Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:22

«Əli Həsənov dedi ki, mediada çox böyük dəyişikliklər olacaq»


Timoti Baldinq
Timoti Baldinq
AZƏRBAYCAN MEDIASI HAQQINDA NİKBİN DEYİL

«Nə qədər ki, demokratik media inkişaf etməyib, Azərbaycan müasir, demokratik və müstəqil dövlətlər arasında öz layiqli yerini tuta bilməyəcək. Heç bir qorxusuz və hədəsiz, öz işini görə bilən güclü və azad medianın olması istənilən sivil demokratik millətin ayrılmaz hissəsidir».

Bunu Dünya Qəzetləri Assosiasiyasının icraçı direktoru Timoti Baldinq sentyabrın 24-də Bakıda keçirilən mətbuat konfransında deyib. Cənab Baldinqin sözlərinə görə, onlar Bakıda xeyli görüşlər keçiriblər. Ancaq fərqli media təmsilçiləri görüşdən heç də nikbin ayrılmayıblar.

Qonaq deyir ki, son bir neçə ildir onlar Azərbaycanda media sahəsində baş verən dəyişiklikləri diqqətlə izləyirlər:

«Hər şeydən əvvəl bizi narahat edən məsələ ölkədə güclü, azad mətbuatın inkişaf etməməsi və jurnalistlər üçün təhlükəli iş mühitinin olmasıdır. Biz istərdik ki, Azərbaycanda həbsdə olan 3 jurnalistin azadlığa buraxılması təmin olunsun. Və hazırda məhkəmə prosesi gedən bloqqerlərə bəraət qazandırılması mümkün olsun. Jurnalistlərə qarşı fiziki hücum və digər təhlükələrin aradan qaldırılmasını, mətbuat nümayəndələrinin məhkəmələrə cəlb olunmasının dayandırılmasını istərdik».

Ə.HƏSƏNOV BLOQQERLƏ BAĞLI MƏHKƏMƏNİ DAYANDIRMAĞA SƏY GÖSTƏRƏCƏK

Timoti Baldinq əlavə edir ki, hökumət söz verib ki, diffamasiyanın cinayətsizləşdirilməsi həyata keçiriləcək:

«Biz düşünürük ki, demokratik ölkədə dövlətə məxsus qəzet və yaxud jurnallar olmamalıdır. İstərdik bu da sona çatsın. Həmçinin yayım işində dövlətin üstünlüyünün olmasını istəməzdik. Azərbaycan 20 ilə yaxındır ki, müstəqillik əldə edib. Amma təəssüf ki, hələ də burada sərbəst və müstəqil medianın yaranıb fəaliyyətdə olmasını göstərə bilmərik. Bu da demokratiyanın inkişafına dəlalət etmir. Xüsusilə yazılı mətbuatın inkişaf etməsi üçün hələ çox işlər görmək lazımdır».

Prezident Administrasiyası İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənovla görüşdüyünü bildirən qonaq deyir ki, ondan həbsdə olan 3 jurnalistin dərhal azadlığa buraxılmasını istədiklərini prezidentə çatdırmağı xahiş ediblər:

«Cənab Həsənov söz verib ki, bloqqerlərlə bağlı məsələni prezidentlə müzakirə edəcək və əlindən gələni edəcək ki, onlara qarşı olan məhkəmə prosesi dayandırılsın. Əslində, jurnalistlərin tamamilə fərqli əsasda - tutaq ki, terrorçuluq, xuliqanlıq, yaxud vergidən yayınmaq kimi adlarla tutulması heç də məsələni pərdələmir. Yəni jurnalist öz fəaliyyətinə görə həbs olunub və bu da fakt olaraq qalmaqdadır. Tutaq ki, Çində hazırda 60-a yaxın jurnalist həbsdədir. Onlar da tamamilə eyni adlarla - xuliqanlıq, terrorçuluq və digər bu kimi adlarla həbsdə saxlanırlar. Bu onu göstərir ki, hər hansı dövlət öz jurnalistini həbs etmək istəsə bunu istənilən şəkildə edə bilir və edir».

VƏD OLUNDU Kİ, DİFFAMASİYA CİNAYƏTSİZLƏŞDİRİLƏCƏK

Timoti Baldinq deyir ki, Əli Həsənov həmçinin bildirib ki, qısa zaman ərzində mediada çox böyük dəyişikliklər olacaq:

«O təsdiqlədi ki, diffamasiyanın cinayətsizləşdirilməsi, dövlət tərəfindən çap olunan qəzetlərin tədricən dayandırılması baş verəcək. Aşağı səviyyədə olan reklam bazarının da inkişafı üçün tədbirlər görüləcək. Dövlət qəzetləri dayandırıldıqca da şəffaf tenderlər keçiriləcək ki, dövlət sifarişlərini yerinə yetirmək üçün müstəqil qəzetlər bu tenderlərdə iştirak edə bilsinlər. Əli Həsənovdan sitat gətirmək istəyirəm. O deyir ki, növbəti 3 il ərzində siz media sahəsində çox böyük irəliləyişin, dirçəlişin şahidi olacaqsınız».

Timoti Baldinq deyir ki, amma Əli Həsənov eyni zamanda bildirib ki, dövlət media ilə bağlı problemin bir hissəsidir:

AVROPADA MƏMURLAR KƏSKİN TƏNQİD OLUNMUR?

«O fikrini təsdiqləmək üçün deyir ki, istənilən müxalifət və ya müstəqil qəzetin birinci səhifəsini açıb istənilən dövlət məmuru barədə yazılan məqalələrin nə qədər tənqidi olduğunu öz gözlərinizlə görə bilərsiniz. Belə bir şeyi heç bir Avropa ölkəsində görə bilməzsiniz. Əli Həsənov deyir ki, son 3 il ərzində jurnalistlərə qarşı 2 hücum aktı qeydə alınıb. Bu 2 haldan birində jurnalist sonradan boynuna alaraq etiraf edib ki, bu hücum onun şəxsi məsələsi ilə bağlıdır».

Assosiasiya rəhbəri Əli Həsənovun sözlərinə inandıqlarını və onun bu sahədə verdiyi vədlərin yaxın vaxtlarda həyata keçirilmiş olmasını çox diqqətlə izləyəcəklərini bildirdi.

Dünya Qəzetləri Assosiasiyasının icraçı direktorunun sözlərinə görə, əgər hökumət verdiyi vədlərə riayət etməsə, onlar Avropa Şurası, BMT və sair qurumlar qarşısında məsələ qaldıracaqlar ki, burada vəziyyət belədir və azadlıq, sərbəstlik heç də gözlənilmir:

«Vəziyyəti belə qiymətləndirmək olar ki, sərbəst, azad, müstəqil medianın inkişaf etdirilməsi üçün Azərbaycanda kifayət qədər şərait yoxdur. Vəziyyət bunun üçün münbit deyil. Düzdür, hökumət vəziyyətin yaxşılaşacağı barədə vədlər verib. Amma bu vədlər daha əvvəllər də verilmişdi. Görək nə olur».

Əli Həsənov

ƏLİ HƏSƏNOV TƏKZİB EDİR

«ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti və Dünya Qəzetçilər Assosiasiyasının icraçı direktoru Timoti Baldinq ilə görüşlərimdə, ola bilsin ki, tərcüməsinin səhvi üzündən müəyyən anlaşılmazlıqlar olub».

Bu barədə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Turana müsahibəsində bildirib.

O, T.Baldinqə dövlət qəzetlərinin yaxın zamanda bağlanacağını demədiyini bildirib:

«Bununla bağlı Dünya Qəzetçilər Assosiasiyasının icraçı direktorunun bəyanatını təkzib edirəm. Mən demişəm ki, dünyadakı kimi, Azərbaycanda da medianın təbəqələşməsi aradan qalxarsa, ölkədə baş verənlər barədə tərəfsiz yazılar dərc edilərsə, o zaman nə dövlət, nə də müxalifət mediasına ehtiyac qalmaz. Bu sözlərdən isə rəsmi qəzetlərin dayandırılacağı barədə fikir ortaya çıxmır».

Ə.Həsənov eyni zamanda M.Haraşti ilə görüşü zamanı 2 gəncin (bloqqerləri nəzərdə tutur) azadlığa buraxılacağı ilə bağlı vəd vermədiyini deyir.

«M.Haraşti ilə 2 gəncin həbsi ilə bağlı söhbət olub. Mən dedim ki, hakimiyyət istəyir və inanır ki, gənclərin məhkəməsi tezliklə başa çatacaq və məhkəmə onaların gəncliyini nəzərə alıb, daha humanist qərar qəbul edəcək. M.Haraşti isə Əli Həsənovun gənclərin tezliklə azadlığa buraxılacağına vəd verdiyi barədə bəyanat verib», - deyə o qeyd edib.

"NORVEÇİN RAFTO FONDU TAM QƏRƏZLİDİR"

Şöbə müdiri həbsdə olan 3 jurnalistin azadlığa buraxılması ilə bağlı Dünya Qəzetçilər Assosiasiyasının icraçı direktorunun bugünki görüşdə məsələ qaldırdığını bildirib:

«Mən onlara bəyan etdim ki, bu jurnalistlər diffamasiya ittihamı ilə həbs edilməyib. Yəni onlar jurnalist fəaliyyətinə görə deyil, başqa ittihamlarla həbs edilib. O ki, qaldı 3 jurnalistin və 2 gəncin azadlığa buraxılmasına cənab prezidentin dəstək verməsi ilə bağlı onların xahişinə, mən bu xahişi prezidentə çatdıracağam».

Ə.Həsənov Norveçin Rafto Fondunun 2009-cu ilin beynəlxalq mükafatını jurnalist və insan haqları müdafiəçisi Məlahət Nəsibovaya verməsinə və fondun Naxçıvanda media azadlığı ilə bağlı tənqidi bəyanatına da münasibət bildirib.

«Mükafatlarını kimə vermələri Fondun öz işidir. Ancaq onların Azərbaycanda media azadlığının vəziyyəti ilə bağlı fikriləri ilə qəti razı deyiləm və bu fikirlər tam qərəzlidir. Azərbaycanda hakimiyyəti tənqid edən minlərlə jurnalist var», deyə o qeyd edib.
XS
SM
MD
LG