Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:50

Yerevanda Rusiyanın terrorda ittiham etdiyi yeniyetmə saxlanıb


Yaroslav Inozemtsev
Yaroslav Inozemtsev

Yerevan polisi Rusiyanın Volqoqrad şəhərindən olan yeniyetməni saxlayıb.

Rusiya 17 yaşlı yeniyetməni məktəbdə terror aktı hazırlamaqda ittiham edir.

Onun Rusiyaya mümkün ekstradisiyası ilə bağlı 72 saatlığa saxlandığı bildirilir.

Yaroslav İnozemtsev bildirib ki, ona qarşı işi onun siyasi mövqeyinə görə uydurublar.

Rusiya məhkəməsi onun ruhi xəstə olması və məcburi müalicəyə göndərilməsi barədə qərar qəbul edib.

Sota saytı xəbər verir ki, yeniyetmənin anası artıq Yerevan polisinə gəlib və Ermənistan Helsinki qrupu vəkilinin məsləhəti ilə Ermənistanda siyasi sığınacaq üçün ərizə yazıb.

Yaroslav bildirir ki, Rusiyaya ekstradisiya olunarsa onu təhlükə gözləyir.

"Atası xəbər verib"

Yeniyetmənin Rusiyadan çıxmasına Dozor layihəsinin könüllüləri kömək ediblər. Onun ölkədən çıxması mart ayında məlum olub.

Xəbər verilir ki, Yerevanda Yuliya və Yaroslav Avropaya getmək üçün viza sənədlərini hazırlayırdılar.

Yuliya İnozemtsevanın sözlərinə görə yeniyetmənin yerini Rusiya polisinə onun atası xəbər verib.

Qadının sözlərinə görə o bunu keçmiş arvadını geri qaytarmaq məqsədilə edib.

Bundan sonra Yaroslavı Yerevan polisi saxlayıb.

Psixi xəstəxana

Yaroslav İnozemtsevi ilk dəfə 2020-ci ildə, onun 14 yaşı olanda həbs etmişdilər.

Polislər axtarış zamanı onların evindən əldəqayırma partladıcı qurğu – petarda, habelə 18 ədəd “Molotov kokteyli” tapıldığını bildirmişdilər.

İnozemtsevin vəkilləri bildirirdilər ki, bu gücdə olan qurğu ilə yalnız karton qutunu partlatmaq olardı.

İstintaqın versiyasına görə yeniyetmə terror aktını məktəbdə törətməyi, direktor müavinini və bir şagirdi öldürməyi planlaşdırırdı.

İnozemtsevin özü isə bildirir ki, müsadirə olunmuş əşyalardan əyləncə üçün istifadə etmək istəyirdi.

Bir il sonra istintaq onun maddəsini terror aktı maddəsi ilə əvəz edib.

Bu da qeyd olunur ki, 2021-ci ilin fevralında Moskvadakı Serbski İnstitutunun ekspertləri İnozemtsevə ruhi xəstə diaqnozu qoyublar.

O aprel ayında təcridxanadan psixiatrik xəstəxanaya keçirilib.

“Antiputinçi mövqe”

2022-ci ilin iyulunda İnozemtsev terror aktına hazırlıq, partlayıcı maddələrin qanunsuz saxlanması və partladıcı qurğu hazırlanması ittihamları üzrə təqsirli bilinib.

Onun barəsində ruhi xəstəxanada məcburi müalicə qərarı çıxarılıb. Ailə apelyasiya şikayəti versə də 2023-cü ildə apelyasiya məhkəməsi sözü gedən qərarı qüvvədə saxlayıb.

Yaroslav İnozemtsev bundan sonra insan haqları fəallarının köməyi ilə, anası ilə birlikdə Ermənistana qaça bilib.

Ölkədən çıxışı barədə yazdığı videoda Yaroslav ona qarşı işin qurama olduğunu deyir:

"Mən adi əyləncələri olan adi bir yeniyetmə idim. Məni terrorçu etmək qərarına antihökumət və antiputinçi postlarıma görə gəliblər”.

Ailəsi bunu təsdiq edir, çünki Yaroslav həqiqətən də sosial şəbəkələrdə “antiputinçi postlar” dərc edib.

Yeniyetmə Ukraynaya qarşı müharibəyə və Rusiya hökumətinə etiraz etdiyini deyir.

XS
SM
MD
LG