Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:04

«Birgə saat, ayrı məkan» taktikası


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı
Müsavat Partiyası və «Azadlıq» bloku eyni gündə - iyulun 3-də, amma ayrı-ayrılıqda mitinq keçirməyə qərar verib. Müsavat öz tərəfdaşlarıyla Elmlər Akademiyasının yaxınlığında, Cavid bağında, AXCP isə digər tərəfdaş partiyalarla Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında yığışmaq istəyir.

Bu, müxalifətin birləşmə anlamına gəlirmi, yoxsa əksinə, birgə mitinq keçirməyə razılaşmamağı bu üsulla ört-basdır etmək cəhdi var?

GÜNLƏR TƏSADÜFƏN ÜST-ÜSTƏ DÜŞÜBMÜŞ


AXCP funksioneri Fuad Qəhrəmanlı deyir ki, onlar iyulun 10-da mitinq keçirmək istəyib, amma fəal üzvləri onlara aksiya keçirmək intensivliyini pozmamağı təklif ediblər:

- AXCP-nin iki həftədən bir aksiya keçirmək ənənəsi var, dedilər ki, bu pozulmasın. İyulun 3-nə Müsavat da mitinq təyin etmişdi. Biz də Arif Hacılıyla görüşüb saatı razılaşdırdıq.

ELƏ ŞÜARLAR DA

Bəs eyni saatda eyni şüarların, eyni tələblərin səsləndirməsi də təsadüfən üst-üstə düşüb?

Fuad Qəhrəmanlı deyir ki, şüarı razılaşdırmağa ehtiyac yox idi, çünki müxalifətin hər iki qanadı ölkədə aktual məsələlərlə – sərbəst toplaşmaq azadlığı və parlament seçkiləriylə bağlı tələblərini səsləndirməyi qərara alıb. Və bu da üst-üstə düşüb:

Arif Hacılı
- Bu onu göstərir ki, ölkədəki problemlər müxalifətdəki partiyaların hamısını narahat edir, eyni məqsəd uğrunda mübarizə aparırlar.

KİM HANSI MİTİNQƏ İSTƏYİR, GETSİN

Bəs müxalifətin istənilən qanadının aksiyasına qatılmaq istəyən adamlar seçim qarşısında qalmayacaqmı? Müxalifətin birgə, amma ayrı-ayrılıqda mitinq keçirmə qərarını istənilən halda müsbət qiymətləndirdiyini deyən Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı kimin hansı aksiyaya qatılmasında problem görmədiyini deyir. O da, Fuad Qəhrəmanlı da «kimin daha çox tərəfdarı var» mübahisəsini aparmırlar və aksiyalardan sonra da belə bir mübahisə olacağını gözləmirlər. Çünki onların fikrincə, bu cür mübahisə və ya müzakirə müxalifəti yalnız əsas hədəfdən uzaqlaşdırmağa sövq edər.

Arif Hacılı gələcəkdə birgə mitinqlər barədə qərarın siyasi proseslərdən asılı olacağını söyləyir. Fuad Qəhrəmanlı isə deyir ki, iyulun 3-dəki aksiya birgə mitinqlərə psixoloji zəmin yarada bilər:

- Belə mitinqlərin təsir və əhatə coğrafiyası artırıla bilər. Həm də hakimiyyətin şəhərin ayrı-ayrı yerlərində keçirilən aksiyaların qarşısını almaq imkanlarını məhdudlaşdırar.

YENİ TAKTİKA

Rauf Mirqədirov
Bəzi ekspertlər isə «eyni saatda, amma ayrı məkanda aksiya» taktikasını Azərbaycanın siyasət aləmində yeni və maraqlı sayırlar. Amma bu «yeni taktika»nın müxalifətin birləşmə arzusundan yox, ayrı-ayrı qanadlarında liderlik uğrunda gerçəkləşməsi təhlilini aparanlar da var. Məsələn, «Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirovun yozumu belədir:

- Mən fikirləşirəm ki, müxalifətin ayrı-ayrılıqda mitinq keçirməsinin səbəbi ondan ibarətdir ki, daxildə liderlik uğrunda mübarizə gedir. Ölkədə siyasi proseslər sürətlənəndə həmin prosesdəki partnyorlar üçün daha cazibədar görünmək istəyidir. Özünün varlığını müstəqil şəkildə göstərmək lazımdır və bu da baş verir.

Rauf Mirqədirovun fikrincə, birgə mitinqlərin baş tutmamasında bu amil başlıca rol oynasa da, subyektiv səbəblər də var, məsələn, «Azadlıq» blokundakı bəzi partiyalarla Müsavatın münasibətlərinin pisləşməsi.

Şərhçi hesab edir ki, «birgə saat, ancaq ayrı məkan» mitinq taktikasının yeni aksiya ənənəsini qoyub-qoymayacağı və bunun effekti yaxın zamanlarda daha aydın görünəcək.
XS
SM
MD
LG