Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:29

«Qarabağ» kinoteatrında «Xalq kral istəmir!»


«Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» təşviqat qrupuna Xalq Cəbhəsi, Demokrat, Vətəndaş və İnkişaf, Liberal, Ümid partiyaları daxildir
«Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» təşviqat qrupuna Xalq Cəbhəsi, Demokrat, Vətəndaş və İnkişaf, Liberal, Ümid partiyaları daxildir
Axşam saat 6 olmağa hələ yarım saat var idi. İnsanlar «Qarabağ» kinoteatrının önündə dörd-dörd, beş-beş yığışırdı. Amma onları buraya gətirən film yox, Qarabağ kinoteatrında «Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» təşviqat qrupunun seçicilərlə görüşürdü. Qapalı görüşdə məqsəd seçicilərlə birgə referenduma «yox» deməkdi.

Kinoteatrın önünə toplaşan insanlarla söhbətdən bəlli oldu ki, bura yığılanların müxalifətə inamı ölməyib:
(Reportajın mətni videodan sonra davam edir)
Qarabağ kinoteatrında "Xalq kral istəmir!"
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00
«Biz müxalifətin çağırışına gəlmişik. Müxalifət var, özü də sağlamdır. Biz mübarizəni axıra kimi aparacağıq. Referenduma isə yox deyirik. Çünki bu Əliyevlər ailəsinə lazımdı, xalqa yox».

Toplaşanların xüsusi həyəcanına həm də o səbəb olmuşdu ki, onlar müxalif liderləri indi bir arada görəcəkdilər. «Respublikaçılar» təşviqat qrupunun lideri İsa Qəmbərin «Qarabağ və Respublika uğrunda hərəkat»ın liderləri Əli Kərimli və Lalə Şövkətlə bir yerdə çıxış edəcəyi gözlənilirdi.

Hədəf Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlu da yarım saat öncədən kinoteatrın önündə dayanıb gələnlərə üzərində M.Ə.Rəsulzadənin şəkli olan vərəqələr paylayırdı. «Müsavat» partiyasının hazırladığı, «Monarxiyaya, Sülalə hakimiyyətinə, Referenduma «yox» de!» şüarı yazılan vərəqələr əldən-ələ gəzdikcə qızğın müzakirələr gedirdi. Vərəqələri paylayan Ağasif Şakiroğlu deyir ki, əhval-ruhiyyə yüksəkdir:

«Xüsusən də gənclərdə. Belə toplantılarda əhali maariflənəcək. Gözlənilən dəyişikliklərin, əslində, avtoritar olduğunu insanlar anlayacaq. Mən belə bilirəm ki, bu referendum mövcud hakimiyyətin ömrünü heç də uzatmayacaq,
əksinə onun iflasını tezləşdirəcək. Şüarımız da plakatlarda gördüyünüz kimi, «Xalq kral istəmir»dir».

Toplantının başlamasına az qalmış «Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı»na daxil olan müxalifət partiyalarının liderləri görünməyə başlayır. Toplantı zalı ağzınacan dolub. Üç sırada düzülmüş oturacaqlar dolduğundan, bir az sonra gələnlər ayaq üstdə qalmalı olublar. Arada dizini qatlayıb yerdə oturanlar da gözə dəyir. Zalda kişilər üstünlük təşkil etsə də, qadınlar heç də onlardan geri qalmır.

Konstitusiyaya təklif edilən 41 düzəlişin mahiyyətindən seçicilərə Əli Kərimli danışdı: «Guya dövrün tələbidir deyib xalqı aldadırlar. Bunun bir mahiyyəti var. İndiki oğruların hakimiyyətinin bir az da uzatmaq və xalqın sərvətini talamaq. Həm də mövcud komanda içində hərc-mərcliyi yox etmək üçün diqqəti iqtisadi böhrandan uzaqlaşdırmaq üçün bu yola əl atırlar».

Əli Kərimli sözündən belə məlum oldu ki, o, referendumda saxta sonuclar ortaya çıxarılacağına şübhə etmir:

«Biz sandıq başına gedəndə qərar verməli olacağıq. Odur ki, referendum dayandırılmalıdır. Bizim beş min məntəqənin hər birində müşahidəçilərimiz olacaq. Saxta nəticələr aşkarlanacaq».

Amma deyəsən, Ağasif Şakiroğlunun dediklərindən fərqli olaraq, görüşə gələn adamların müxalifət liderlərindən alacağı məlumat onlara elə onsuz da bəllidir. Buraya gələnlər arasında bitərəflər gözə dəymir. Əli Kərimlinin boykot çağırışını da auditoriya elə anındaca dəstəklədi.

Demokrat Partiyasından Sərdar Cəlaloğlu bildirdi ki, bu referendum ilk növbədə prezident olmaq istəyən hər bir vətəndaşın hüququnu pozur: «Referenduma çıxarılan təkliflər yerli özünüidarəetməni də xalqın əlindən alır. Biz camaatı bu referenduma getməməyi çağırırıq. Yeganə yol bu cinayətə şərik olmamaqdır».

«Vətəndaş və İnkişaf» partiyasının sədri Əli Əliyev də söz dedi. O da referendumu pisləyərək qeyd etdi ki, hökumətin bu addımı mənəvi, mədəni işğaldır, beyinlərin işğalıdır. Elə bu yerdə referenduma boykot şüarlarının yerini «istefa» şüarları aldı.

«Müsavat» partiyasının başqanı İsa Qəmbər dedi ki, bu referendum xalqı alçaldır, onu beynəlxalq aləmdə başıaşağı edir. İsa Qəmbər bu addımın niyə Rusiya və Ermənistanda atılmadığından danışdı:

«Çünki Koçaryanın xalqı qarşısında məsuliyyəti var, xalqına hörməti var. Eləcə də Putin bu üsulla üçüncü dəfə prezident seçilə bilərdi. Amma o, öz xalqını bu şəkildə biabır etmək istəmədi. Nədir bu acgözlük? Bununla qəbirə nə aparacaqlar?»

Liberalların lideri Lalə Şövkət də digər müxalifətçilər kimi referenduma yox dedi. Lalə Şövkət əlavə etdi ki, Vətənin xəstə olduğu halda yalnız xalq əlbir olub onu sağalda bilər.

Təşviqat qrupunun seçicilərlə ilk qapalı görüşü martın 1-də paytaxtın «Təbriz» kinoteatrında keçirilmişdi.

«Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» təşviqat qrupuna Xalq Cəbhəsi, Demokrat, Vətəndaş və İnkişaf, Liberal, Ümid partiyaları daxildir.

Müsavat Partiyası isə ayrıca «Respublikaçılar» təşviqat qrupu olaraq referendum əleyhinə təbliğat aparır.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Ən önəmli müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir.

Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb. Yeni Azərbaycan Partiyası və onun mövqeyini dəstəkləyən yeddi təşviqat qrupu təklif olunan dəyişikliklərin demokratik və mütərəqqi olduğunu deyir.
XS
SM
MD
LG