Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:18

Evlərin sənədləşdirilməsi haqqında qanun layihəsi var, amma...


Bakıda neft buruqları arasında tikilmiş bu cür evlərin sənədləşdirilməsi sual altındadır.
Bakıda neft buruqları arasında tikilmiş bu cür evlərin sənədləşdirilməsi sual altındadır.

-
«Dünən bələdiyyədən gəlmişdilər, evi sənədləşdirmək üçün sənədləri yığırdılar. Qonşularımız da nə vaxtdır sənədlərini veriblər, hələ də xəbər yoxdur. 3 ilə yaxındır burda yaşayırıq, evi hələ də sənədləşdirib bir tərəfə çıxarda bilmirik».


Bu, Suraxanı rayonu ərazisində yeni salınmış Şimal-Şərq yaşayış massivinin sakini Azər Fərəcovdur. Dediyinə görə 3 il əvvəl həyətyanı sahəsi olan fərdi ev alıb. Son günlər rayon bələdiyyəsinin işçiləri daha bir dəfə qapı-qapı gəzərək sakinlərə evlərinin sənədləşdiriləcəyini deyir, bunun üçün onlardan torpaq şəhadətnaməsini və başqa sənədləri toplayırlar.

Sabunçu rayonu ərazisində yaşayan Vəfa Əsədova da deyir ki, yığhayığdır: «Bələdiyyədən gəliblər ki, illik torpaq haqqını da ödəyin, sənədlərinizi də gətirin, deyirlər, ev sənədləşəcək, prezidentin qərarını gözləyirlər».

SƏNƏDLƏŞMƏ ÜÇÜN 5 MİN MANAT İSTƏYİBLƏR

Vəfa Əsədovanın sözlərinə görə, yaşadığı ev çoxdan köhnəlib - 14 il əvvəl tikdirib. Ancaq sənədləşməsinə ən azı 5 min manat istəyiblər. Pulu olmadığından o da sənəddən əlini çoxdan üzübmüş.

Prezident İlham Əliyev bu il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi.

Sənədsiz evlərin sənədləşdirilməsi üçün ilkin layihənin hazırlanaraq parlamentə təqdim olunduğu barədə məlumatlar var. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə deyir ola bilsin ki, sabah (noyabrın 11-də) layihə tanışlıq üçün millət vəkillərinə paylansın.

«İLKİN LAYİHƏDƏ BOŞLUQLAR VAR»

İqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyinin eksperti Rövşən Ağayev deyir ki, sənədsiz evdə yaşayanların səbirsizliklə gözlədikləri layihə ilə tanış olub. İlkin layihə belə adlanır: ««Mülkiyyət hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən yaşayış evləri və torpaq sahələri üzərində hüquqların leqallaşdırılması haqqında».

Layihədə göstərilib ki, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik xətlərinin, metropolitenin, dəmir yolu qurğularının üzərində tikilmiş evlərə sənəd verilməyəcək. Eyni qadağa müdafiə obyektləri, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğuları, neft buruqları, avtomobil yollarının və suların mühafizə zolaqlarında yerləşən torpaq sahələrinə də aiddir.

Həmçinin sürüşmə zonası və onların üzərindəki evlər də sənəd ala bilməyəcək. Bura meşə və su fondu torpaqlarında, müdafiə təyinatlı torpaqlarda tikilən evlər də daxildir.


Neft və qaz yataqlarının işlənməsi, neftin, qazın hasilatı, nəqli üçün müvafiq təsərrüfat subyektinin qanuni istifadəsində olan torpaqlarda tikilən evlərin də sənədləşdirilməsi mümkün olmayacaq. Əgər həmin ərazilər neft hasilatına yararlıdırsa».

Ekspertin fikrincə, bu, o deməkdir ki, layihəyə dəyişikliklər və əlavələr olunmasa sənədsiz evlərin böyük hissəsi yenə də sənədləşdirilməmiş qalacaq: «Xeyli sayda evlər var ki, bələdiyyədən çıxarışı var, amma icra hakimiyyətindən tikintisinə sərəncam alınmayıb. Layihə yalnız qanuniləşdirilməsi mümkün olan evləri əhatə edir».

NEFT ŞİRKƏTİNİN İDDİA ETDİYİ ƏRAZİLƏR

Bayıl sakini Gözəl Əliyeva deyir ki, bir neçə ay əvvəl gəlib evlərini siyahıya alıblar ki, sənəd verəcəklər. Ancaq sonradan onlara məlum olub ki, siyahıya alınmada məqsəd əslində Dövlət Neft Şirkəti tərəfindən evlərindən çıxarılmaları üçün məhkəməyə verilmələrinə hesablanıbmış. Siyahıya alınma bitəndən sonra məhkəmədən bildiriş alıblar.

Hazırda evlər məhkəmə qətnamələri ilə hissə-hissə boşaldılır. Bayılda belə evlərin sayı 10 mindən artıqdır. Bu evlərdə 40-cı illərdən yaşayanlar var. Əksər belə evlərin tikintisi üçün Dövlət Neft Şirkətinin razılıq sənədi və yerli icra hakimiyyətinin verdiyi icazə sənədi də var.

SUBYEKTİV MƏSƏLƏ

Ekspert Rövşən Ağayev hesab edir ki, layihə hazırlanarkən diqqət əsasən Dövlət Neft Şirkətinin iddia etdiyi ərazilərdə və qəza zolaqlarında tikilmiş evlərə yönəlməli idi: «Layihədə konkret şəkildə məsələ qoyulur ki, neft hasilatı ilə bağlı ərazinin yararlığı sübut olunarsa... Yenə deyirəm, bu çox subyektiv məsələdir, bir rəy verəcəklər ki, bu ərazinin neft hasilatı üçün yararlılığı var, vətəndaşlar kütləvi şəkildə çıxarılsın».

Ekspert belə evlərin sənədləşdirilməsinin mümkün olmadığı halda layihədə kompensasiya ilə bağlı müddəanın olmamasını da layihənin natamam işlənməsi ilə əlaqələndirir.

Ekspertin fikrincə, belə layihələrin hazırlanmasında hökumət ictimai rəy və təklifləri nəzərə almadığından layihədə yarımçıqlıq ortaya çıxıb.

«ÇALIŞACAĞIQ Kİ, QANUN VƏTƏNDAŞLARIN MARAQLARINA SÖYKƏNSİN»

Millət vəkili Çingiz Qənizadə də hesab edir ki, həmin evlərin sənədləşdirilməsində problemlər ortaya çıxacaq:

- O layihə müvafiq komitələrdə müzakirəyə çıxarılanda yenə çalışacağıq ki, maksimum vətəndaşların maraqlarına söykənən qanun qəbul olunsun.

- Belə məsələlərdə hansısa monopolist maraqları ortaya girə bilərmi?

- İnanmıram. Heç bir vəzifəli, imkanlı, monopolist şəxs istəməz ki, yüzlərlə insanın evi sökülsün. Orda ancaq dövlətin strateji maraqları ola bilər - elektrik, su, neft kəmərləri. Bunu dərhal siyasiləşdirib monopolist marağı kimi təqdim etmək düzgün deyil.

Müstəqil ekspertlərin hesablamalarına görə, Bakı və Bakıərtafı qəsəbələrdə təqribən 400 min sənədsiz ev tikilib.

XS
SM
MD
LG