Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:46

«GEN» MMC-nin rəhbəri pulları kimə ödədiyini dedi


Məhkəmə prosesi davam edir.
Məhkəmə prosesi davam edir.
Avqustun 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «GEN» MMC-nin rəhbəri Elbrus Əliyevin məhkəməsi davam edib. Elburus Əliyev məhkəmədə Sulutəpə qəsəbəsində bina inşa etdirdiyi zaman alıcılardan yığdığı pulların taleyinə aydınlıq gətirib.

O bildirib ki, 2008-ci ilin aprelinədək həmin ərazidə yaşayan 52 sakinlə mənzil alqı-satqısına dair müqavilə bağlayıb və onlardan ümumilikdə 632 min manat pul toplayıb. Həbs edilməmişdən əvvəl 3 nəfər alıcıya ümumilikdə 30 min manat qaytarıb. Digər 49 nəfərin pulunu isə qaytara bilməyib. Çünki vətəndaşlardan yığdığı pulların 247 min 500 manatını Sulutəpədən aldığı 35 sot torpaq sahəsi üçün ödəyib. Həmin torpaq sahəsində 3 bloklu, 10 mərtəbəli bina tikdirmək üçün isə Abşeron İcra Hakimiyyətindən şəhadətnamə alıb. Şəhadətnamə alması üçün isə icra hakimiyyətinə 70 min manat ödəyib:

«Mən həmin pulu icra hakimiyyətində konkret şəxsə verməmişəm. Elman Abıyev adlı tanış vəkilin vasitəsi ilə pulu ödəmişəm. Həmin pul icra hakimiyyətində kimə çatıb deyə bilmərəm».

E. Əliyev daha sonra Abşeron rayon qaz, işıq, su, kanalizasiya, gigiyena və ekologiya idarələrinin rəhbər şəxslərindən rəy alınması üçün ödədiyi rüşvətlərdən danışıb. O, həmin idarələrə ümumilikdə 15 min manat verdiyini bildirib:

«Bu məsələləri icra hakimiyyəti həll etməliydi, lakin bizim üstümüzə qoydular. Həmin rəylərin alınması üçün pulları 2007-ci ilin avqust-sentyabr aylarında ödəmişik. Həmin pulları da mən rəhbər şəxslərə verməmişəm. Mən pulları «Stasko» şirkətinin Kamal adlı əməkdaşına vermişəm, o da həmin pulu adını çəkdiyim idarələrin rəhbərlərinə çatdırıb».

Şirkət rəhbəri həmçinin tikintisi aparılan binaların reklamları ilə bağlı qeyri-qanuni yolla «Maşın» realiti-şou layihəsinin rəhbəri, şoumen Murad Dadaşova 40 min ABŞ dolları, «Azəri-Star» musiqi yarışmasının təşkilatçılarından olan Kamal Cenkə 50 min dollar verdiyini söyləyib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin sabiq kriminalisti Rövşən Əliyevin (2002-ci ildə qətlə yetirilib) həyat yoldaşı İradə Quliyeva ilə aralarındakı pul mübahisəsindən də danışıb. Şirkət rəhbəri bildirib ki, İradə Quliyeva Mərdəkan qəsəbəsində özünə məxsus bağ evini ona 300 min manata təklif edib. O da həmin bağ evini İradə Quliyevanın razılığı ilə bankda girov qoyaraq kreditlə pul götürüb. Lakin krediti vaxtında ödəyə bilmədiyi üçün bağ evini girovdan çıxara bilməyib. O, İradə Quliyevanın pulunu qaytara bilməməsini bankrot olması ilə əlaqələndirib.

Məhkəmə prosesi davam edir.
XS
SM
MD
LG