Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:58

ABŞ Eynulla Fətullayevi azad etməyə çağırır


ABŞ «Realnı Azərbyacan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin daha 2 il yarım müddətinə azadlıqdan məhrum edilməsindən narahatdır.

Bu barədə Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib.

Departamentin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda deyilir ki, «ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi jurnalistə qarşı narkotik ittihamını həddən artıq inanılmaz adlandırıb, ABŞ da ATƏT nümayəndəsinin və digərlərinin bu fikrinə qoşulur, Fətullayevin azad edilməsinə çağırır».

Bəyanatda Avropa İnsan Haqları Məhkəməsinin Eynulla Fətullayevə bəraət verdiyi də xatırladılır.

ABŞ Azərbaycan hökumətini mətbuat azadlığına, o cümlədən jurnalistlərin araşdırma hüququna, mətbuatda sərbəst dərc etmə hüququna hörmət etməyə çağırır.

Qeyd olunur ki, ABŞ dövlət katibi Hillari Klintonun iyulun 4-də Bakıda səfərdə olarkən dediyi kimi, «vətəndaş cəmiyyətinin üzvlərinə hörmət edildiyi və hədə-qorxu olmadan işləməyə icazə verildiyi bir yerdə demokratiya və cəmiyyətlər inkişaf edir».

Dövlət Departamenti bildirir ki, ABŞ Azərbaycanda demokratik islahatlar və iqtisadi inkişafa yardım etməyə hazırdır.

Bəyanatın sonunda bir daha vurğulanır ki, Eynulla Fətullayevin həbsi «düzgün istiqamətdə atılmayan addımdır».

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilib.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətindən onun dərhal azadlığa buraxılmasını tələb edib.

2009-cu il dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və jurnalistin geyimində və ayaqqabısında 0,22 qram heroin aşkarlanıb. Bu ittihamla jurnalist 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu iddia edir.
XS
SM
MD
LG