Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:31

Zahid Oruc: 'İslahatların sürəti prezidentin iradəsinə bağlıdır'


Z.Oruc
Z.Oruc

Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AzadlıqRadiosuna prezidentin son sərəncamları haqda deyib:

- Prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən elan etdiyi mühüm dövləti idarəetmə sistemindəki konsepsiyanı mərhələ-mərhələ həyata keçirməkdədir. Faktiki olaraq bu keçiddir, hakimiyyətin yeni idarəetmə modelinə transformasiyasıdır. Şükürlər olsun ki, bütün bunlar bir çox qüvvələrin idarə etdiyi toqquşmalardan, qovğalardan və ya konfliktlərdən kənarda baş verir. Doğrudur, 12 yanvar müşavirəsindən sonra ictimai hərəkətləməni yaratmaq istəyənlər oldu. Bir həftə sonra meydanlarda fərqli qüvvələrin fəaliyyətinin şahidiydik. Ancaq prezident sosial-iqtisadi tədbirlərlə aparmaq istədiyi dəyişiklikləri, prosesləri elə şəkildə gerçəkləşdirdi ki, ilk növbədə cəmiyyət, vətəndaşlar dövlətçilik mövqelərini qoruyub saxlasınlar, bundan sonra islahatların davamı mümkün olsun. Müxtəlif ölkələrin təcrübəsindən görürük ki, xalq islahatların yanında dayanmayanda bəzən vətəndaşların xeyrinə olan dəyişikliklər belə fərqli qarşılana bilir, onun nəticələri uğurlu alınmır. Ona görə dövlət başçısı addım-addım islahat aparır.

- Prezident nəyi dəyişmək istəyir?

- Prezident dünən (oktyabrın 22-də) iqtisadi sistemə olan baxışlarını Şahin Mustafayevi qəbul edərkən səsləndirdi. O, açıq şəkildə açıqladı ki, monopoliya tendensiyaları, kölgə iqtisadiyyatının mövcudluğu, vergidən yayınma halları onu narahat edir. Demək ki, bundan sonra iqtisadi şəffaflığın artması bir tərəfdən vətəndaşın sahibkar kimi öz fəaliyyətində normal, qanunun tələbləri qarşısında olmasını təmin edəcək. İkincisi, bu sahəyə rəhbərlik edən Mikayıl Cabbarovun - özünü doğrultmuş simanın səlahiyyətlərinin genişləndirilməsinə şahid olduq. Bu o deməkdir ki, hökumətin daha böyük aparatlar, daha artıq kadr saxlamaq praktikası dəyişir. Bu, avtomatik iqtisadi proseslərə, hüquq, qanunvericilik sistemində dəyişikliklərə səbəb olacaq.

- Ramiz Mehdiyevin gedişi nə qədər gözlənilən idi?

- Cənab prezidentin Ramiz Mehdiyevi qəbul etməsi, onun uzun illər ərzindəki fəaliyyətini Heydər Əliyevin adını daşıyan ən yüksək ordenlə təltif etməsi mühüm bir dövlətçilik ənənəsinin formalaşmasıdır. Ondan əvvəl baş nazirin indiki müavinlərinin qəbulu da onu sübuta yetirir ki, dövlətdə mühüm vəzifə alarkən prezidentin onları qəbul etməsi, mühüm tapşırıqlar verməsi necəsidirsə, sonrakı dönəmdə sabiq olmağı qorxulu etmir, vəzifə kultu kimi sindroma çevrilən situasiyanı aradan qaldırmağa imkan verir. Gələcək dönəmdə prezident öz komandasında hökumət strukturlarında həyata keçirmək istədiyi proseslərin dəqiq açılımını verir. Yeni baxışlara qadir, təşəbbüskar, islahatçılıq ruhu olan, vətəndaş qarşısında hesabatlı, xalq üçün əlçatımlı... Ən başlıcası, hökumətdəsənsə biznes məkanında olmamalısan. Yəni, prezident mühüm trendləri müəyyənləşdirib, oktyabr cənab prezidentin strateji addımları ilə yadda qalıb. Ən önəmli məsələ ekstazlara yol vermədən köklü dəyişiklikləri həyata keçirilməsində prezidentə dəstək verilməsidir. Bu, qətiyyən köhnə dövrün üstündən xətt çəkmək deyil, uğurlar qorunmalıdır.

- Ramiz Mehdiyev daha çox sərt idarəçiliyin tərəfdarı, mühafizəkar qanadın, Naxçıvan klanının başında duran şəxs kimi təqdim edilirdi. Sizcə, bundan sonra yumşalma, gerçək islahatlar mümkündürmü?

- Dövlət siyasətində hər kəsin vəzifəsindən asılı olaraq özünəməxsus yeri ola bilər. Şübhəsiz ki, kadrlar səlahiyyət dairələrindən asılı olaraq ən müxtəlif məsələlərin həyata keçirilməsində rol oynayırlar. Prezident kadrların fəaliyyətini arayışlarla, raportlarla dəyərləndirib. O üzdən komandanı regional əlamətlərinə görə bölücü və ya savaş açan tərəf kimi göstərmək, xüsusən də ölkə başçısının xoş məramla söylədiyi «islahatlara mane olanlar var, əlaltdan işləyirlər» kimi açıqlamanı dövlətin əleyhinə çevirmək, parçalanmanın əlaməti kimi təqdim etmək çox yanlışdır. Bu cür müxalif mövqelər doğrulmayıb. Dövlət ayaqdadır. Ramiz Mehdiyevin fəaliyyətinə Əliyevin münasibəti dediyimiz addımla özünü göstərmiş oldu. Ona ideoloji-siyasi məkanda həmişə məqalələrlə, kitablarla, açıqlamalarla təsir göstərməyə çalışan mühüm sima olaraq qiymət verdi. O üzdən islahatların bundan sonrakı dönəmdə sürəti Administrasiyaya kimin rəhbər təyin edilməsindən asılı olmayaraq prezidentin iradəsinə bağlıdır. Onun ali, sərt iradəsi ortadadır. Ulu öndər Baş Prokurorluqda dəyişiklik etmək istərkən söyləmişdi ki, pəncərələri açın, bura yeni hava daxil olsun. Bu gün yeni məmur obrazları dövlət siyasətinin önünə çıxırsa, cəmiyyətdə canlanma yaradırsa, buna sevinmək lazımdır. Bu gün cəmiyyətdəki gözləntilər daha çox İlham Əliyevin əyləşdiyi prezident sarayındandır, birinci şəxsdən qaynaqlanır. Proqnozlar verilirdi ki, hakimiyyətdəki bəzi qüvvələrə görə dövlət başçısı müxtəlif prosesləri gecikdirir. Yaxın aylarda aparılacaq dəyişikliklər fonunda Azərbaycanın 2020-25-ci il üçün tamam yeni ölkəyə çevriləcəyini görəcəyik.

Dünən – oktyabrın 23-də prezident İlham Əliyev Ramiz Mehdiyevi Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edib. Başqa bir sərəncamla Mikayıl Cabbarov vergilər naziri vəzifəsindən azad edilib və iqtisadiyyat naziri təyin edilib.

XS
SM
MD
LG