Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:18

«Neft Şirkətinin özəlləşdiriləcəyini Əliyevlər vəd edib»


«ABŞ-Kojeniyə qarşı» məhkəmə işi
«ABŞ-Kojeniyə qarşı» məhkəmə işi
Keçmiş senator Corc Mitçel məhkəmə qarşısında ifadə verir. O, Azərbaycanda rüşvət qalmaqalına görə məhkəməyə qədər gedib çıxan biznesə pul yatırıbmış. Məhkəmədə o da məlum olub ki, senator istintaqın diqqət mərkəzində olan biznesi o vaxtkı prezident Heydər Əliyev və onun oğlu ARDNŞ-in vitse-prezidenti İlham Əliyevlə müzakirə edib.

Söhbət Viktor Kojeni və Frederik Burkun daxil olduğu şirkətin Azərbaycanda ARDNŞ-in özəlləşdirilməsi məqsədi ilə Amerika investorlarından pul toplaması və sonra o puldan Azərbaycan hakimiyyətində ən yuxarı vəzifəli şəxslərə rüşvət verməsi ilə bağlı məhkəmə prosesindən gedir.

RÜŞVƏT VERMƏK YASAQDIR – XARİCDƏ DƏ...

Kojeni və Burkun daxil olduğu «Blu Voter İnvestment» ofşor şirkəti ABŞ vətəndaşlarının sərmayələrini Azərbaycanda neft biznesinə yatırmaq vədi ilə toplayıb. Belə sərmayədarlardan biri də o zamankı senator Mitçel olub. Senator Mitçel Klinton administrasiyası dövründə Şimali İrlandiya və İngiltərə arasında sülh danışıqlarında vasitəçiliyi, eləcə də amerikalılara hətta öz ölkələrindən kənarda belə rüşvət verməyi qadağan edən qanun layihəsinin təşəbbüskarlarından olması ilə məşhurdur. Keçmiş senatorun məhz həmin qanunun pozulması ilə bağlı məhkəmə prosesində dindirilməsi də yəqin taleyin oyunudur.

ƏLİYEVLƏRİN VƏDİ

Amerika mətbuatı yazır ki, senator Mitçel həmin şirkətə dostu Frederik Burkun sözü ilə 200 min dollar pul yatırıb. Amma senatorun iştirakı bununla bitməyib. O, həmçinin Mərkəzi Asiyada investisiyalarla bağlı olan bir neçə şirkətin idarə heyəti üzvlüyünə və payçılığına razılıq verib.
O, 1998-ci ildə Bakıya səfər edib, burada Dövlət Əmlak Komitəsinin o vaxtkı sədri Nadir Nəsibovla, prezident Heydər Əliyev və ARDNŞ vitse-prezidenti İlham Əliyevlə görüşüb. Keçmiş senatorun ifadəsinə görə, ata Əliyev də, oğlu da ona Neft Şirkətinin özəlləşdiriləcəyini vəd ediblər. Senator Əliyevlərin bu vədi nəyin qarşılığında verdiyinə dair bir söz deməyib.

İttiham tərəfi iddia edir ki, Azərbaycan rəhbərliyinə 350 milyon dollar rüşvət verilib.

SENATOR «KRIŞA» ROLUNDA

Hər halda Neft Şirkətinin özəlləşdiriləcəyi ilə bağlı vədlər yalan çıxdı və çexiyalı investor Viktor Kojeni əlindəki özəlləşdirmə çeklərini dəyər-dəyməzə satıb aradan çıxdı.

Senator iddia edir ki, müttəhimlərə rüşvət vermə cinayəti qarşılığında heç bir müdafiə vəd etməyib. Halbuki, məhkəmədə təqdim olunan stenoqramlara görə, Burk rüşvət verməyin cinayət olduğu barədə onu xəbərdar edən tərəfdaşlarıyla söhbətdə öyünürmüş ki, dostu senator Mitçel «mən nə istərsəm, onu da edəcək».

Kojeni senatorla bərabər yüzlərlə amerikalını aldadıb. Amma senatora Kojeninin o qədər də təmiz reputasiyaya malik olmadığı barədə xəbərdarlıq edilibmiş. 1998-ci ildə Mitçel Bakıya gələn kimi səfir Stenli Eskudero ona «Fortune» jurnalını göstərib. Orada Kojeni barədə «Praqa piratı» adlı məqalə dərc olunmuşdu. Amma nə onda, nə də fırıldaqların üstü açılandan sonra «Praqa piratı» ilə rabitəni kəsməyən senator Mitçel isə deyir ki, bundan sonrakı yatırımlarında daha ehtiyatlı olacaq.
XS
SM
MD
LG