Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:20

BTC Azərbaycanı Şərqlə Qərbin inteqrasiyasında körpüyə çevirəcək


BTC-nin xəritəsi
BTC-nin xəritəsi

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev onun bölgəyə gətirə biləcəyi iqtisadi-siyasi üstünlüklər sırasında regiondakı digər iri iqtisadi layihələrə də təkan verəcəyini söylədi. Ekspertlərə görə də BTC-nin ayağı düşərli olub. Onun reallaşması başqa iri layihələrə yol açıb.


Milli Məclisin iqtisadi siyasət komissiyasının sədr müavini Əli Məsimli hesab edir ki, BTC irili-xırdalı layihələrin reallaşmasında katalizator rolunu oynayıb və oynamaqda davam edəcək. Kəmər birinci katalizator rolunu Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişində oynayıb. İqtisadçı deyir ki, əslində 1992-ci ildə BTC ideyası meydana çıxanda buna heç kim inanmırdı. Amma bölgə rəsmiləri siyasi iradə nümayiş etdirəndən sonra maneələr aradan qalxmağa başladı.


«Beynəlxalq güclər gördülər ki, fantastik görünən layihələri də reallaşdırmaq olar. Bununla da Bakı-Tbilisi-Ərzurum layihəsi ilə bağlı psixoloji baryer aradan qalxdı».


Dövlət başçısı İlham Əliyev isə əsas ixrac neft kəmərinin yaşıl işıq yandırdığı yeni layihələri bu cür sadlayır: «Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismarına çox yaxınıq. Bu layihə BTC-nin kölgəsindəydi. İndi hamı onun strateji əhəmiyyətini başa düşür. Xüsusilə indi dünyada və Avropada enerji təhlükəsizliyi böyük əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycan qazının Türkiyəyə və Gürcüstana gətirilməsi əhəmiyyətini artırır». Ekspertlərə görə, 2006-cı ilin qışında Rusiya ilə Gürcüstan arasında elektrik enerjisinə görə yaşanan gərginlik BTC-nin əhəmiyyətini bir qədər də artırdı. Qafqazın iki ölkəsinin Rusiyadan gələcəkdə enerji baxımından asılı vəziyyətə düşməməsinə imkan yaratdı. Ona görə Bakı-Tbilsi-Ərzurum qaz kəmərinin iqtisadi və siyasi önəmi də artdı və BTC-dən heç də az önəm daşımadığı məlum oldu.


«Turan» enerji məcmuəsinin direktoru İlham Şaban isə hesab edir ki, BTC-nin ardınca uzun müddətli layihələrin reallaşması üçün hakimiyyət çevik siyasət yürütməlidir. Cənab Şabanın fikrincə, qonşu dövlətlər Rusiya və İran bu layihələrin baş tutmamasında maraqlıdır. Bu layihələrdən biri də Qars-Axalkalaki-Bakı dəmiryolu xəttidir. Ekspertə görə, bu haqda on ildir söhbət getsə də, ortada konkret bir iş yoxdur. Bu dəmiryolu xəttinin çəkilməsi üçün Azərbaycan bir neçə şərtləri yerinə yetirməlidir. Əvvəla, Azərbaycanla Gürcüstan öz dəmiryolu xətlərini Türkiyə dəmiryolu xəttinə uzlaşdırmalıdır. Bu olmasa sürətli nəqliyyat dəhlizi yaratmaq mümkün olmayacaq. «Bu gün qatar Azərbaycandan Gürcüstana gedəndə saat yarım Azərbaycan ərazisində, beş saat da Gürcüstanda dayanır. Bu da altı saat yarım edir. Qars-Axalkalaki-Bakı dəmiryolu xətti açılanda isə qatarlar Gürcüstanın Qərb bölgəsindəki sərhəddə altı saat dayanmalı olacaq. Bu da 12 saat edir». İlham Şabana görə, bu vaxt itkisi də layihənin əhəmiyyətini azaldır.


«Qazaxıstan və Çinin də bura qoşulması ilə yüksək sürətli bir nəqliyyat dəhlizi yaradılsa bu BTC səviyyəsində layihə sayıla bilər».


Millət vəkili Əli Məsimli isə güman edir ki, BTC-nin işə düşməsi Qars-Axalkalaki-Bakı dəmiryolu xəttinin də reallaşmasına təkan verəcək. Beləliklə də, Azərbaycan Şərqlə Qərbin inteqrasiyasında körpüyə çevriləcək.


Amma bu son olmayacaq. Əli Məsimli düşünür ki, BTC bölgədə sabitliyə təminat verəcək, risk dərəcəsi aşağı düşdükcə regionun cəlbediciliyi artacaq. Bu da yeni layihələrə yol açacaq. Üstəlik Azərbaycanda bunun üçün yetərincə potensial da var.


İlham Şaban isə hesab edir ki, potensialla yanaşı hökumətin istəyi də olmalıdır. O bölgəyə sərmayələrin qoyulmasına təminat verməli, korrupsiyaya qarşı sərt mübarizəyə başlamalıdır.


XS
SM
MD
LG