«Bu, nonsensdir»

Elton Quliyev
«İnsan həm döyülsün, həm həbs edilsin, həm də ona ittiham elan edilsin. Bu, nonsensdir». «AN» Sosial Şəbəkəsinin yaradıcısı, şübhəli şəxs qismində saxlanılan Emin Millinin vəkili Elton Quliyev «İşdən sonra»da belə deyib.

«ONLAR ƏSASSIZ VƏ QANUNSUZ SAXLANILIB»

- Elton bəy, saxlanılan digər gəncin – «OL» Gənclər Hərəkatının xarici işlər koordinatoru Adnan Hacızadənin vəkili İsaxan Aşurov deyir ki, məhkəmə tibb ekspertizasının obyektiv olacağına inanmır. Siz nə deyirsiz?

- İsaxan bəy düz deyir. Adnan Hacızadəni də, Emin Millini də məhkəmə tibb ekspertizasının nümayəndəsi müayinə etdi. Biz çalışdıq ki, onların bədənində olan xəsarətlərin hamısı rəydə əks etdirilsin. Amma rəy necə olacaq, bunu artıq açıqlananda biləcəyik.

- Bu gənclərin həbsiylə bağlı nə deyə bilərsiz? Onların şübhəli şəxs kimi saxlanmasının hüquqi əsası varmı?

- Mən bu gün müstəntiqlə də görüşdüm. Soruşdum ki, «zərərçəkənlər» hanı bəs? Dedi ki, onlar saxlanmayıblar. Amma bir onu deyə bilərəm ki, Eminlə söhbətdən belə başa düşdüm ki, o da, Adnan Hacızadə də qanunsuz və əsassız həbs olunublar. Onlar şübhəli şəxs kimi saxlanılırlar. Artıq 48 saatın təxminən yarısı ötüb, qanunun tələbinə uyğun digər yarısında məhkəmə keçirilməlidir.

«BU, NONSENSDIR»

- Amma biz ümid etmək istəyirik ki, məhkəmə keçirilməyəcək, ədalətli qərar qəbul ediləcək. Hələ ki, şübhəli şəxsdirlər, hələ ki, onlara ittiham elan olunmayıb, istintaqa təqsirləndirilən şəxs qismində cəlb edilməyiblər. Ümid edək ki, heç bu haqda qərar olmasın. Bu halda, inşallah 48 saat bitəndən sonra evə buraxıla bilərlər. Əks halda, Emin Milli və Adnan Hacızadə məhkəmə qarşısına çıxarılacaqlar. Onların barəsində həbs-qətimkan tədbiri seçilməsi müzakirə ediləcək. Biz hələ ümid edək ki, bu, baş verməyəck. Bu, açıq və qərəzli bir aksiyadır. Gənclər çörək yediyi yerdə zorakılıqla üzləşib, xəsarət alıb və eyni zamanda, şübhəli şəxs qismində istintaqa cəlb ediliblər. Bu, əlbəttə nonsensdir. Burda cinayət hadisəsi varsa, Eminlə Adnan zərərçəkən olmalıdırlar, amma onlar təqsirləndirilən şəxs kimi qiymətləndirilirlər. Yəni insan həm döyülsün, həm həbs edilsin, həm də ona ittiham elan edilsin. Amma yenə də biz bu gənclərin şübhəli şəxs qismində saxlanılmasını anlaşılmazlıq kimi qiymətləndirməyə hazırıq.

«BU HƏBS NİYYƏTSİZ DEYİL»

- Elton bəy, belə fikir var ki, məqsəd fəal gənclərin gözünün odunu almaqdır. Siz vəkil kimi nə fikirləşirsiz, bu hadisə gənclərin siyasi fəaliyyəti ilə bağlı ola bilərmi?

- Mən Emin Milliylə bu gün tanış olmuşam. Onun fəaliyyəti ilə tanış deyiləm. Amma bu həbsin əlamətlərini nəzərə alıb deyirəm ki, bu həbs niyyətsiz deyil! Ancaq bunun arxasında hansı niyyət gizlənir, əminliklə deyə bilmirəm. Əminliklə bir bunu deyirəm ki, niyyətsiz saxlanma deyil. Çünki istintaq orqanının qarşısında döyülmədən zərərçəkən iki nəfər var. Bu iki nəfərin də yanında özlərindən başqa dörd ya beş nəfər olub. Onlar hadisənin şahidi olub, ifadələri də tam üst-üstə düşürsə, deməli, saxlananların günahı yoxdur.

«SUALI DEMƏYİLƏ YUMRUĞU VURMAĞI BİR OLUB»

- Yeri gəlmişkən, hadisənin şahidi Orxan Qafarlı deyir ki, hücum edən şəxslərdən biri Emin Milliyə yaxınlaşıb nəsə deyib və dava da bundan sonra başlayıb. Emin sizə nə danışdı?

- Eminin dediyinə görə, onların arasında heç bir söhbət olmayıb. Sadəcə, o adamlardan biri Eminə yaxınlaşıb «sən nə dedin?» deyib və dərhal da onu vurub. Sualı verməyi ilə vurmağı bir olub. Bu gün bir şeyi də öyrəndim ki, Eminin əsas fəaliyyət yönü ictimai fəal şəxslərin qeyri-zorakılıq şəraitində fəaliyyət göstərməsidir. Yəni onu təbliğ edir ki, ictimai fəallara zorakılıq tətbiq edilsə belə, onlar bunu müqavimətsiz qarşılamalıdırlar. Onlar hadisə zamanı da bu zorakılığa müqavimət göstərməyiblər. Bu faktı, bu sənədləri toplayıb istintaqa təqdim edəcəm.

- Dinləyici soruşur ki, niyə gənclərin ordakı dostları hadisəyə müdaxilə etməyiblər?

- Normal cəmiyyətdə veriləcək sualdır. Yəni iki adam beş-altı nəfərin istirahətinə müdaxilə edir, onları döyür, yerdə qalan beş nəfərsə bu yerdə heç bir müqavimət göstərmir. Düzgün sualdır. Amma hələ müqavimət göstərməyən iki nəfər həbsdədir…Onu da deyim ki, hər bir insanın özünü qorumaq, müdafiə etmək hüququ var. Bu, qanunla haqq qazandırılan hərəkətdir. Buna görə şəxs məsuliyyət də daşımır. Amma Emin Milli də, Adnan Hacızadə də müqavimət göstərməsələr də, xuliqanlıq törətməkdə şübhəli şəxs kimi saxlanılıblar.

«HƏQİQƏTİ GİZLƏTMƏK ÜÇÜN DÜŞÜNÜLMÜŞ İFADƏ»

- Faktla bağlı artıq Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq maddəsiylə cinayət işi qaldırılıb. Bu maddə nə qədər cəza nəzərdə tutur?

- Vallah nə qədər iş verilə bilər, bunu hakimlər, həbs edənlər bilər. Söhbət ondan gedir ki, bu adamlar günahsız olaraq həbs olunub, bu adamların hüquqları pozulur. Saxlanılarkən onlarla davranmada hüquq pozuntuları olub. Konkret maddəyə gəlincə, guya qrup şəklində xuliqanlıq törədiblər.

- Ancaq Emin Milli və Adnan Hacızadə nəzərdə tutulurmu?

- Orda belə ifadə var ki, istintaqa məlum olmayan digər şəxslər. İstintaqa məlum olmayan şəxs yoxdur, hamı bəllidir. Çox güman ki, bu, həqiqəti deməmək üçün düşünülmüş ifadədədir. Orda xuliqanlıq olmayıb. Sadəcə, başqaları tərəfindən hücum olub.