Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:56

«Kino Kompleksi» layihəsinin icrası dayandırılıb


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
Xarici investorların Bakıda tikintisi üçün 20 milyon manat ayırdığı «Kino Kompleksi» layihəsinin icrası dayandırılıb. Bu layihə Kino Evi, Beynəlxalq Kino Festivalı Mərkəzi, Dünya Kino Muzeyi və Beynəlxalq Kino Məktəbindən ibarətdir.

Azərbaycan Kinemotoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov AzadlıqRadiosuna deyir ki, səbəb kompleksin tikintisi üçün Bayılda ayrılan 13 min 400 kvadratmetr torpaq sahəsini Dövlət Neft Şirkətinin zəbt etməsidir. Onun sözlərinə görə, Dövlət Neft Şirkəti bu ərazidə neft çıxarılacağını əsas gətirərək bu tikintinin mümkün olmadığını bildirib. Lakin dövlət başçısının müdaxiləsindən sonra məsələ yoluna qoyulub. Ancaq İbrahimbəyov deyir ki, görünür problem hələ həll olunmayıb:

ŞİRKƏT TORPAQLARIMIZI ZƏBT EDİB

«Neft Şirkəti qanunları pozaraq torpaqlarımızı zəbt edib. Torpağın bizə aid olması ilə bağlı bütün qanuni sənədlərə baxmayaraq, Neft Şirkəti bu torpaqları zəbt edərək bildirib ki, bu ərazilərdə neft axtaracaqlar. Biz bununla bağlı bütün aidiyyatı qurumlara müraciət etmişik, lakin Neft Şirkətindən çəkindikləri üçün müraciətlərimiz cavabsız qalıb».

«Kino Kompleksi» layihəsinə Almaniya, İngiltərə və Amerika sərmayədarları tərəfindən 20 milyon manat vəsait ayrılıb.

«Torpağın bizə aid olması ilə bağlı bütün qanuni sənədlərə baxmayaraq, Neft Şirkəti bu torpaqları zəbt edərək bildirib ki, bu ərazilərdə neft axtaracaqlar»
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə deyir ki, bu məsələ ilə bağlı Səbail rayon Məhkəməsində iddia qaldırılıb və məhkəmə qaydasında mübahisə həll olunacaq:

MÜBAHİSƏ MƏHKƏMƏDƏ MÜSTƏVİSİNDƏ

«Azərbaycan Kinematoqrafçılar İttifaqı sözügedən torpağın onların, Dövlət Neft Şirkəti olaraq isə biz bildiririk ki, bu torpaqlar bizim mülkiyyətimizdədir. Yaranmış bu mübahisə yalnız məhkəmə qaydasında həll oluna və torpağın mülkiyyətçisi aydınlaşdırıla bilər».

NAZİRLİK MƏLUMATSIZDIR

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəisi İntiqam Hümbətov Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən inşa olunan «Kino Kompleksi» ilə bağlı məlumatının olmadığını bildirdi:

«Bayılda tikilməsi nəzərdə tutulan «Kino Kompleksi» Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olmadığı üçün mən bu barədə heç nə deyə bilmərəm. Nazirlik tərəfindən «Nizami» kinoteatrının balansında tam müasir standartlara uyğun «Kino Kompleksi» inşa olunur və 2010-cu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulub».

Bayıl qəsəbəsində yerləşən mübahisəli torpaq kinonun inkişafı üçün prezident İlham Əliyevin verdiyi fərmana əsasən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə «Kino Kompleksi»nin tikintisi üçün Səbail bələdiyyəsinin ehtiyat fondundan ayrılıb.

Kino Kompleksi layihəsi martın 29-da təqdim olunub.

Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov həmin tədbirdə deyib ki, Kino Kompleksinin tikintisi üçün dövlət heç bir vəsait xərcləmir. Maneələr olmasa, tikinti işlərini iki il müddətinə başa çatdırmaq nəzərdə tutulur.
XS
SM
MD
LG