Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:04

Avropa Birliyi tövsiyyə edir ki….


Avropa Birliyinin bayrağı
Avropa Birliyinin bayrağı
Avropa Birliyi Şurası fevralın 27-də Brüsseldə xarici məsələlərlə bağlı toplantı keçirib. Toplantının nəticəsi olaraq Cənubi Qafqazla bağlı tövsiyyələrin də yer aldığı sənəd yayılıb. Həmin sənəddə deyilir ki, Avropa Birliyi Şərq Tərəfdaşlığı çərçivəsində qurumla Azərbaycan, Ermənistan və Gürcüstan arasında münasibətlərin daha da yaxşılaşması istiqamətində əldə olunan uğurları alqışlayır.
Regionda təhlükəsizlik və stabillik, demokratik islahatlar, iqtisadi investisiya və enerji maraqlarını xatırladılaraq Avropa Birliyi adından sənəddə o da qeyd olunur ki, qurum Cənubi Qafqazda təhlükəsizlik, demokratiya, hüquqi norma, insan haqlarına hörmət, davamlı inkişafı bundan sonra da dəstəkləmək və regionda münaqişələrin sülh yolu ilə tənzimlənməsi və bütün partiyalarla yaxın əməkdaşlıq üçün öz səylərini artırmağa hazırdır.
İSLAHATLARLA ƏMƏKDAŞLIĞIN MÜTƏNASİBLİYİ
Sənəddə tərəflərin 2011-ci ilin sentyabrında Varşavada Şərq Tərəfdaşlığı Sammitində imzalanmış birgə bəyannaməsindəki öhdəliklərə əməl edilməsinin vacibliyi də vurğulanır və bildirilir ki, islahatların gedişatı həm də əməkdaşlığın səmərəliliyini müəyyənləşdirir.
Avropa Birliyi Azərbaycanla assosiativ razılaşmanın imzalanması üzrə keçirilən danışıqlarda əldə edilən uğurlara diqqət çəkir və bu istiqamətdə bundan sonra da səylərin artırılmasınının vacibliyini qeyd edir. Avropa Birliyi habelə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin ticarət və investisiyaya dair bəndlərini yaxşılaşdırmaq niyyətini açıqlayır. Bildirilir ki, bu, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və Avropa Birliyi ilə mümkün azad ticarət üçün baza rolunu oynaya bilər. Avropa Birliyi həmçinin viza rejiminin sadələşdirilməsinə dair danışıqların başlanmasını alqışlayır.
Avropa Birliyi Azərbaycanda demokratik islahatların, insan haqlarına və əsas azadlıqlara, xüsusən də ifadə və toplaşma azadlığına hörmətin inkişaf etdirilməsinə ehtiyac olduğunu bildirir və qeyd olunur ki, beynəlxalq hüququn prinsiplərinə əməl olunması Avropa Birliyi ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə həlledici təsir göstərir. Sənəddə qeyd olunur ki, Avropa Birliyi Azərbaycanda 2013-cü ildə gözlənilər prezident seçkilərini yaxından izləyəcək.
«SİYASİ MƏHBUSLAR ÜZRƏ MƏRUZƏÇİNİ DƏVƏT EDİN»
Christoph Strasser
Christoph Strasser
Avropa Birliyi həmçinin Azərbaycanı çağırır ki, Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə xüsusi məruzəçisinin ölkəyə dəvət olunması məsələsini həll etsin.
Avropa Birliyi həm də ölkədə korrupsiya ilə mübarizə səylərinin bundan sonra da artırılmasının vacibliyini qeyd edir və bildirir ki, bu, bütün digər islahatlar, xüsusən də iqtisadi inkişafla bağlı islahatlar üçün açar rolunu oynayır.
Avropa Birliyi Azərbaycanla münasibətdə enerji məsələsinin vacibliyini də vurğulayır. Birlik Cənub Dəhlizinin reallaşdırılması istiqamətində görülən işləri, o cümlədən Azərbaycan, Türkmənistan və Avropa Birliyi arasında Trans-Caspian boru kəmərinə dair danışıqları alqışlayır.
MÜNAQİŞƏLƏRƏ GƏLİNCƏ...
Sənəddə regiondakı münaqişələrin sülh yolu ilə həllindən də danışılır.
Avropa Birliyi Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların ləng inkişafından narahatlığını bildirir. Bununla yanaşı Birlik ATƏT-in Minsk qrupunun fəaliyyətini və Rusiya prezidenti Dmitry Medvedevin üçtərəfli danışıqlar təşkil etmək cəhdlərini dəstəklədiyini qeyd edir.
Qurum Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Madrid prinsiplərini müdafiə etdiyini bir daha vurğulayır və həm Azərbaycan, həm də Ermənistanı çağırır ki, bu prinsiplər əsasında razılığa gətməkdə səylərini artırsınlar.
Qurum sülhün əldə olunmasında bundan sonra dəstəyini daha da artırmağa hazır olduğunu bildirir. Şura həm də Avropa Komissiyasını ATƏT ilə sıx məsləhətləşmə şəraitində Dağlıq Qarabağ üçün münaqişədən sonrakı ssenariləri hazırlamağa dəvət edir.

Sayta hazırladı: Ülkər Akifqızı
XS
SM
MD
LG