Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:21

Erməni Milli Komitəsi Brayzanın namizədliyindən narahatdır


Metyu Brayza
Metyu Brayza
Obama Administrasiyasının ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin köməkçisinin müavini Metyu Brayzanın namizədliyini irəli sürməsinin ardınca erməni lobbisi Amerikada ölkəmiqyaslı kampaniyaya başlayıb. Erməni Milli Komitəsi ABŞ senatorlarına müraciət edərək onları Amerikanın Cənubi Qafqazda maraqlarına toxunan məsələlərlə bağlı Brayzanin diplomatik fəaliyyətini diqqətlə araşdırmağa çağırıb.

Komitənin icraçı direktoru Aram Hamparyan deyib:

«Biz Senatın Xarici Əlaqələr Komitəsini və bütün Senatı Brayzanın fəaliyyətini, onun çıxışlarını və təsdiqlənmə prosesində sorğulara cavablarına xüsusi diqqət yetirəcəyinə ümid edirik. Əvvəllər də qeyd etdiyimiz kimi, biz dövlət katibinin köməkçisinin müavini və Dağlıq Qarabağ sülh prosesində Amerikanın nümayəndəsi kimi Brayzanın diplomatik fəaliyyətindən çox narahatıq».

***

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Mediaforum» saytına deyib ki, Metyu Brayzanın namizədliyini müsbət qiymətləndirir:

«Metyu Brayza Azərbaycanı yaxşı tanıyır. O, Corc Buş admnistrasiyasında Azərbaycanla bağlı proseslərlə məşğul olub. Cənubi Qafqaza yaxşı bələddir, Azərbaycan, Ermənistan, Gürcüstanın bölgədəki mövqelərini, ictimai-siyasi vəziyyəti, daxili-xarici siyasəti, bölgənin geosiyasəti və bu kimi prosesləri bilir. Uzun müddət bir diplomat kimi ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub. Ona görə də Dağlıq Qarabağ problemini, problemin həlli ilə bağlı Madrid prinsiplərini, prinsiplər ətrafında aparılan danışıqları, Azərbaycan və Ermənistan prezidentlərinin bu məsələyə yanaşmasını, hər iki dövlətin mövqelərini yaxşı bilir.
Ona görə də biz düşünürük ki, Metyu Brayzanın Azərbaycanda səfir olduğu dövrdə Azərbaycanla ABŞ arasında olan münasibətlər daha da yaxşılaşacaq, mövcud problemlər aradan qalxacaq, indiyə qədər xalqlarımızı birləşdirən, bu xalqları strateji tərəfdaşlıq istiqamətinə yönəldən münasibətlər inkişaf etdiriləcək».

Əli Həsənov səfir yerinin bir il boş qalmasını yaxşı hal heab etmədiyini də bildirib:

«Bir ildir səfirin olmaması yaxşı hal deyildi. Biz bunu ciddi formada diqqətə çatdırmasaq da, Amerikanın tezliklə Azərbaycana öz səfirini təyin edəcəyini gözləyirdik. Yaxşı haldır ki, bizim tanıdığımız, fəaliyyətinə bələd olduğumuz bir şəxsi səfir təyin edirlər. Biz bunu həm də onunla izah edirdik ki, ABŞ-da Azərbaycana gəlmək istəyən insanların sayı çoxdur. Ona görə də Amerika onlar arasında çətinliklə seçim aparır».

***

ABŞ prezidenti Barak Obama Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyini Konqresin təsdiqinə təqdim edib.

Bu barədə Ağ Evin saytı bildirir.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi ötən ilin iyunundan vakant qalır.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin AzadlıqRadiosuna deyib ki, səfirin təyin olunması uzun prosesdir. Brayzanın namizədliyini növbəti mərhələdə Senat təsdiqləməlidir. O əlavə edib ki, «Biz ABŞ hökumətinin göndərdiyi istənilən şəxslə işləməyə şad olarıq».

M. Brayza 2006-2009-cu illərdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olub.

Brayza Stenford Universitetini və Fletçer Hüquq Məktəbini bitirib. O, Polşa və Rusiyada da diplomatik fəaliyyət göstərib.
XS
SM
MD
LG