Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:52

Azərbaycan genişmiqyaslı haker hücumuna məruz qalıb


Azerbaijan - hacked webpage of the ruling party
Azerbaijan - hacked webpage of the ruling party

Yanvarın 16-da günorta saatlarında 10-a yaxın dövlət və xəbər agentliklərinin saytları haker hücumuna məruz qalıb. Bunlar arasında prezident.az da daxil olmaqla, Yeni Azərbaycan Partiyasının, Daxili İşlər və Rabitə Nazirliklərinin, Konstitusiya Məhkəməsinin, Bakı şəhər İcra Hakimiyyətinin və digər dövlət orqanının, həmçinin müstəqil Trend İnformasiya agentliyinin saytı var idi.

Hucuma məruz qalan saytları açanda, orada sayt əvəzinə Azərbaycan dövlətinin ünvanına ittiham və təhqiramiz sözlər yazılmış şəkillər görmək olardı.

Hücuma məruz qalan saytlar gün ərzində fəaliyyətilərini bərpa ediblər.

Haker hücumlarə “Azerian Cyber Army” adlı haker qrupu imzası ilə həyata keçirilirdi.

Hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev hücumların araşdırıldığını deyir. Onun sözlərinə görə, hələ dekabrın 26-da “Yeni Azərbaycan” qəzetinin saytına hücum edilmişdi. O vaxt mütəxəssislərin araşdırmaları nəticəsində sayta İran hakerləri tərəfindən hücum edildiyi müəyyən olunmuşdu.

“MARKA BURAXAN ŞİRKƏTİK”

Haker hücumuna məruz qalan saytlar arasında Azərmarka şirkətinin də saytı var.
Şirkətin prezidenti İntiqam Bağırlı onlara niyə hücum edildiyinə təəccübləndiyini deyir:

"Hazırda dəqiq heç nə deyə bilmərəm. Özü də çox maraqlıdır ki, biz marka buraxan, markalar haqda məlumat verən bir dövlət idarəsiyik. Saytda siyasi məlumatlar belə yoxdur. Görünür ki, kimsə ümumi bir xətlə, xüsusi seçilməmiş saytlara hücum edib. Saytda bir lövhə yerləşdirilib, Qurandan ayə yazılıb, şəkillər yerləşdirilib".

BU, TAM HAKER HÜCUMU DEYİL

Web ekspert Rəşad Əliyev bildirir ki, baş verənləri tam haker hücumu saymaq olmaz:
"Sadəcə olaraq saytlara giriş tapa biliblər və hazır proqramlar yerləşdiriblər. Bunun hesabına saytın index-ini dəyişiblər". Onun sözlərinə görə, belə əməliyyatlar saytların informasiya bazasına ziyan vurma bilmir.

Ekspert hesab edir ki, saytların hücumdan zərər çəkməsi onların proqramlaşdırılmasının zəifliyndədir və hadisəni qapının qapının adi bir daşla sındırılmasına bənzədib. Rəşad Əliyev ehtiyyat edir ki, gələcəkdə daha güclü hücumlar ola bilər. Belə hücumların nəticələrini isə, onun fikrincə, 30 dəqiqə, bir saat ərzində aradan qaldırıb, saytı əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.

YAPın REAKSİYASI

Hakim Yeni Azərbaycan Partiyasından Millət vəkili Aydın Mirzəzadə Trend informasiya agentliyinə deyib ki, bir sıra dövlət qurumlarının saytına olan haker hücumları Azərbaycanın artan nüfuzuna kölgə salmaq məqsədilə təşkil edilib:

"Kimlərisə Azərbaycanın inkişafı, daxili və xarici siyasətdəki uğurları, onun dünyanın nüfuzlu ölkələrindən birinə çevrilməsi çox narahat edir".

Millət vəkili bunu təkcə texniki təxribat yox, həm də siyasi təxribat kimi qiymətləndirib:
"Hücuma məruz qalan saytların siyahısı göstərir ki, məqsəd Azərbaycanın dövlət qurumlarının saytlarını, həm də nüfuzlu saytlarını sıradan çıxarmaqdır. Görünür, burada texniki təxribatla yanaşı, siyasi təxribat istəkləri də var. Çox güman ki, bu prosesi xüsusi tapşırıq almış haker qrupu həyata keçirib" - Mirzəzadə qeyd edib.

Onun sözlərinə görə, bu qüvvələr Azərbaycanı yeni bir sahə, istiqamət üzrə sınaqdan keçirdi və onların təxribat cəhdləri baş tutmadı. Millət vəkili bunun səbəbini Azərbaycanda müxtəlif istiqamətlər üzrə həyata keçirilən işlərin yüksək texniki imkanlar sayəsində qurulması ilə əlaqələndirib.

"BU HADİSƏ AZƏRBAYCAN ÜÇÜN BÖYÜK BİR SIQNALDIR"

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyalarının İnstitutunun direktoru Rasim Əliquliyev APA informasiya agentliyinə bildirib ki, Azərbaycanın dövlət saytlarına haker hücumu böyük siqnal ola bilər:

“Heç bir sayt haker hücumundan sığortalanmayıb. Hətta dünyanın aparıcı ölkələrinə mənsub olan çox mühüm saytlar da dağıdılır. Bu virtual məkanın, informasiya müharibəsinin gətirdiyi təzahürlərdir. Təəssüfləndirici hal odur ki, Azərbaycanda mühüm dövlət orqanlarının saytlarına hücum edilib. Bunlara qarşı tədbir görmək və mütəxəssis araşdırması aparmaq lazımdır.

İndidən kimisə günahlandırmaq istəmirəm. Bu məsələ tam araşdırılmalıdır. Bu təhlükənin hansı İP ünvanlardan, hansı ölkələrdən, hansı ölkələrdə fəaliyyət göstərən provayderlər tərəfindən həyata keçirilməsini aydınlaşdırmaq mütəxəssislər üçün çətin deyil. Bu təhlükənin mənbəyi ilə bağlı tədbirlər görmək artıq müvafiq dövlət qurumlarının işidir.

Amma bu hadisə Azərbaycan üçün böyük bir siqnaldır. Elektron dövlət formalaşdıqca, veb saytlarımızın, elektron dövlətin ayrı-ayrı komponentlərinin təhlükəsizliyinin qorunmasına böyük əhəmiyyət verməliyik. Çünki təhlükəsizlik təmin olunmayanda belə hallar ortaya çıxır.

Hazırda elektron hökumət vasitəsilə əhaliyə müxtəlif elektron xidmətlər göstərilir. Hansısa veb saytın sıradan çıxması sadəcə həvəskar məsələ deyil, bu, artıq dövlət hakimiyyət orqanının öz funksiyasını yerinə yetirə bilməməsinə gətirib çıxarır.

Buna görə də bu məsələ diqqəti bir daha ölkədə milli informasiya təhlükəsizliyi sisteminin mexanizmlərinin qurulmasına yönəldir. Düzdür, ölkədə bununla bağlı işlər aparılır. Azərbaycan eyni zamanda kibercinayətkarlığa qarşı konvensiyaya qoşulub”.

R. Əliquliyev qeyd edib ki, informasiya təhlükəsizliyi dövlətin milli təhlükəsizliyinin əsas komponentlərindən biridir: “Bu hadisə artıq bizim qarşımızda mühüm vəzifə qoyur ki, biz informasiya təhlükəsizliyinin təmin olunması üçün müxtəlif səviyyələrdə işlər aparmalıyıq. Anti-virus anti-haker proqram məhsullarının tətbiq olunması, Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən qəbul edilmiş informasiya təhlükəsizliyinə dair standartların Azərbaycan tərəfindən qəbul edilməsi, müvafiq qurumlar tərəfindən onun hüquqi statusa gətirilməsi o deməkdir ki, Azərbaycan dövlət qurumlarının veb-saytları yaradılarkən həmin standartların tələblərinə uyğun iş görmək lazımdır.

Veb saytlar informasiya təhlükələrinə qarşı dözümlü olmalıdır. İnformasiya təhlükəsizliyi zaman keçdikcə audit olunmalıdır. Başqa sözlə, veb saytların informasiya təhlükəsizliyi idarə olunmalıdır”.

HÜCUMA MƏRUZ QALAN SAYTLARIN SİYAHISI


Azərbaycan Prezidentinin rəsmi saytı,
Bakı şəhər icra hakimiyyəti,
Azərbaycan Dövlət Gömrük Komitəsi,
Azərbaycan Təhsil Nazirliyinin qurumlarından,
Daxili İşlər Nazirliyi, Konstitusiya Məhkəməsi,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzi,
Yeni Azərbaycan Partiyası,
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası,
Abşeron Rayon İcra Hakimiyyəti,
AzərTacın və Trend inforamsiya agentlikləri.
XS
SM
MD
LG