İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif martın 5-də deyib ki, Tehran tezliklə “konstruktiv” hərəkət planı ilə çıxış edəcək.
Bu məlumatı Reuters agentliyi yayıb.
Bundan əvvəl Avropa mənbələri bildirmişdilər ki, Tehran özünün nüvə proqramı ilə bağlı qeyri-rəsmi danışıqlara başlanması istiqamətində pozitiv işarələr verir.
İranın xarici işlər naziri bu barədə özünün Twitter hesabından yazıb:
“İranın xarici işlər naziri və baş nüvə danışıqçısı kimi mən tezliklə və normal diplomatik kanallarla bizim konstruktiv konkret hərəkət planımızı təqdim edəcəyəm”.
Martın 4-də Fransanın və Avropanın diplomatik mənbələri demişdilər ki, İran son günlərdə qeyri-formal danışıqların açılmasına dair ümidverici işarələr edib.
Buna da bax: İran deyir ki, ilk addımı ABŞ atmalıdırAvropa İranı pisləyən qətnamə layihəsini hələlik saxlayıb
Bundan əvvəl Avropa gücləri Tehranı BMT nüvə gözətçisinin iclasında tənqid etmək planından geri çəkilmişdilər.
İran indiyədək 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün ABŞ və dünya gücləri ilə Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlardan imtina edib.
İranın nüvə siyasətini ölkə prezidenti yox, ali rəhbər ayətüllah Əli Xameneyi müəyyən edir.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə ölkəsini birtərəfli qaydada 2015-ci il sazişindən çıxardıqdan sonra Vaşinqton və Tehran arasında qarşıdurma yaranıb.
Bu arada Britaniya, Fransa və Almaniya martın 4-də Beynəlxalq Atom Enerjisi Agentliyinə Tehranı pisləyən qətnamə layihəsini təqdim etməmək qərarına gəliblər.
Onlar bildiriblər ki, böhranın aradan qaldırılması üçün mümküm diplomatik perspektivləri əngəlləmək istəmirlər.