Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:53

Türkmənistan yenə «neft yatağı mənimdir» deyir


Qurbanqulu Berdıməhəmmədov Bakıda, 19 may 2008
Qurbanqulu Berdıməhəmmədov Bakıda, 19 may 2008
Türkmənistan Xəzərdəki mübahisəli yataqlarla bağlı Azərbaycanı Beynəlxalq Arbitraj Məhkəməsinə verməyə hazırlaşır. İyulun 23-də Türkmənistan prezidenti keçirdiyi müşavirədə bu məsələnin araşdırlmasıyla bağlı baş nazirin müavininə tapşırıq verib. Deyib beynəlxalq ekspertlərlə məsləhətləşmələr aparıb sonra Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət eləsin.

TÜRKMƏNİSTAN MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏ BİLƏRMİ?

«Xəzər - Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı» İctimai Birliyinin prezidenti Rüstəm Məmmədov hesab edir ki, Azərbaycanın «Kəpəz», Türkmənistanınsa «Sərdar» adlandırdığı neft yataqları ilə bağlı Aşqabadın nəyisə araşdırmaq istəyinin kökündə hər hansı hüquqi istinad yoxdur. Rüstəm Məmmədova görə, heç bu məsələyə Beynəlxalq Arbitraj Məhkəməsində baxmaq perspektivi də yoxdur. O hesab edir ki, bunun üçün gərək hər iki ölkə bu məsələ ilə bağlı məhkəməyə müraciət etsin. Çünki bu məhkəmə birtərəfli mübahisələrə baxmır. Mərkəz prezidenti hesab edir ki, sadəcə Türkmənistan sovet dövründə Azərbaycan neftçilərinin kəşf etdiyi və Azərbaycanın xeyli sərmayə qoyduğu neft yatağına yiyə durmağa çalışır. Rüstəm Məmmədov deyir ki, Xəzərin statusu ilə bağlı danışıqlarda iştirak etmədən Türkmənistan öz metoduyla çəkdiyi sərhəd xəttilə təkcə «Kəpəz» i yox, həm də «Azəri-Çıraq»ı da özününkü etmək istəyir:

«Türkmənistanın əlində real həqiqət olsaydı, onlar özlərini başqa cür aparardılar. Onların əlində həqiqət yoxdur, onların tətbiq etdiyi metodun heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən bu gün Türkmənistanın iddialarını heç bir beynəlxalq neft şirkəti də qəbul eləmir. Bu sadəcə təbliğat xarakteri daşıyır».

«BU İŞİN MƏHKƏMƏ PERSPEKTİVİ UZUN MƏSƏLƏDİR»

Politoloq Rasim Musabəyova görəsə, ən yaxşı yol məsələnin qarşılıqlı danışıqlarla həll olunmasıdır: «Necə ki, Azərbaycanla Rusiya, Rusiya ilə Qazaxıstan, Azərbaycan Qazaxıstan, elə Türkmənistan özü Qazaxıstanla danışıqlar yolu ilə razılığa gəliblər».

Danışıqlarla müsbət nəticəyə gəlmək mümkün deyilsə, politoloq heç məhkəmə yolunu da pis variant saymır. Amma deyir bunun üçün iki tərəf danışıqlar aparıb birgə məhkəməyə müraciət etməlidirlər ki, məhkəmə razılıq əsasında bu məsələyə baxsın. Rasim Musabəyova görə, o inanmır ki, məhkəmə «Azəri-Çıraq»la bağlı hansısa mübahisə predmeti üzə çıxarsın.

Politoloq deyir ki, «Kəpəz»lə bağlı hansısa qərar qəbul oluna bilər. Yəni ortaq xəttin hansı şəkildə ədalətli çəkilməsi məhkəmənin qərarında əks oluna bilər. Rasim Musabəyov deyir ki, məsələnin məhkəmə yolu ilə həlli hər iki tərəfin xeyrinə ola bilər və məsələyə birdəfəlik son qoyular. Bundan başqa politoloq düşünür ki, iki ölkə birgə İranın Xəzərdəki iddialarına qarşı birgə mübarizə apara bilərlər. Ona görə ki, İranın iddiaları təkcə Azərbaycana qarşı yox, Xəzərin Türkmənistan sektoruna qarşı da yönəlib.

«MƏSƏLƏDƏ MOSKVANIN ƏLİ VAR»

Kəpəz yatağı ilə bağlı Türkmənistanın iddiaları hələ keçmiş prezident Saparmurat Niyazovun dövründə də olmuşdu. Amma sonra bu məsələ bir müddət sakitləşdi. Hətta Türkmənistanın indiki prezidentinin seçiləndən sonra Azərbaycana səfər etməsindən sonra iki ölkə arasında bu mübahisəli məsələnin bitməsi anlamına gəlmişdi.

Bu məsələdə Rusiyanın əli olduğunu düşünən politoloq Vəfa Quluzadə deyir ki, bu yeni bir məsələ deyil. Onun sözlərinə görə, Türkmənistan Azərbaycana qarşı belə bir iddianı Bakı-Tbilisi-Ceyhan məsələsi gündəliyə gələndə qaldırmışdı. Vəfa Quluzadəyə görə, indi də Türkmənistan və Azərbaycan qazının Avropaya nəqlini istəməyən Rusiya hər iki ölkənin sərvətlərini özü alıb satmaq istəyir: «Mən hesab edirəm ki, Moskvadan Türkmənistana güclü təzyiqlər olub».

Bəs onda niyə Azərbaycan «Kəpəz» yatağının Türkmənistanla müştərək işlədilməsini istəyir?

«Xəzər - Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı» İctimai Birliyinin prezidenti Rüstəm Məmmədova görə, əgər iki ölkənin Xəzərdəki sərhədləri ilə bağlı real ortaq xətt çəkilə bilərsə onda ola bilər ki, «Kəpəz» yatağının bir hissəsi Türkmənistanın payına düşsün: «Bu baxımdan da Azərbaycan təklif edir ki, belə olan halda bu yatağı birgə istifadə edə bilərik, əgər etmirsənsə heç lazım da deyil».

«TÜRKMƏNİSTAN HAQSIZDIR, BUNU O ÖZÜ YAXŞI BİLİR»

Rüstəm Məmmədova görə, Türkmənistan haqsız olduğunu çox yaxşı bilir. Vəfa Quluzadədən fərqli olaraq Rüstəm Məmmədov bir yox, bir neçə başqa dövlətlərin dəsti-xəttini görür:

«Mən burda İranın əlinin görürəm, mən burda Rusiyanın əlini görürəm, amma bu variantların heç biri keçməyəcək».

Rüstəm Məmmədova görə, suyu bulandıran qüvvələr sadəcə Azərbaycanı qazanclarından məhrum etmək istəyirlər. Bu Rüstəm Məmmədova görə, bu kimi məsələlərə Avropa məkanında tətbiq olunan hüququn ümum prinsipi tətbiq oluna bilər ki, bu da «əvvəllər nəyə nail olmusansa ona da malik olmağa davam elə» prinsipidir: «Bu prinsipin əsasında Xəzərdəki məsələlər həll olunmalıdır. Bunu Türkmənistan çox yaxşı bilir».

Türkmənistan dünya təcrübəsini də inkar edir. Bu sahədə bir dənə də olsun beynəlxalq saziş yoxdur. Bundan başqa mərkəz prezidenti hesab edir ki, «Kəpəz» yatağını hələ sovet dövründə Azərbaycan kəşf edib.

«KƏPƏZİ AZƏRBAYCAN KƏŞF EDİB, AMMA İNDİ TÜRKMƏNİSTANINDIR»

Londonda fəaliyyət göstərən türkmən jurnalist Yusup Quliyev indiki halda bu məsələdə Türkmənistanı haqlı sayır. Onun sözlərinə görə, həqiqətdir ki, sovet dövründə Azərbaycan həmin yatağı kəşf edib və neft çıxarıb. Sovetlər dağılandan sonra vəziyyətin dəyişdiyini deyən cənab Quliyevə görə, indi Xəzərin həmin hissəsi Türkmənistana məxsusdur. Amma Yusup Quliyev deyir ki, Türkmənistanın beynəlxalq məhkəməyə verməsi o demək deyil ki, iki ölkə arasında münasibətlər gərginləşib və ya gərginləşəcək. Bununla prezident Qurbanqulu Berdıməhəmmədov istəyir ki, məsələ daha sivil yolla həll edilsin. Jurnalistə görə, bu məsələdə Amerika Birləşmiş Ştatların vasitəçiliyinə ehtiyac var, necə ki, 2000-ci ildə iki ölkə arasında münasibətlər gərginləşəndə münasibətlərin normallaşmasına ABŞ vasitəçilik etmişdi.

Türkiyənin Qazi Universitetinin professoru Mehmet Seyfəddin isə hesab edir ki, prezident Berdıməhəmmədov məsələni diplomatik yolla həll etmək istəyir. Türkmənistan inanır ki, bütün problemləri diplomatiya ilə həll etmək olar.

Türkiyəli professor deyir ki, son bəyanatlara baxanda burada başqa aktyorların rolunu görür. O hesab edir ki, bu aktyor da əsasən Rusiyadır. Mehmet Seyfəddin hesab edir ki, Türkmənistan və Azərbaycan üçün əsas maneə Rusiyanın Xəzər siyasətidir.

Bu məsələyə Azərbaycanın rəsmi mövqeyini öyrənmək mümkün olmadı. Məsələyə nə Xarici İşlər Nazirliyindən, nə də Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsindən mövqe bildirmədilər.
XS
SM
MD
LG