Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:54

'Cərimələrin məbləğində məntiq olmalıdır'


Yol cərimələrinin bahalığından narazı sürücülər: 'Qazandığımız cəriməyə gedir''
Gözlə

No media source currently available

0:00 0:06:33 0:00

Yol cərimələrinin bahalığından narazı sürücülər: 'Qazandığımız cəriməyə gedir'' (Arxiv. 2021)

Azərbaycanda yolda sürət həddini aşmaya görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Layihəyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat aşmağa 200, 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat cərimə tətbiq olunacaq. Hazırda isə həmin hallara görə, uyğun olaraq, 150 və 250 manat cərimə nəzərdə tutulur.

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər də 150 manat cərimələnəcək. Hazırda bu, 100 manatdır.

Dəyişiklik layihəsi iyunun 6-da Milli Məclisdə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

A.Hüseynov
A.Hüseynov

"Vətəndaşlarımızın sağlamlığı üçündür"

Deputat Aydın Hüseynov "Turan"a bildirib ki, təhlillərə görə, Azərbaycan yollarında qəzalar daha çox olur və qəzaların nəticəsində vəfat edən şəxslərin sayı da çoxdur: "Ona görə də cərimələrin artırılması ən birinci növbədə vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi üçündür".

Deputatın sözlərinə görə, bu qanun ona görə belə sərt olur ki, o, çəkindirici amil daşıyır: "Əgər bu pul məcburi alınarsa, onda deyə bilərdilər ki, bu, büdcə doldurmaq üçündür. Bu dəyişikliyin əsas mahiyyəti və fəlsəfəsi vətəndaşlarımızın sağlamlığıdır, yollarda qəzaların sayının azalmasıdır. Büdcənin doldurulması iddiası isə tamamilə absurddur, çünki bu, məcburi ödəniş deyil, vətəndaş qaydanı pozmayacaqsa, cərimə də ondan tələb olunmayacaq".

R.Həsənov
R.Həsənov

"Rüşvət imkanlarının genişlənməsinə yol açır"

İqtisadçı Rəşad Həsənov da deyir ki, bəzi ölkələrdə cərimələrin yayındırıcı funksiya daşıdığı görünür: "Bir çox inkişaf etmiş ölkələrdə buna görə də fantastik rəqəmlərlə ifadə olunan cərimələr var".

O hesab edir ki, qaydaların pozulması sosial normaya çevrilməməlidir və bunun qarşısını alan cərimələr təsiredici gücdə olmalıdır: "Məsələn, kimsə sürət həddini pozur, qəza törədir və başqalarına zərər verir, hətta kiminsə həyatını sonlandırır. Bunun qiyməti varmı? Onu orta əməkhaqqının həcmi ilə ölçmək olarmı? Əlbəttə ki, yox. Ona görə də cərimələr təsiredici həddə olmalıdır".

Amma, onun fikrincə, Azərbaycanda cərimələrin ikinci tərəfi də var: "Sistem cərimələrin məbləğlərinin artması ilə rüşvət imkanlarının genişlənməsinə yol açır. Hər hansısa 500 manatlıq cərimə varsa, inzibatçı 200 manatı almaqla məsələni həll etməyi təklif etsə, burada hər iki tərəf "qazanar" və bu, çox asanlıqla baş tutar. Yəni, sistem şəffaf işləsə, rüşvətxorluq olmasa, cərimələrin təsir gücünün olması məqsədilə onun artırılmasının tərəfdaşı kimi çıxış etmək olar. Amma indiki şərtlər daxilində bu, başqa bir problemin əsasını qoymuş olur".

N.Cəfərli
N.Cəfərli

"Bəzi yollarda sürət həddi tez-tez dəyişir"

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökuməti bu tip məsələlərdə qeyri-səmimi davranır: "Çünki arqument kimi deyəcəklər ki, vətəndaş qaydanı pozmasın, cərimə də ödəməsin, biz bunu edirik ki, qaydanı pozan az olsun. Bu arqumenti həmişə səsləndirəcəklər və bu mənada da vizual olaraq haqlı görünürlər".

Amma onun da fikrincə, burada problemlər başqadır: "Siz yol infrastrukturunu, sürət rejimini, yolların keyfiyyətini elə adekvat vəziyyətə gətirməlisiniz ki, bunun üzərindən cərimələr vasitəsilə insanları qaydaları pozmamağa təşviq etmiş olasınız".

N.Cəfərlinin sözlərinə görə, hökumət cərimələri artırmaqla həm dolayı vergiləndirmə sistemini ölkəyə gətirir, həm də özündən asılı olan problemlərin həllindənsə onları vətəndaşa yükləyir: "Bəzi yollarda sürət həddi tez-tez dəyişir. Baxırsan ki, nişanda 110 göstərilir və bir müddətdən sonra bu sürət sərt şəkildə 60-a enir. Bu, özü-özlüyündə qəza vəziyyəti yaradır. Bu məsələləri araşdıran bir mərkəz olmalıdır. Bunun olmadığı halda, bir tək cərimələrin artırılması yolu ilə sürətin aşılması ilə mübarizə aparmaq doğru deyil".

Altı aylıq minimum maaş qədər olan cərimə - Azərbaycanda belədir, bəs Gürcüstanda?
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

İqtisadçı deyir ki, cərimələrin məbləğində da bir məntiq olmalıdır: "Bu məntiq ondan ibarətdir ki, ölkədə minimum əməkhaqqı, median əməkhaqqı, minimum təqaüd nə qədərdir? Bunları da nəzərə almaq lazımdır. Bir tək cərimələrlə hər şeyi həll etmək istəyəcəklərsə, axırda vətəndaşlar cərimələri ödəməkdən imtina edəcəklər".

XS
SM
MD
LG