Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:49

«Diffamasiya haqqında» qanun layihəsi hardadır?


Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və vitse- spiker Bahar Muradovanın keçirdiyi mətbuat konfransı
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və vitse- spiker Bahar Muradovanın keçirdiyi mətbuat konfransı
«Milli Məclisə «Diffamasiya haqqında» hər hansı qanun layihəsi daxil olmayıb». Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev vitse- spiker Bahar Muradova ilə birgə 2011-ci ilin payız sessiyasının yekunları və 2012-ci ilin yaz sessiyasının başlanması ilə əlaqədar keçirdikləri mətbuat konfransında deyib. Səfa Mirzəyevin fikrincə, Azərbaycanın indiki siyasi vəziyyətində «Diffamasiya haqqında» qanunun qəbulu yaxşı vəziyyət vəd etmir.

BİR NEÇƏ İL GÖZLƏMƏK?

Səfa Mirzəyev:

«Bizim nə siyasi mədəniyyət səviyyəmiz, nə də media mədəniyyəti səviyyəmiz o dərəcə yüksək deyil ki, bundan səmərəli istifadə edə bilək. Qanunun qəbulu yalnız hərc-mərcliyə, davaya, təhqir və böhtana gətirib çıxaracaq. Oturuşmuş demokratiyada, yüksək siyasi mədəniyyəti olan yerdə bunu qəbul etmək olar. Ona görə də «Diffamasiya haqqında» qanunu qəbul etmək üçün bir neçə il gözləməliyik».

Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli isə deyir ki, təmsil etdiyi qurum ATƏT-in Bakı ofisi ilə birgə diffamasiya haqqında qanun layihəsini hazırlayıb müvafiq qurumlara təqdim edib. Bundan sonra-yəni həmin ilin dekabrında prezident İlham Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramını təsdiq edib. Proqramdakı bəndlərdən biri də Azərbaycan qanunvericiliyinin diffamasiya hallarına uyğunlaşdırılmasından ibarətdir:
«Dekabr ayının 16-da prezidentin sərəncamı oldu. Həmin sərəncamda nəzərdə tutulur ki, 2012-ci ildə diffamasiya ilə bağlı hüquqi qüvvədə olan maddələr diffamasiya qanununa uyğunlaşdırılsın və «Diffamasiya haqqında» qanun qəbul olunsun».

Müşviq Ələsgərli hesab edir ki, bu fərmanın verilməsi «Diffamasiya haqqında» qanunun qəbulu üçün çox ciddi istiqamətdir və güman olunur ki, 2012-ci ildə bu addım atılacaq.

SƏNƏDİ KİM TƏQDİM EDİB?

Səfa Mirzəyev deyir ki, «Milli Məclisə qanun layihəsini yalnız qanunvericilik təşəbbüsü hüququ olan subyektlər təqdim edə bilər. Gündə Milli Məclisə 50-yə yaxın sənəd daxil olur. Bunlar parlamentdə müzakirəyə çıxarıla bilməz. Yoldan keçən birinin təqdim etdiyi qanun layihəsinin Milli Məclisdə müzakirəsi mümkün deyil».

Mətbuat Şurasından isə bildirirlər ki, layihə Prezident Administrasiyasının Hüquq şöbəsinə də göndərilib.

Milli Məclis rəhbərliyində diffamasiya haqqında qanunla bağlı fikirlər fərqlidir. Elə həmin mətbuat konfransında Milli Məclis sədrinin müavini Bahar Muradova «Diffamasiya haqqında» qanunun qəbulunun tərəfdarı olduğunu deyib.
XS
SM
MD
LG