-
Nataliya Lomouri: "Gürcüləri çox oxuyan xalq adlandıra bilmərəm..."
Ötən ay Tbilisidə Beynəlxalq Ədəbiyyat Festivalı baş tutdu. Festivalın əsas təşkilatçısı Tbilisi Yazarlar Evi idi.
Nədir Yazarlar Evi? Necə bir orqandır? Funksiyaları nədir? Bütün bunlar barədə xeyli suallar yarandı. Bu suallara OxuZalına müsahibəsində Yazarlar Evinin gənc xanım direktoru Nataliya Lomouri cavab verir...
- Nataliya, Yazarlar Evnin dövlətlə hər hansı əlaqəsi varmı? Məsələn, dövlət tərəfindən maliyyələşirmi? Və bir də, Yazarlar Evi Yazıçılar Birliyindən nə ilə fərqlənir?
- Yazarlar Evi yazıçılar üçün açıq məkandır. Həmçinin evin qapıları rəssamlar, artistlər, bütün ədəbiyyat adamları, fotoqraflar, bir sözlə, incəsənətlə məşğul olan hər kəs üçün açıqdır.
Yazıçılar Evi müxtəlif təqdimatlar, mühazirələr, yubileylər, sərgilər təşkil etməyə kömək edir. Əlbəttə, dövlətin Yazarlar Evi ilə birbaşa hüquqi əlaqəsi var. Həmçinin, biz dövlətdən maliyyələşirik.
Yazarlar Evi Yazıçılar Birliyindən bununla fərqlənir ki, birlik yalnız öz üzvlərinin qayğıları ilə məşğul olursa, biz bütün yazarlar, bütün sənət adamları üçün açıq məkan yaratmışıq. Yazarlar Evini kiçik bir menecerlər qrupu idarə edir.
- Tbilisi Beynəlxalq Ədəbiyyat Festivalını təşkil etmək ideyası hardan yarandı? Gözləntilər və ya məqsəd nə idi? Festivalın nəticələrindən razı qaldınızmı?
- Bu ideya çoxdan vardı. Bizim bir çox yazarlarımız var ki, müxtəlif ölkələrdəki ədəbiyyat festivallarında iştirak edirlər.
Düşündük ki, bu beynəlxalq festivallardan bizdə niyə olmasın? Tbilisi bir zamanlar ədəbiyyatla dolu, ədəbiyyat şəhəri olub.
Burda ciddi ədəbiyyat ənənələri var. Biz bu ədəbiyyat şəhəri imicini Tbilisiyə qaytarmaq istəyirik və festival da bu prosesin bir parçasıdır.
Düşünürəm ki, uğurlu keçdi, gözləntilərimiz də tam doğruldu.
- Festivala ədəbiyyat dinləməyə gələn publika gözlədiyinizdən az ya çox idi?
- Festival çərçivəsində baş tutan tədbirlərə gələnlərin sayına istinad edərək deyə bilərəm ki, tədbirə gözlədiyimizdən artıq insanı cəlb edə bildik.
Daha bir sevindirici məqam bundan ibarət idi ki, gələnlərin çoxu gənclər idi.
Bütün tədbirlərdə Yazarlar Evinin bağı gənclərlə dolub daşırdı. Müzakirələrdə fəal iştirak edir, şeirlərə maraqla və həvəslə qulaq asırdı insanlar.
- Gürcüləri “oxuyan millət” adlandırmaq olarmı?
- Təsssüf ki, çox da yox. Mən onları daha çox oxuyan görmək istərdim.
- Festivalı təşkil edəndə, hansı prbolemləri yaşadınız. Gürcüstan elə də varlı ölkə deyil, məsələn, maliyyə problemləriniz oldumu?
- Bu, böyük bir festival idi. 20-dən çox ölkədən yazarlar dəvət etmişdik. Hamısının yol, yerləşmə xərcləri, qonorarları qarşılanmalı idi.
Biz hər şeyi hesabladıq və Mədəniyyət Nazirliyinə müraciət elədik. Nazirlik istədiyimiz məbləği bütünlüklə bizə verdi. Bununla yanaşı, müxtəlif şirkətlər, banklar bizə müxtəlif cür dəstək verdilər.
Bəzi ölkələr oldu ki, onları təmsil edən yazarların xərclərini həmin ölkələrin səfirlikləri öz üzərlərinə götürdülər.
Göte İnstitutu, Düma Mərkəzi, British Council bizə xeyli kömək etdi. Növbəti illərdə biz başqa sponsorlar da tapmaq fikrindəyik.
- Deməli, gələn il də festival keçiriləcək...
- Çox ümid edirəm ki, festival hər il keçiriləcək. Düşünürəm ki, birinci il bu qədər uğurlu olan bir layihəyə Mədəniyyət Nazirliyi maliyyə ayırmaqdan imtina etməyəcək.
Söhbətləşdi Günel Mövlud