Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:31

Prezidentə kim qəsd edib?


Yunusbek Yevkurov
Yunusbek Yevkurov
İyunun 22-də səhər saatlarında İnquşetiyanın prezidenti Yunusbek Yevkurovun maşın karvanına dəyən başqa bir maşının partlaması ilə dövlət başçısı ağır yaralanıb. Onun kiçik qardaşı və cangüdənlərindən üçü həlak olub, beşi isə yaralanıb.

«MÜXTƏLİF QRUPLARIN ADLARI HALLANDIRILIR»

Hələlik bu hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib. Amma məlumatlar var ki, bu ilin aprelində özünü İçkeriya Respublikasının prezidenti adlandıran Doku Umarovun videomüraciəti yayılmışdı. Müraciətində o deyirdi ki, bu respublikanın Daxili İşlər Nazirliyinə beş il əvvəl baş verən hücumun ildönümü yaxınlaşır. Həmin hadisə təkrarlana bilər. O zaman nazirliyə hücumda 80 adam həlak olmuşdu.

İndi təhlilçilər prezidentin maşınının partlamasını məhz Daxili İşlər Nazirliyinə hücumun ildönümü günü olmasına diqqət çəkirlər.

Bir qədər əvvəl Rusiya hərbi qüvvələrinin Doku Umarovu öldürməsi haqqında məlumatlar səslənsə də, sonradan onun yalnız cangüdəninin öldürüldüyü məlum oldu.

«Azadlıq» radiosunun Şimali Qafqaz xidmətinin Çeçen redaksiyasından Lema Çabayev bildirir ki, indi İnquşetiyada prezidenti öldürmək cəhdində müxtəlif qrupların adları hallandırılır. Doku Umarovun birbaşa olmasa da, dolayı yolla bu hadisədə əli ola biləcəyi haqqında fikirlər səslənir.

Prezidentə keçmiş korrupsioner məmurlardan da xətər toxuna biləcəyi haqqında söhbətlər var. Məlumatlara görə, Yevkurov əvvəlki prezident Murat Ziazikovun hakimiyyəti zamanı korrupsiyaya bulaşmış məmurlarla kəskin mübarizə aparırmış. O, hətta ötən həftə özünün mobil telefonunun nömrəsini xalqa elan edibmiş ki, kimin maaşı gecikdirilsə, yaxud başqa şikayəti olsa, prezidentin özünə zəng eləsin.

«DEYƏ BİLMƏRƏM Kİ, PREZİDENTDƏ DEMOKRATİYA, YAXUD BU KİMİ ŞEYLƏRƏ YANĞI VAR İDİ»


Amma Lema Çabayev prezidentin deyilən qədər də olmadığını bildirir. Onun dediyinə görə, demokratiya sarıdan Yevkurovun Ziazikovdan elə də ciddi fərqi yoxdur:

- Bu yarım ildə onun hərəkətləri əsasında deyə bilmərəm ki, prezidentdə demokratiya, yaxud bu kimi şeylərə yanğı var idi.

Orduda kəşfiyyatçı zabit olmuş 48 yaşlı Yunusbek Yevkurovu Rusiya prezidenti Dmitri Medvedev səkkiz ay əvvəl İnquşetiyaya prezident təyin edib.

Medvedev bir neçə dəfə çıxışlarında Yevkurova dəstəyini nümayiş etdirib. Bu ilin yanvarında Rusiya lideri ölkənin ən qeyri-sabit regionlarından olan İnquşetiyaya səfərində iqtisadiyyata 900 milyon dollara yaxın yardım vəd etmişdi. İyunun 22-də baş verən partlayışdan sonra Medvedev yenə də Yevkurovu tərifləyib:

- Əlbəttə, son vaxtlar İnquşetiya prezidenti özü şəxsən qayda-qanun yaradılması üçün çox iş görüb. Bu fəallıq banditlərin xoşuna gəlmir. İndi baş verənlər də hakimiyyətin mövqeyinə və bütün istiqamətlərdə işini gücləndirməsinə görədir.

Medvedev bildirib ki, özünün xüsusi nümayəndəsini İnquşetiyaya göndərib hadisənin daha dərindən araşdırılmasına çalışacaq.

Prezidentə hücum İnquşetiyada son vaxtlar baş verən qətllər və partlayışlar seriyasından növbəti hadisədir. Son dörd ayda bu respublikada 59 adam öldürülüb. Onlardan 18 nəfəri polis və ya hərbi qulluqçu olub.
XS
SM
MD
LG