Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:57

35 min iş yerinin izi ilə...


Nazirlər Kabinetinin ilin ilk 6 ayının sosial-iqtisadi yekunları ilə bağlı toplantısı
Nazirlər Kabinetinin ilin ilk 6 ayının sosial-iqtisadi yekunları ilə bağlı toplantısı
Azərbaycanda ilin ilk 6 ayında inflyasiya 3,7 faiz olub. Bu dövrdə əhalinin pul gəlirləri 19 faiz, orta aylıq əməkhaqqı 15 faiz artıb. Azərbaycan prezidenti İlham Əliyev iyulun 22-də deyib.

Prezident onu da deyib ki, ilin birinci yarısında ümumi daxili məhsul artımı 3,6 faiz olub. Qeyri-neft sektorunda artım isə 4,1 faiz olub.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda ilin ilk ayında 35 min iş yeri yaradılıb. Onlardan 25 mini daimidir.

ARTIM VAR, BƏS GƏLİR HANI?

Prezident bildirib ki, görülən tədbirlər nəticəsində qlobal iqtisadi böhranın Azərbaycana təsiri minimuma endirilib.

Qlobal iqtisadi böhran həm də ölkənin nəyə qadir olduğunu göstərib:

«Böhran onu göstərdi ki, Azərbaycan dövləti istənilən iqtisadi sınaqlardan şərəflə çıxa bilər. İqtisadi sınaqlar Azərbaycan əhalisinə heç bir təsir göstərməyib».

Rövşən Ağayev
İqtisadçı Rövşən Ağayev isə deyilənlərin əksini düşünür. Onun fikrincə, Azərbaycan iqtisadiyyatı başdan-başa problemlidir. Bank, tikinti, aqrar sektor, kimya sənayesi ciddi böhran içərisindədir. Rəsmi rəqəmlərə görə, ilin ilk 5 ayında təkcə metallurgiya sənayesində təxminən 60 faiz itki var.

İqtisadçı deyir ki, prezidentin səsləndirdiyi rəqəmlər iqtisadiyyatın güzgüsü olan büdcədə özünü göstərmir:

«Ötən il fiziki şəxslərin gəlir vergisinin proqnozu 22 faiz kəsirlə icra olunub. Əgər yeni iş yerləri açılırsa, hökumətin dediyi kimi əhalinin gəlirləri 25 faiz artıbsa, ola bilməz ki, fiziki şəxslərin gəlir vergisi kəsirlə icra olunsun. Azərbaycanda ümumdaxili məhsul necə artıb ki, ilin ilk 5 ayının nəticələrinə görə, büdcənin vergi gəlirləri hissəsi 2 dəfə az icra olunub? İstehsal artırsa, niyə bu özünü büdcədə, vergi ödənişlərində göstərmir?»

İŞ YERLƏRİNİN YERİNİ KİM BİLİR?

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin başçısı Mirvari Qəhrəmanlı isə 35 min iş yerinin açılmasına şübhə edir. Qəhrəmanlının sözlərinə görə, ölkədə nəinki iş yerləri açılır, əksinə kütləvi işsizlik hökm sürür. Onun proqnozlarına görə, 2009-cu ilin sonuna qədər təkcə Bakıda 100 min nəfər iş yerini itirəcək:

«2008-ci ilin yanvarına Azərbaycan Dövlət Neft Şirkətində 65 min işçi vardı. Təqaüd yaşında olan 20 min neftçi ilin ilk 4 ayında işdən çıxarılıb. O, 35 min iş yerinin harda açıldığını bilmirəm.
Mirvari Qəhrəmanlı
Hamıya bəllidir ki, restoranlarda, ticarət müəssisələrində işçilərin əmək müqaviləsi yoxdur. Kvartalda statistika idarəsi Əmək Müfəttişliyi ilə anlaşır ki, hər ayda irəliləyiş haqda sənədlər düzəltməlidirlər. Buna görə də kimisə məcbur edirlər öz işçiləri ilə əmək müqaviləsi bağlasın. Bu da olur sizə yeni iş yeri».

Mirvari Qəhrəmanlıya görə, «Azəriqaz»ın ARDNŞ-ın tabeliyinə verilməsindən sonra qurumun bütün üzvləri vəzifəsindən azad edilib. Ehtimal olunur ki, onların yalnız 50 faizdən bir qədər çoxu yenidən işə götürüləcək.

NEFT BÖHRANI

Milli Məclisin İqtisadi Siyasət Daimi Komitəsinin üzvü Vahid Əhmədov da düşünür ki, iqtisadi böhranın Azərbaycana təsirsiz ötüşdüyünü demək yersizdir. Misal olaraq Əhmədov ölkənin bank-kredit sektorundakı problemləri göstərir. Bununla belə, deputat hesab edir ki, MDB dövlətləri ilə müqayisədə Azərbaycan böhrana az itki verib:

Vahid Əhmədov
«Problemlər var. Bu problemləri zamanında çözmək gərəkdir. Hökumət qeyri-neft sektorunu inkişaf etdirməliydi. Azərbaycanın yeganə çıxış yolu budur. Nə qədər ki, ixracın 96-97 faizi neft məhsullarıdır, indi də buna bir də qaz əlavə olunur, Azərbaycan bütün gücünü qeyri-neft sektorunun inkişafına yönəltməlidir».

Vahid Əhmədovun sözlərinə görə, iqtisadiyyatın durumunu ən çox pisləşdirən büdcənin bütünlüklə neftdən asılı olmasıdır.

Beynəlxalq ekspertlər payızda neftin dünya bazarındakı qiymətinin yenidən azalacağını proqnozlaşdırır.

Vahid Əhmədov bildirir ki, bu, Azərbaycan iqtisadiyyatının bir neçə sahəsində aşkar görünəcək.
XS
SM
MD
LG