Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:48

11 yerdən cəmi 3–də


Binəqədi ərazisindəki meydança
Binəqədi ərazisindəki meydança
Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi aksiyaların keçirilməsi üçün ayırdığı 11 yerdən cəmi 3–ü parlament seçkiləri ilində necə deyərlər, işlək vəziyyətdədir. Qalanları ölkənin iqtisadi inkişafının əsas göstəricilərindən biri kimi təqdim olunan təmir işlərinə görə bağlıdır. O cümlədən də bir vaxtlar hakim YAP-ın mitinq keçirdiyi «Neftçi» idman sağlamlıq mərkəzinin Bibiheybətdəki meydançası.

Kütləvi aksiyaların keçirilməsi üçün açıq olan məkanlar isə Binəqədi rayonunun eyni adlı qəsəbəsindəki idman sağlamlıq kompleksinin meydançası, Səbail rayonu, 20-ci sahədə yerləşən sürücülük məktəbinin meydançası və Xətai rayonu Zığ yolu küçəsindəki meydançadır. Bunlar əlbəttə ki, şəhər mərkəzindən kifayət qədər aralıda yerləşən ərazilərdir.

Hər halda seçkilərə hazırlaşan müxalifətin bəzi nümayəndələri hesab edirlər ki, Binəqədi ərazisindəki meydança nisbətən yaxşıdır. O da ki, kütləvi aksiya keçirmək baxımından yox. Sadəcə hələlik təmir, yaxud başqa bəhanə ilə əldən çıxarılmamış qalan 2 digər yerlə müqayisədə.

MEYDANÇA YAXŞIDIR. AMMA FUTBOL OYNAMAQ ÜÇÜN…

Sözügedən meydançada söhbətləşdiyim Müsavat Partiyasının üzvü Muxtar Cəmilli deyir ki, meydança həqiqətən də yaxşıdır. Amma futbol oynamaq üçün. Özü də ancaq həmin ərazinin camaatı üçün:

«Hakimiyyət deyir ki, şəhərdə mitinq keçirmək insanların hüququnu pozmaq deməkdir. Bu stadion buradakı əhali üçün tikilib. Onda bəs burada mitinq keçirdəndə bu əhalinin hüququ pozulmayacaq? Yaxud bu stadiona nə qədər xərc çəkilib. Buranın işçilərinin, əməkdaşlarının hüququ pozulmayacaq? Siyasi partiya mitinqi əhali arasında öz təbliğatını qurmaq üçün təşkil edir. Mən öz maşınımda xeyli vaxt sərf elədim bura gəlməyə. Bu gün əhalinin vəziyyəti elədir ki, avtobusa minib bura gəlməyə imkanı olmayanlar az deyil. Əgər əhali gələ bilməyəcəksə, biz burada özümüz özümüzə danışacağıq».

Bu meydançanın süni ot örtüyü nə qədər cəlbedici görünürsə, ətrafında oturacaqların, yaxud bunu əvəz edə biləcək şəraitin olmaması da o qədər diqqəti cəlb edir. Amma qorunması pis deyil.
Muxtar Cəmilli
Muxtar Cəmilli ilə söhbətin şirin yerində Asəf adlı sağlam bir oğlan yaxınlaşıb işimizi dayandırdı. Dedi icazəsiz olmaz. Biz də dedik ki, BŞİH icazə verib ki, kim istəyir bura yığışa bilər. Amma Asəfin öz müdiri var idi. Ona görə gözləməli olduq.

AZƏRBAYCAN DEMOKRATİK ÖLKƏDİR

Asəf Elman müəllim adlı bir nəfərə zəng edib vəziyyəti danışdı, Elman müəllim də telefonda bizə dedi ki, Azərbaycan demokratik ölkədir. Nə qədər istəyirsiniz, danışın, yazın, çəkin.

Bərdədən Bakıya gəlib iqtidarın müxalifətə mitinq üçün ayırdığı yeri görəndən sonra ağlı bir şey kəsməyən Muxtar Cəmilli isə deyir ki, demokratik ölkədə adama fikrini demək üçün şəhərdən bu qədər aralı, belə bir çökəklikdə, söykənəcəksiz, oturacaqsız yer təklif etməzdilər:

«Bunun əvəzinə hansısa çöllükdə, məsələn, lap elə Qobustanda bir yer ayıra bilərdilər. Onsuz da nə gedəni olacaq, nə də arada bir oturub dizinin acısını almaq istəyəni».

HÜQUQUNUN POZULDUĞUNU İDDİA EDƏN MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏLİDİR

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyir ki, əgər hər hansı kütləvi aksiya keçirmək istəyən tərəf hüququnun pozulduğunu düşünürsə, bu halda məhkəməyə müraciət etməlidir:

«Toplaşma azadlığı, eləcə də digər hüquqlar pozulubsa, məhkəmə işə baxarkən ya bizim qanuna, ya konstitusiyaya, ya da Avropa İnsan Haqları Məhkəməsinin president hüququna istinad edərək müəyyənləşdirəcək ki, verilmiş rədd cavabı nə dərəcədə əsaslı olub. Özü də müddətləri çox qısa eləmişik. Əgər siyasi partiya yaxud bir qrup vətəndaş müraciət edib rədd cavabı alıbsa, məhkəmə ona mümkün qədər qısa zaman çərçivəsində, operativ baxsın».

Əli Hüseynov
Əli Hüseynov əlavə edir ki, Venesiya Komissiyası da bu cəhətinə görə «Sərbəst toplaşma azadlığı haqqında» qanuna müsbət rəy vermişdi.

BUNUN DA ƏLACI VAR


Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda müstəqil məhkəmə sistemi mövcud deyil və çıxarılan qərarlar icra hakimiyyəti orqanının xeyrinə olur. Hüquq müdafiəçisi Sahib Məmmədov isə deyir ki, bunun da əlacı var:

«Yerli məhkəmə təmin etməsə, ölkədaxili prosedurları keçib Avropa Məhkəməsinə göndərsinlər. Hələ ki, bu mexanizmdən heç kim lazımınca yararlanmır. Yerli icra hakimiyyət orqanları isə vəziyyətdən sui- istifadə edirlər».

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı isə deyir ki, partiya sözügedən problemlə bağlı məhkəməyə müraciət edib. İş artıq Ali Məhkəmənin Plenumundadır. Bu instansiya da keçiləndən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi planlaşdırırlar.
XS
SM
MD
LG