Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:48

Suriyaya qarşı beynəlxalq təzyiq güclənir


Suriyada etiraz aksiyaları davam edir
Suriyada etiraz aksiyaları davam edir
Dəməşq bütün ölkə boyu etirazçılara qarşı amansız divan tutmaqda davam etdikcə Suriya prezidenti Bashar al-Assadə qarşı beynəlxalq təzyiq də güclənir.

BMT Təhlükəsizlik Şurasının Avropadan olan üzvləri Suriyanı zorakılıqları dayandırmasa daha sərt tədbirlər görməklə hədələyiblər. Qərb diplomatlarını sözlərinə görə, Dəməşqə qarşı növbəti addım sanksiyalarla bağlı olacaq. Lakin veto hüququna malik olan Rusiya və Çin, eləcə də Britaniya, Hindistan və Cənubi Afrika Respublikası buna qarşıdır.

Rusiya Dəməşqi mümkün qədər tez islahatlar aparmağa çağırıb. Lakin Moskvanın, eləcə «BRICS»-in digər üzvlərinin Təhlükəsizlik Şurasında müxalif mövqedən çıxış etməyəcəklərinə heç bir işarə yoxdur.

Qərb diplomatlarının bildirdiyinə görə, BMT-nin siyasi məsələlər üzrə rəhbərinin müavin Fernandez-Taranco Təhlükəsizlik Şurasının çərşənbə günü bağlı qapılar arxasında keçirdiyi iclasında Suriya ilə bağlı hesabatla çıxış edib.

NÜMAYİŞLƏRDƏ 2000 MÜLKİ ŞƏXSİN ÖLDÜRÜLDÜYÜ BİLDİRİLİR


Bunlara da nəzər salın
Hesabatda hökumət əleyhinə nümayişlərin başladığı mart ayından indiyə qədər təxminən 2000 mülki şəxsin öldürüldüyü bildirilir. Fernandez-Taranco onu da deyib ki, Təhlükəsizlik Şurasının ötən həftə Suriyanı zorakılıqlara dərhal son qoymaq çağırışından sonra da adamlara divan tutulmasında bir azalma müşahidə olunmayıb.

Britaniyanın BMT-dəki səfirinin müavini Philip Parham Təhlükəsizlik Şurasının qapalı iclasından sonra jurnalistlərə deyib ki, Fernandez-Taranconun təqdim etdiyi məlumatlar qorxunc və ürəkağrıdıcıdır:

«Sadəcə məsələnin miqyasını xatırlatmaq üçün deyim ki, Suriyada indiyə qədər 2000 mülki şəxs qətlə yetirilib. Onların böyük əksəriyyəti silahsız adamlar olub. 3 min mülki şəxs yoxa çıxıb. 13 min adam həbs olub. On minlərlə adam repressiyalara görə ev-eşiyini tərk edib. Bir neçə min Suriya qaçqını Türkiyə ərazisindədir. Suriyada media və humanitar təşkilatlara giriş qadağandır».

«BU İKİÜZLÜLÜKDÜR»


Suriyada hökümət qüvvələri
Lakin Suriyanın BMT-dəki səfiri Bashar Ja'afari Avropa ölkələrinin tənqidini qəbul etməyib. O, ölkəsindəki etiraz aksiyalarını Böyük Britaniyadakı iğtişaşlarla müqayisə edib:

«İngiltərə baş nazirinin İngiltərədəki üsyançıları quldur adlandırmasını eşitmək çox ibrətamiz idi. Onlar bizə Suriyadakı silahlı şəxslər, terrorçu qruplar barəsində eyni termini işlətməyə icazə vermirlər. Bu ikiüzlülükdür».

Suriya səfinin bu qınağına Britaniyanın BMT-dəki nümayəndəsinin cavabı gecikməyib. O suriyalı həmkarının müqayisəsini absurd adlandırıb.

«ASSADIN LEGİTİMLİYİ YOXDUR»

Bu arada ABŞ-ın BMT-dəki səfiri Susan Rice Vaşinqtonun indiyə qədər rejiminə qarşı ən sərt bəyanatını səsləndirib:

«Biz aydın vurğulamaq istəyirik ki, Assadin hərəkətləri qətiyyən qəbuledilməzdir. Onun ölkəni idarə etmək üçün artıq legitimliyi yoxdur. Düşünürük ki, Assadsiz Suriya və Suriya xalqı üçün çox yaxşı olar».

Vaşinqtondakı rəsmilərin sözlərinə görə, Obama administrasiyası Bashar Assadi ilk dəfə olaraq açıq şəkildə istefa verməyə çağırmağa hazırlaşır. ABŞ çərşənbə günü Suriyaya qarşı birtərəfli qaydada yeni sanksiya tətbiq edib.

Son məlumata görə, Suriya qoşunları Türkiyə ilə sərhəddəki Saraqeb şəhərinə girib. Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, ordunun şəhər girməsindən sonra partlayış və atəş səsləri eşidilib. Onlarla adam həbs edilib.
XS
SM
MD
LG