Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:54

Süleyman Dəmirəl BTC-ni "əsrin layihəsi" adlandırır


Süleyman Dəmirəl, 22 dekabr 2003
Süleyman Dəmirəl, 22 dekabr 2003

Türkiyə Cümhuriyyətinin doqquzuncu prezidenti Süleyman Dəmirəl Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin rəsmi açılış mərasimi ərəfəsində «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. BTC-ni əsrin layihəsi adlandıran Süleyman Dəmirəl onun olduqca böyük iqtisadi mənfəət verəcəyini deyib: «BTC İpək Yolunun qapısıdır, dünyaya açılan yeni pəncərədir. Böyük Türk Dünyası ilə Qərbi bağlayan kəmərdir. Belə bir layihənin reallaşması mühüm uğurdur».


Cənab Dəmirəl Xəzər neftinin Türkiyə ərazisindən keçməklə dünya bazarına nəqli layihəsinin həyata vəsiqə almasında bir sıra şəxslərin mühüm rolu olduğunu vurğulayıb: «Burada dəyərli dostum, böyük dövlət adamı, mərhum prezident Heydər Əliyevi yad edirəm. Layihə üzərində yerləşən bir dövlətin başçısı kimi onun bu işin həyata keçməsində əvəzsiz rolu olmuşdu. Heydər Əliyev olmasaydı bu layihədə olmayacaqdı.


Boru xəttinin keçdiyi ölkə olan Gürcüstanın, qarşılaşdığı problemlərə müqavimət göstərib, bu maneələri aradan qaldırmaqda dünya şöhrətli siyasi xadim Eduard Şevardnadzenin də mühüm rolunu qeyd etmək lazımdır. Belə bir siyasətçinin zamanında fəaliyyət göstərməsi çox böyük önəm daşıyırdı.


Qazaxıstan prezidenti Nursultan Nazarbayevi də xatırlatmaq istəyirəm. Qazaxıstan neftinin kəmərə qoşulması onun perspektivlərini daha da artırmış oldu.


Eyni zamanda layihənin gündəmə gəldiyi dövrlərdə Türkiyədə hakimiyyətdə olan şəxslərin də xidmətləri olub. Mən 1990-cı illərdə əvvəlcə baş nazir, daha sonra prezident olaraq BTC-nin reallaşmasını daim dəstəkləmişəm.


Amerika hökuməti sabiq prezidentlər ata Corc Buş, sonra Bill Klinton və hazırkı dövlət başçısı layihənin reallaşmasına yardımçı olublar».


Cənab Dəmirəl əmindir ki, layihə Xəzər hövzəsində yaşayan xalqlara rifah payı verəcək, regionda sabitliyi möhkəmləndirəcək. «Bu layihə beynəlxalq iqtisadi əməkdaşlığın çox gözəl bir nümunəsidir. Kəmərin işə düşməsi inkişafa gətirib çıxaracaq. Xeyirli olsun».
XS
SM
MD
LG