Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:59

Astanada Qarabağ müzakirə edilir


“Rusiya münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır. Gürcüstanda olduğu kimi münaqişələrin hərbi yolla həlli yolverilməzdir”. APA-nın məlumatına görə, bu fikirləri Rusiya prezidenti Dmitri Medvedyev ATƏT-in Astana sammitində çıxışı zamanı söyləyib. Medvedyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun müəyyənləşdirdiyi əsas prinsiplər əsasında nizamlanmasına dair səyləri bərpa etmək vacibdir.

Dağlıq Qarabağ münaqişəsi haqda ABŞ-ın dövlət katibi Hillari Klinton da danışıb. O qeyd edib ki, münaqişənin nizamlanması zamanı Helsinki prinsiplərinə və ATƏT-in Minsk qrupuna həmsədr ölkələrin dövlət başçılarının 2009-cu il iyulun 10-da Akvildə bəyan etdiyi və Muskokda yenidən təsdiqlədiyi 6 prinsipə əsaslanmaq zəruridir.

Fransanın baş naziri Fransua Fiyon bildirib ki, həmsədr ölkə kimi Fransa Dağlıq Qarabağ münaqişənin həllinə dəstək verməyə qərarlıdır: “Münaqişə balanslaşdırılmış qərar əsasında həll olunmalıdır. Qərar isə Akvill və Muskoka bəyanatlarında əksini tapan prinsiplərə əsaslanmalıdır. Bu prinsiplər vahid və bölünməz paket halında nəzərdən keçirilməlidir”.

Almaniyanın federal kansleri Angela Merkel də çıxışında Dağlıq Qarabağ məsələsinə toxunub. O qeyd edib ki, münaqişənin həlli artıq razılaşdırılmış və əldə olunmuş məqamlara əsaslanmalıdır.

ABŞ, Rusiya və Fransa prezidentləri 2009-cu ildə İtaliyanın Akvil, 2010-cu ildə Kanadanın Muskok şəhərlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış edərək Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar. Bəyanatlarında bildirilib ki, onlar hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayıblar. /Mediaforum/
XS
SM
MD
LG