Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:54

Zelenski Polşaya gedib


Ukraynanın şərqi
Ukraynanın şərqi

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də ölkəsinin ən yaxın Qərb müttəfiqlərindən biri Polşaya gedib. Bu haqda Varşava açıqlama yayıb. Bu arada Ukrayna qüvvələri ölkənin şərqində Rusiya əsgərlərinin hücumlarına sərt müqavimət göstərməkdədir.

Ötən gecə Rusiyanın Donetsk vilayətini atəşə tutması nəticəsində dörd dinc sakin öldürülüb, 11 nəfər yaralanıb. Bunu vilayət qubernatoru Pavlo Kirilenko aprelin 5-də bildirib.

Rusiyanın Ukraynanın cənubi Xerson vilayətini bombardman etməsi nəticəsində isə üç nəfər yaralanıb. Sumı regionunda bir nəfərin yaralandığı bildirilir.

Hücumlar davam edir

Ukrayna ordusu son 24 saat ərzində Rusiyanın azı 60 hücumunu dəf etdiyini, hücumların əsasən Baxmut, Avdiyevka və Mariinkaya fokuslandığını açıqlayıb. Donetsk vilayətindəki Bohdanivkaya isə uğursuz hücum cəhdi olub, ordu bildirir. Məlumata görə, ötən gecə Moskva qüvvələri ümumilikdə 17 İran istehsalı dron buraxıblar.

Zelenski Varşavada Prezident Andrey Duda, Baş nazir Mateuş Moravieski ilə görüşəcək.

Rusiya ötən ilin fevralında səbəbsiz hücuma başlayandan, Polşa şərq qonşusuna Qərbin hərbi və siyasi dəstəyinin səfərbər olunmasında vacib rol oynayıb.

Varşava Kiyevə birbaşa hərbi yardım, o cümlədən MiG-29 qırıcıları verib.

Polşa bir milyondan çox ukraynalı qaçqını qəbul edib. Zelenski Duda ilə birlikdə Varşava Kral Qəsrində bəzi ukraynalılarla da görüşəcək.

Von der Leyen Çinə gedir

Zelenski aprelin 4-də Avropa Komissiyasının başçısı Ursula von der Leyenlə telefon söhbətində Aİ-nin Rusiyaya Ukraynada apardığı müharibəyə görə yeni sanksiyalarını müzakirə edib.

Fevralın 24-də, müharibənin başlanmasının ildönümündə Aİ Rusiyaya qarşı 10-cu sanksiya paketini qəbul edib. Bu paket müharibəni dəstəkləyən, təbliğat aparan fərd və qurumları, Rusiyaya müharibədə istifadə üçün dron verənləri hədəfə alıb.

Von der Leyen görüşdən sonra tvitində yazıb ki, Pekində Çin Prezidenti Si Tsinpinqlə görüşlərinin vacib mövzularından biri Ukrayna olacaq. Von der Leyen Fransa Prezidenti Emmanuel Makronla birlikdə aprelin 5-7-də Çinə səfər edəcək.

XS
SM
MD
LG