Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:33

Keçmiş icra başçısının həbs cəzası azaldıldı


Qoca Səmədov
Qoca Səmədov

Yevlaxın həbsdə olan keçmiş icra başçısı Qoca Səmədov haqqında hökm dəyişib. Şəki Ağır Cinayətlər Məhkəməsinin ona təyin etdiyi 7 il 3 aylıq həbs cəzası azaldılaraq 6 ilə endirilib. Bu barədə Şəki Apellyasiya Məhkəməsində qərar çıxarılıb.

Sabiq icra başçısının cəzasının azaldılmasına əsas kimi onun səhhətində kəskin problemlərin olması göstərilib. Səmədov apellyasiya şikayətində sağlıq durumunun ağırlığının nəzərə alınaraq, ona həbsə alternativ cəza təyin edilməsini istəmişdi.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, sabiq icra başçısı hazırda Mərkəzi Klinik Xəstəxanadadır. O, bir neçə gün öncə bu klinikaya yerləşdirilərək orada üzərində cərrahiyyə əməliyyatı aparılıb. Ürəyindən əməliyyat olunan Səmədovun müalicəsi hazırda da davam etdirilir.

Külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə suçlanan Səmədovun özünə və yaxınlarına məxsus xeyli evlər, torpaq sahələri, obyektlər müsadirə olunub. Həmin əmlaklar arasında Bakıda hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil, Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt, Yevlaxın Qoyunbinəsi, Havarlı, Salahlı kəndlərində, Goranboy rayonunda torpaq sahələri, obyektlər, uşaq bağçası da var.

Xatırlatma

62-yaşlı Qoca Səmədov 2011-2019-cu illərdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Bundan öncə isə o, 5 il icra başçısının müavini və birinci müavini olub.

2019-cu ilin dekabrında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunan Səmədov vətəndaşların ictimai işlərə cəlb edilməsi məqsədilə əməkhaqqı kimi ayrılan vəsaitləri ələ keçirməkdə suçlanır. İddia olunur ki, müxtəlif dövlət orqanlarına işçi kimi rəsmiləşdirilmiş 133 nəfər üçün açılan maaş kartlarından çıxarılan 236 min manat vəsaiti sabiq icra başçısı mənimsəyib. Səmədov həmçinin, 2017-2019-cu illərdə Yevlaxda abadlıq işləri üçün büdcədən ayrılan və müxtəlif şirkətlərin hesablarına köçürülmüş vəsaitlər nağdlaşdırılandan sonra onun 616 min manatını geri alıb mənimsəməkdə ittiham edilir.

Səmədov və ondan sonra həbs olunan Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarının icra başçılarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə kimi ittihamlar irəli sürülüb.

XS
SM
MD
LG