Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:00

“Bu gün səhnəmizdə Məlik Dadaşov, Şəfiqə Məmmədova səviyyəsində aktyor yoxdur”


Aydın Talıbzadə
Aydın Talıbzadə
“İndi mənə Mikayıl Mirzə kimi aktyor göstərə bilərsinizmi? Səməndər Rzayev kimi aktyor varmı? Bəlkə də, gələcəkdə olacaq— istedad nəhəngliyi baxımından onlara bərabər olacaq. Amma indi gördüyüm aktyorlar sırasında belələri yoxdur”.

“Gənc Tamaşaçılar Teatrında tamaşa göstəriləndə, mənim tələbələrim yer tapmırlar. Mən bu cücərtiləri hiss edirəm. Bu, islahatların nəticəsidir”.

“70 yaşından sonra çox nadir insanlar olub ki, yarada biliblər”



AzadlıqRadiosunun “İz” proqramının son buraxılışı Azərbaycan teatrının hazırkı durumuna həsr olunub. Bələdçimiz tanınmış teatrşünas Aydın Talıbzadədir. O, teatr və teatrdakı son islahatlar barədə nə danışdı?

PROQRAMI DİNLƏ

- Aydın bəy, teatrşünaslar teatra lap çox gedənlərdir, deyilmi?

- Elədir. Teatrşünas ən yaxşı seyrçi sayılır.

BİZ TAMAŞANI OXUYA BİLİRİK

- Adi tamaşaçıdan teatrşünas gözünün çoxmu fərqi var?

- Heç bir fərqi yoxdur. Teatrşünas tamaşaya adi seyrçi kimi getməlidir. Bu, aksiomadır. Biz sadəcə peşəkar seyrçiyik - teatra daha çox gedirik.

- Bəs onda niyə siz tamaşanı daha dərindən duyursunuz, tamaşa barədə daha gözəl yaza bilirsiniz. Amma bizlər bunu bacarmırıq.

- Çünki bizim tamaşanı “oxumaq” üçün imkanımız, bilgilərimiz, metodlarımız var. Biz tamaşanı “oxuduğumuzdan” tamaşa haqqında yaza bilirik.

- Aydın bəy, o proses - tamaşaya getmək, ondan yazmaq necədir - həzz verirmi adama?

- Mənə dünyada ən çox ləzzət edən məqam odur ki, tamaşa xoşuma gəlsin və ondan resenziya yazım…Rejissorun fikrini oxuya bilim, onun dünyaya baxışını görüm, aktyorun konkret məqamda təkcə oynadığını yox, həm də mənə nə söylədiyini anlaya bilim. Əgər sən bunun üzərində fəlsəfi gəzişmələr də qura bilirsənsə, o daha maraqlı, həzzverici bir proses olur.

YAXŞI TAMAŞA ÇOXQATLI OLUR

- Bəs ətrafınızdakı adi tamaşaçının o həzdən məhrum olmasını bilmək
sizə əzab vermir?


- Bilirsinzimi, yaxşı tamaşa çoxqatlı olur. Yaxşı tamaşa adi seyrçinin də xoşuna gəlməlidir. Əgər adi tamaşaçının xoşuna gəlmirsə, yalnız teatrşünasa həzz verirsə, artıq düşünmək üçün əsas var. Teatrşünasın hər bir yazısı kompleks şəkildə olmalıdır. O hər şeyi görübən son nəticəyə gəlməlidir. Teatrşünaslıq da müxtəlif qollara ayrılır. Elə olur ki, tamaşa oynanan kimi çaparaq reaksiya vermək lazımdır. Bir də var 10 tamaşadan sonra. Bunlar sənətin özündə gəlişən metodlardır. Teatrşünaslığın da jurnalistikası var, nəzəriyyəsi var, tarixi var. Bu qəribə sintetik bağlılıqdan doğan sənətdir.

BİR DƏFƏ BAXAMQLA RESENZİYA YAZA BİLİRƏM

- Yəni doğrudan bir tamaşaya 10 dəfə baxandan sonra resenziya yazdığınız vaxtlar olub?

- Məncə, hələ bu vaxtacan 10 dəfə baxdığım tamaşa olmayıb. İndi mən bir dəfə baxmaqla resenziya yaza bilirəm. Amma elə tamaşalar olub ki, iki-üç, hətta dörd dəfə baxmışam. Ömrümdə yeganə “Stalker” filminə 5 dəfə baxmışam (gülüşmə).

“HEYDƏRBABAYA SALAM”A 5-7 DƏFƏ BAXMIŞAM

- Belə çıxır tamaşadansa, filmə çox baxmısınız…

- Yox, indi siz dediniz yadıma düşdü… Bir dəfə də Vaqif İbrahimoğlunun “Heydərbabaya salam” tamaşasına azı bir 6-7-8 dəfə baxmışam. Çox güclü təsir etmişdi mənə.

- Mən də o tamaşaya baxmışdım—özü də ilk tamaşaya.. Çoxdan, lap çoxdan idi. 20-25 il olar yəqin…

- Mənim dəqiq yadıma gəlir. İlk tamaşa oynanıldı 1990-cı il yanvarın 13-də. Və bu tamaşa ilə “Yuğ” teatrı açıldı.

İNSAN XATIRLANIRSA…TƏƏSSÜFLƏNMƏYƏ DƏYMƏZ

- Aydın bəy, təəssüf ki, söhbət hərlənib-fırlanıb yenə “Yuğ” teatrının, Vaqif İbrahimoğlunun üstünə gəldi. Onu itirdiyimizi bir daha anladıq.

--Əgər insan xatırlanırsa, onun üçün təəssüflənməyə dəyməz.

- Onda söhbəti dəyişək. Əsas mövzumuza gələk. Biz jurnalistlər xeyli vaxtdır teatrlarda tamaşaçı qıtlığından, repertuar sönüklüyündən, aktyor kasıbçılığından danışırıq. Bəs siz necə qarşılayırsınız bu dediklərimi?

ISLAHATLARIN ƏSAS MƏQSƏDİ NƏDİR?

- Mən hesab edirəm ki, bu barədə təkcə jurnalistlər yox, teatrşünsalar da danışır. Həm də, 70-ci llərin sonundan danışmağa başlayıb. Artıq yorulub. Azərbaycan teatrı 80-ci illərdən müəyyən böhran yaşayıb. Günbəgün geri gedirdik. Bunun həm
Sevda İsmayıllı
Sevda İsmayıllı
obyektiv, həm də subyektiv səbəbləri vardı. İndi mən bu səbəbləri saysam, çox vaxt gedər. Odur ki, atüstü keçək. Həm siyasi proseslər, həm teatrın öz içində olan durğunluq, həm də teatrın müasir dövrə adekvat olmaması və s. kimi problemlər Azərbaycan teatrını durğunluq həddinə çatdırdı. Düzdür, həmin dövrdə normal tamaşalar da vardı. Amma söhbət bütövlükdə Azərbaycan teatrının bədii-estetik durumundan gedirsə, müasir dünya teatrından qat-qat geri idi. Ölkədə islahatların başlanması da məhz bu tələbatdan doğurdu. Azərbaycan teatrını işlək, mobil səviyyəyə gətirmək gərək idi ki, onun tamaşalarını hara isə çıxarmaq olsun. Bu tamaşalar sadəcə bizə həzz versin. Sonra düşünməliyik ki, bizim teatr rəqabətə davamlıdır, ya yox? Məncə, islahatların əsas məqsədi Azərbaycan tamaşaçısını teatra gətirmək, ona yenidən teatra gəlmək mədəniyyəti aşılamaqdır.

İSLAHATLAR UĞURLU OLACAQ

- Sizcə, buna çatmaq olacaqmı?

- Daxili duyumum deyir ki, islahatlar uğurlu olacaq. Mən artıq bunun ilkin təzahürlərini görməkdəyəm. Əgər proses bu cür davam etsə, və insanların öz işinə tələbatı artsa, doğrudan da, Azərbaycanda yeni teatr ab-havası yaranacaq.

- Bəs niyə belə ağrılı, qalmaqallı, dedi-qodulu gedir bu islahatlar?

- Gəlin, bu dedi-qodulara iki istiqamətdə yanaşaq. Birinci, şou-biznesin istifadə etdiyi qalmaqallar sistemi—axı dedi-qodu sonda mifə çevrilir. Mif isə insanlarda maraq yaradır. Bəlkə də bu dedi-qodular ona yönəlib ki, camaatda maraq oyatsın? Yəni bu özü də imic formalaşdıran faktordur. Bir də buna cığallıq aspektindən də yanaşmaq mümkündür. Əgər mən sağalmaq istəyirəmsə, müasir dünyayla qaynaşmaq istəyirəmsə, ilk növbədə içimdəki intizamdan başlamalıyam. Teatr böyük kollektivdir. Əgər içində dəmir intizam olamayacaqsa, yaşaması çətin olacaq. Azərbaycan teatrı da 80-ci illərdən bu bir neçə il öncəyədək intizam baxımından axsayırdı. Çünki teatrıln sahibi yox idi. Vaxtilə dramaturq teatrı olub. Gedirdilər Esxilin, Sofoklun teatrına baxırdılar. Sonra aktyor teatrı gəldi. XX əsr rejissor teatrı doğurdu. İndi isə teatrda direktorlar erası başlayıb. Güclü direktor teatrı yaşadır!

GÜCLÜ DİREKTORLAR VAR!

- Bizdə güclü direktorlar varmı?

- Var. Azərbaycanda güclü direktorlar işi əllərinə alıb. Onlar yaradıcı işi təşkil edirlər. Ən maraqlı rejissorları cəlb edirlər, ən maraqlı pyeslərə müraciət edirlər. Azərbaycana maraqlı səhnə tərtibatçıları dəvət etmək istəyirlər. Yəni işi direktorlar gəlişdirirlər, onlar paylaşdırırlar və teatra maddi imlkanları da onlar gətirirlər. Bu davam eəcəksə, ölkədə teatr işi aktivləşəcək. Hər halda mən bir teatrşünas kimi buna inanmaq istərdim.

- Ölkə teatrlarında güclü direktorlar deyəndə, yəqin o siyahıya Milli Dram Teatrının direktoru İsrafil İsrafilovu da saldınız?

- Bəli, İsrafil İsrafilovdur, Əliqismət Lalayevdir, Mübariz Həmidovdur və Akif Məlikovdur. Onlar güclü insanlardır və ən başlıcası, teatra vurğundurlar. Təki dediklərim reallaşsın və öz bəhrəsini versin.

ONLAR GETDİLƏR, İNDİKİLƏR QALDI

- Aydın bəy, tez-tez xalq artistləriylə bağlı problemlər çıxır. Hətta mətbuata sızır. Sizcə, adlı-sanlı artistlərlə işləmək çətindirmi?

- Harda iş varsa, orada bir söz-söhbət, konflikt olur. Bizim xarakterimizdə bir nüans var—kimlərsə işə aktiv şəkildə başlayanda, içimizdə bir qıcııq yaranır ki, niyə bu iş gedir-- mən yoxam? Bu ambisiyalardan uzaqda dayanmaq lazımdır. İndiki xalq artistləri vaxtilə Həsənağa Turabovla, Mikayıl Mirzə ilə, Şəfiqə Məmmədova ilə, Amaliya Pənahova ilə, Səməndər Rzayevlə, Hamlet Xanızadə ilə birlikdə səhnəni
"Azdrama"
"Azdrama"
paylaşıblar. Onlar getdilər, indikilər qaldı. Xalq artisti deyəndə, göz önünə Məlik Dadaşaov gəlir. Rza Təhmasib, Ələsgər Ələkbərov gəlir. İndikilər onların səviyyəsində dayana bilirlərmi? Onların ambisiyaları elə xalq artistlərinin səviyyəsindədir. Amma istedad baxımından belə deyil axı. Kalibr, miqyas o deyil. Məgər səhnəmizdə Amaliya Pənahova, Şəfiqə Məmmədova kimi aktrisa var? Bu fərqi görmək lazımdır.

HƏR ŞEY TAMAŞAYA XİDMƏT ETMƏLİDİR!

- Amma onlar mediada çox iddialı danışırlar...

- Nə edirsən et, nə danışırsansa danış, teatrda olan bütün işlər teatrın xeyrinə işləməlidir. Tamaşanın uğuruna mane olacaq hər hansı bir iş, iddia—kəsilib atılmalıdır. Hamı teatrda tamaşaya xidmət etməlidir. Bu, aksiomdur.

- Həftə sonu Gəncə teatrından bir xəbər gəldi. Orada deyəsən 11 aktyoru yaşa görə işdən çıxarmışdılar. Arasında Cahandar ağa-Ələddin Abbasov da vardı...Onu niyə çıxardılar? Elə ulduz aktyora teatrda xüsusi bir ştat açmaq olmazdımı?

- Ələddin Abbasov aktyor sexinin ən öndə dayanan, onu simvolizə edən adamlarındandır. Yəqin ki, prezident təqaüdçüsüdür. Bəlkə də, teatrda işə ehtiyacı yoxdur. Amma teatrın fəxridir. İstər işlədi, istər işləmədi. Mən aktyorları başa düşürəm. Birdən-birə ayılırlar ki, işsizdirlər. Amma teatr da ölçüsüz deyil, axı? Müasir dünyanın tələblərinə uyuşmaq lazımdır. İşdən çıxarılmaq o demək deyil ki, bir daha işə qayıtmayacqlar. Lazım gələndə yenə onlardan istifadə oluna bilər. Indi aktyorlarla müqavilə belə birillik imzalanır. Bütöv ştatda aktyor saxalmaq müasir ritmə də uyğun deyil. Bir də ki, 70 yaşından sonra çox nadir insanlar olub ki, yarada biliblər. Biz özümüzü real qiymətləndirməliyik.

- Aydın bəy, indiki xalq artistləri barədə danışdınız...

- Siz mənimlə razısınız?

- Mən jurnalistəm. Şərh vermirəm, fikir bildirmirəm...

- Siz də ziyalısınız. Fikrinizi bilmək istəyirəm...

- Mən bayaq adını çəkdiyiniz aktyorların hamısını səhnədə görmüşəm. O mənada dediklərinizə qatılıram. Amma indiki xalq artistlərini də anlamaq lazımdır. İstirahətə yola salsaq, onların yeri dolacaqmı?

- Sənətdə heç kəs heç kəsi əvəz eləmir! Bilmirəm indi elə kadrlar varmı? Yəqin ki, yoxdur. Olsaydı, biz görərdik. Bu gün nəinki Ələsgər Ələkbərov, heç Hamlet Xanızadə yoxdur! İndi mənə Mikayıl Mirzə kimi aktyor göstərə bilərsinizmi? Səməndər Rzayev kimi aktyor varmı? Bəlkə də, gələcəkdə olacaq— istedad nəhəngliyi baxımından onlara bərabər olacaq. Amma indi gördüyüm aktyorlar sırasında belələri yoxdur. Bu bir reallıqdır, həqiqətdir. Bunu biz bilməliyik.

TEATR ÖLDÜ! YAŞASIN TEATR!

--Mən də müsahibəni “Teatr öldü! Yaşasın teatr!” sözləriylə bitirmək istəyirdim...

- Əlbəttə ki, yaşasın teatr! Mən son vaxtlar iki tamaşaya resenziya yazmışam. Hər iki tamaşada seyrçi gördüm. İlyas Əfəndiyevin “Boyçiçəyi” tamaşasında birdən baxdım ki, tamaşa salonu tam sakit vəziyyətdə aktyorları dinləyir. Heç kəsin cınqırı çıxmırdı. Heç kəs telefonla oynamırdı. Mənə ləzzət elədi. Sonra “Xanuma”ya baxdım. Üç saat yarımlıq tamaşaya sonacan baxdılar. Onlar qaldılar və əl çaldılar. Gənc Tamaşaçılar Teatrında tamaşa göstəriləndə, mənim tələbələrim yer tapmırlar. Mən bu cücərtiləri hiss edirəm. Bu, islahatların nəticəsidir. Boş yerdən deyil ki, indi teatr ətrafında bu qədər söz-söhbət gəzir? İş var və bu kimlərinsə xoşuna gəlmir, kimlərinsə mənafeyinə toxunur.

- Aydın bəy, sağ olun. Fikirləşirəm ki, sizin bu danışdıqlarınızı 25 dəqiqəlik bir proqrama necə sığışdıracam?..(gülüşmə)

- Siz sığışdırmayın—eləcə verin.

P.S. Eləcə verməsəm də, eləcə yazmağa çalışdım. Teatr islahatları barədə söhbət davam edəcək.
XS
SM
MD
LG