Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:54

Ekspertlər Hacı Məmmədovun məhkəməsindən sürpriz gözləmir


MTN «Qara kəmər»i bağladı. İndi növbə məhkəmənindir…
MTN «Qara kəmər»i bağladı. İndi növbə məhkəmənindir…

Hüquqşünas Əyyub Kərimov: «Əgər Zakir Qaralov və Ramil Usubovun istintaqa maneçilikləri olubsa, bu, məhkəmə prosesində də davam edə bilər»


Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı Hacı Məmmədovun işi ilə bağlı keçiriləcək məhkəmədə sürprizin baş verəcəyi o qədər də gözlənilmir. Hələ istintaqın ilk aylarında cəmiyyətdə belə bir fikir var idi ki, çoxlu sayda ağır qətllər törədən və insan oğurluqları ilə məşğul olan bir dəstənin himayə olunmadan uzun müddət ifşa olunmaması mümkün deyildi. Ekspertlər belə qənaətdə idi ki, istintaqın ədalətli və hərtərəfli aparılması üçün həbslərin dairəsi Daxili İşlər Nazirliyində Baş Cinayət Axtarış İdarəsinin rəisi işləmiş polis generalı Zakir Nəsirov və həmin idarənin əməliyyat müvəkkili Hacı Məmmədovla qapanmamalıdır. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevin də mətbuata verdiyi müsahibələrində Zakir Nəsirov və Hacı Məmmədovu baş verənlərdə icraçı kimi təqdim etməsi həmin fikirlərin bir qədər də güclənməsinə xidmət edirdi. Ancaq istintaq başa çatandan sonra məlum olur ki, bu işdə adıçəkilən şəxslərdən ən yüksək vəzifəlisi elə Zakir Nəsirovdur.


«Femida - 007» qəzetinin redaktoru Əyyub Kərimov iddia edir ki, Daxili İşlər Nazirliyində ağır qətl və insan oğurluğu ilə məşğul olan bir dəstənin varlığından hələ bir neçə il əvvəl bütün güc strukturları rəhbərlərinin xəbəri olub. Hətta «Femida - 007» qəzetində bununla bağlı Baş prokuror Zakir Qaralovun imzası ilə Daxili İşlər Naziri Ramil Usubova ünvanlanan məktub da dərc edilib. 2002-ci ilin fevral ayına – yəni, Hacı Məmmədovun həbsindən düz 3 il əvvələ təsadüf edən həmin məktubun dərc olunduğu qəzetin istintaqa təqdim edildiyini deyən redaktorun sözlərinə görə, əgər bununla bağlı güc nazirləri arasında bütün yazışmalar təsdiqini taparsa, onda, onlardan heç biri yaxasını kənara çəkə bilməz: «İndi istintaq başa çatıb, məhkəmə olmalıdır. Təsəvvür edin ki, həmin dəstədən xəbərdar olan və həmin dəstənin zərərsizləşdirilməsi üçün ciddi bir tədbir görməyən Zakir Qaralovun işçisi dövlət ittihamını əsaslandırmalıdır. Halbuki, sivil ölkələrdə belə bir vəziyyətdə işə müstəqil prokurorlar çıxardı. Əgər Zakir Qaralov və Ramil Usbovun istintaqa maneçilikləri olubsa, bu, məhkəmə prosesində də davam edə bilər».


Əyyub Kərimova görə, müdafiə tərəfi də passiv mövqeyi ilə seçilir. Redaktorun fikirlərinə görə, halbuki, onlar müdafiə məqsədilə bir sıra çox ciddi iddialarla çıxış edə bilərlər. Əyyub Kərimov güman edir ki, bu, tərəflər arasında hansısa gizli razılaşmadan irəli gələ bilər. Onun sözlərinə görə, əgər tərəflər yenə daha çox susmağa üstünlük verəcəklərsə, onda məhkəmədə sürpriz baş verməyəcək.


Ancaq Zakir Nəsirovun vəkili Adil İsmayılov məhkəmədə bir sıra vəsatətlə çıxış etmək niyyətindədir. İstintaqın birtərəfli aparıldığını deyən vəkilin sözlərinə görə, üstəlik Zakir Nəsirov da əsassız yerə həbs edilib: «Zakir Nəsirova qarşı ittihamın kökündə yalnız Hacı Məmmədovun ifadələri durur. Bu ifadələr də ziddiyyətlidir».


Baş verənlərlə bağlı Daxili İşlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralov da dəfələrlə münasibətlərini bildiriblər. Ramil Usubov vaxtı ilə onun rəhbərlik etdiyi nazirlikdə çalışan Hacı Məmmədov və onun dəstə üzvlərinin əməllərindən xəcalət çəkdiyini deyib. Baş prokuror Zakir Qaralov isə bir sıra ağır qətl və insan oğurluğunda adı çəkilən dəstənin ifşa olunmasında həmişə maraqlı olduqlarını bildirib.


Əyyub Kərimov belə qənaətdədir ki, məhkəmədən sonra dövlət başçısı Hacı Məmmədovu himayə etməkdə adı hallanan güc strukturlarında çalışan bir sıra yüksək çinli məmuru tutduqları vəzifədən uzaqlaşdırmalı olacaq.


Hacı Məmmədovun işi məhkəməyə göndərilsə də, bu məsələ ilə bağlı bir sıra epizodlar üzrə araşdırma davam edir. Elmi-Praktik Hüquq Mərkəzinin əməkdaşı Mahmud Hacıyev hesab edir ki, hakimiyyət yarımçıq araşdırılmış epizodlardan gələcəkdə yararlanmaq imkanlarını özündə saxlayır.


Rəylərini bildirən əksər ekspertlərə görə, Hacı Məmmədovun işi hələ çox su aparacaq.




XS
SM
MD
LG