Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:36

Azərbaycana hansı ixtisas daha çox lazımdır?


Bir azdan ali məktəb imtahanlarının qayğıları başlanacaq
Bir azdan ali məktəb imtahanlarının qayğıları başlanacaq

Ekspertlər bildirir ki, ali məktəblərə qəbul planı əmək bazarının tələbatına cavab vermir


Bu zəng onları da 11 il bir yerdə oxuduqları doğma məktəbdən, sinif yoldaşlarından, müəllimlərindən ayırdı... Qarşıda həyat imtahanı da var. Amma ondan da qabaq ali məktəb imtahanları. Bir azdan başları son zəng şənliyindən də açılacaq, ali məktəb imtahanları qayğıları başlayacaq.


Şagirdlərlə təxminən eyni vaxtda tətilə çıxan parlamentdə də mayın 30-da elə onlardan danışıblar. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib ki, aydınlaşdırmaq lazımdır ölkəyə hansı ixtisaslar daha çox lazımdır və ya indiki ixtisasların hamısına ehtiyac varmı?


Ekspertlər də hesab edirlər ki, əmək bazarının tələbini bilməyib mütəxəssis hazırlayanda bu bazarda gərginlik yaranır. Ehtiyac olan sahəyə kadr tapılmır, əvəzində hazır kadrlar bekar qalırlar, bu da işsizliyin bir formasını-struktur işsizliyini əmələ gətirir. Azərbaycanda isə əmək bazarını nə hökumət, nə də qeyri-hökumət təşkilatları öyrənmirlər.


ABŞ-ın Vaşinqton Universitetində bir müddət iqtisadiyyatı tədris etmiş Vüqar Bayramov deyir ki, Qərb ölkələrində və Amerikada qəbul planı bazara uyğun hər il dəyişir. Ali məktəblərin reytinqi onların məzunlarının nə qədərinin iş tapması müəyyənləşdirir. Ona görə də universitetlər məhz əmək bazarını yaxından öyrənirlər. « Universitetlərdə xüsusi şöbələr var ki, onlar məzunlarla işləyirlər, onlar bazarla əlaqə saxlayırlar. İndi qiymətli kağızlar bazarı inkişaf etməkdədir, əvvəllər heç bu ixtisasa o qədər də tələb yox idi. Amma qəbul planında bu tələbatı qarşılamaq üçün dəyişiklik yoxdur».


Azərbaycanda həm özəl, həm də dövlət ali məktəbləri üçün qəbul planını ali məktəblərin təklifləri əsasında Təhsil Nazirliyi hazırlayır.


Ölkədə ilk özəl ali məktəbin –«Xəzər Universiteti»nin rektoru Hamlet İsaxanlı deyir ki, onlar da əmək bazarının monitorinqinə ehtiyac hiss edirlər, çünki iqtisadi inkişaf sürətlə gedir, bazarın tələbini dəqiq müəyyənləşdirmək çətindir. Amma bir şərtlə ki, monitorinq peşəkarcasına hazırlansın və universitet ona arxayın ola bilsin. Hamlet İsaxanlı qəbul planının hökumət tərəfindən hazırlanmasının da əleyhinədir. Deyir ki, ölkədəki xarici neft şirkətləri sifariş verirlər ki, bir neçə ildən sonra onlara hansısa sahə üzrə mütəxəssis lazım olacaq, bu kadrları hazırlayın. Amma Təhsil Nazirliyi çox vaxt universitetlə razılaşmır və buna imkan vermir. «Biz hökumətə müraciət edirik ki, bizə yer ayırın, neft şirkəti bizdən kadr istəyir. Təklif veririk ki, 50 yer ayırın, deyirlər ki, sizə 20-i bəsdir. Kefləri necə istəyir, elə də eləyirlər. Dünyanın heç yerində belə bir şey yoxdur ki, özəl məktəbin qəbul planını dövlət təsdiqləsin. Belə məhdudiyyət bizim universitetin inkişafına ziyandır».


Təhsil nazirliyində isə deyirlər ki, onlar bu il ali məktəblərə qəbul planını regionların inkişafı ilə bağlı dövlət proqramına uyğun hazırlayıblar. Köklü olmasa da, hər il qəbul planına dəyişiklik edirlər. Nazirliyin şöbə müdiri İlham Mustafayevin sözlərinə görə, bu il qəbul ötən ilə nisbətən 1000 nəfərə qədər azaldılıb. Bu da əsasən, özəl ali məktəblərin hüquq və tibb ixtisaslarına qəbul dayandırıldığı üçün belə olub. Hökumət özəl ali məktəblərin hüquq və tibb fakültələrinə tələbə qəbulunu ona görə dayandırıb ki, bu universitetlərdə tədris üçün şərait yoxdur. Yəni bu dəfə də dəyişiklik əmək bazarına uyğun azaldılmayıb. İlham Mustafayev deyir ki, Təhsil Nazirliyi də bir neçə dəfə hökumətə müraciət eləyib ki, ixtisasları kor-koranə yox, tələbata uyğun qruplaşdırmaq üçün onlara əmək bazarındakı vəziyyət haqqında məlumat versinlər.


XS
SM
MD
LG