da açıqlayıb. Bu qatarlar hərəkət üçün birbaşa hidrogen yandırır. Dünyada dəmir yollarının karbonsuzlaşdırılması təşəbbüslərinin çoxunun yanacaq elementləri texnologiyasına əsaslandığı nəzərə alınsa, bu, dünyada hidrogendən mühərriklər üçün birbaşa yanacaq kimi istifadə edildiyi ilk haldır.

Dünya İqtisadi Forumunun "Effektiv enerji keçidi – 2023" hesabatında 2030-cu ilədək dünya təmiz hidrogen bazarının 120 milyard dollara çatacağına dair proqnoza da yer verilib. Ancaq hesabatda hidrogen enerjisi hasilatı və təchizatının qiymət baxımından ucuzlaşdırılmasının əsas çətinlik olduğu da vurğulanır.

XS
SM
MD
LG