Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:37

Münasibətlərin normallaşması başqa bahara qaldı


«Ərdoğan diplomatiya ilə populizmi bir-birinə qarışdırmağın nə qədər riskli bir iş olduğunu anlayacaqdır»
«Ərdoğan diplomatiya ilə populizmi bir-birinə qarışdırmağın nə qədər riskli bir iş olduğunu anlayacaqdır»
Təcrübəli diplomatiya şərhçisinə görə, Azərbaycanın təzyiqləri nəticəsində Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesindən geri addım atması baş nazir Ərdoğanın başının ağrımasına səbəb olacaq.

Azərbaycandan göstərilən reaksiyalardan sonra baş nazir Ərdoğanın Ermənistan ilə aparılan danışıqları Qarabağ şərtinə bağlaması AKP iqtidarını diplomatiya sahəsində yenə çətin variantlarla üz-üzə qoyub. Buna görə, Ərdoğan diplomatiya ilə populizmi bir-birinə qarışdırmağın nə qədər riskli bir iş olduğunu anlayacaqdır.

Türkiyə ilə Ermənistan arasında çox ciddi problemlər var

Ancaq diplomatlar uzun müddətdən bəri səssizcə müzakirələr apararaq, bu problemlərin həlli yolları üzərində çalışırdılar. Bu müzakirələr «qarşılıqlı fayda» prinsipi ilə aparılırdı. Hökumətin bu siyasəti bir çox predmetiv səbəbdən doğrudur. «Münasibətlərin normallaşması» demək-iki ölkə arasındakı sərhədləri açmaq və diplomatik münasibət yaratmaq deməkdir. Bunlardan biri olmadan-o birinin mənası yoxdur. Bunun çətin bir proses olacağı məlum idi. Çünki hər iki tərəfdəki radikal milliyyətçi ünsürlərlə özünü Türkiyəyə pislik etməyə həsr etmiş erməni diasporasının hər mərhələdə problem yaradacağı bəlli idi.

Əliyev oyunu pozdu

Azərbaycan dövlət başçısı İlham Əliyev bu həssas atmosferdən faydalanaraq Ankara ilə Yerevan arasındakı konsensus axtarışlarında oyunu strateji bir mərhələdə pozdu. Qafqazda cərəyan edən proseslər nəzərə alınanda bunun Azərbaycana faydasının nə olacağını, əlbəttə ki, zaman göstərəcəkdir.

Əliyevin İstanbuldakı Mədəniyyətlər Forumunu boykot etməsinə olan əsəbini hələlik gizli saxlayan Ərdoğan da, partiyasının siyasi gələcəyi hesabına Ermənistan ilə aparılan müzakirələrdə plankanı yüksəltmək məcburiyyətində qaldı. Ankara ilə Yerevan arasındakı müzakirələrdən Əliyevin şəxsən xəbərdar edildiyini bilirik. Prezident Gül ilə xarici işlər naziri Babacanın bu məqsədlə getdikləri Bakı səfərində biz də iştirak etmişdik. Buna baxmayaraq Azərbaycan rəhbərliyinin Ankaraya güvənməyib Qərb qəzetlərində çıxan xəbərlər üzərindən siyasət aparması diqqəti cəlb edir.

Əliyevin atdığı bu gözlənilməz addımın Ərdoğanın komandası tərəfindən asanlıqla unudulacağına inanmırıq. Səbəbi isə məlumdur. Ermənistan ilə münasibətlərdəki normallaşmanı məcburi şəkildə Qarabağ probleminə bağlamaq-bu işi başqa bahara həvalə etmək mənasını daşıyır. Çünki təqdim edilən pozitiv atmosferə baxmayaraq müşahidəçilər Qarabağ probleminin qısa müddətdə həllini gözləmirlər.

Yerevan tormozu baş ağrıdacaq

Ancaq Ermənistan ilə münasibətlərin normallaşması istiqamətindəki axtarışların hələlik tormozlanması baş nazir Ərdoğanın və Türkiyənin başını ABŞ və Avropa ilə münasibətlərdə ağrıdacaqdır. Bunun təsirlərini hiss etmək də çox vaxt almayacaqdır.

Bu arada, Ankara ilə Yerevan arasındakı müsbət proseslərdən məmnun olmayan diaspora erməniləri də Ankaraya qarşı yenidən hərəkət sahəsi qazanmış olacaqlar. Ankara ilə Yerevan arasındakı bu prosesin diasporanın apardığı beynəlxalq miqyaslı kampaniyanı əngəlləyən başlıca faktor olduğu da unudulmamalıdır.

Bu səbəblərdən Ərdoğan və komandasının Əliyevin müdaxiləsindən məmnun olmaları mümkün deyil. Bu qarışıq durumdan çıxmaq isə hökumətin diplomatik məharətinə bağlı olacaq. Son vaxtlar yaşananlar bu məsələdə optimist olmağımızı çətinləşdirir. Türkiyənin Azərbaycan üçün nümayiş etdirdiyi bu «fədakarlıqdan» sonra Bakıdan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) üçün bəzi fədakarlıqlar istəyib-istəməyəcəyini isə görəcəyik.

Türkiyənin "Milliyet" qəzetində dərc olunan bu yazını Mais Əlizadə tərcümə edib
XS
SM
MD
LG