Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:47

Ə.Həsənov: «Müxalifətin keçirdiyi mitinqi müsbət dəyərləndiririk»


Əli Həsənov
Əli Həsənov
Azərbaycan hakimiyyəti müxalifətin keçirdiyi birgə, icazəli və razılaşdırılmış mitinqi müsbət dəyərləndirir.

«Müxalifətin keçirdiyi birgə, icazəli və razılaşdırılmış mitinqi müsbət dəyərləndiririk. O anlamda ki, Azərbaycan müxalifəti nəhayət Bakı şəhər İcra Hakimiyyəti ilə qanunamüvafiq şəkildə razılaşdırılmış və ayrılmış müvafiq yerdə mitinq keçirmək iradəsini ortaya qoydu», - bunu bazar ertəsi Trend-ə müxalifətin icazəli mitinqinə münasibət bildirərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti düşünür ki, müxalifət məhz gələcəkdə də mitinqləri, ozünün aksiyalarını belə qanunamüvafiq şəkildə, razılaşdırılmış yerlərdə keçirəcək.

«O ki qaldı bunun ümumi siyasi qiymətinə, əlbəttə, bu, eyni zamanda Azərbaycanda söz, məlumat azadlığının, sərbəst şəkildə başqaları ilə toplaşmaq, narazılıq ifadə etmək azadlığının təminatıdır. İndiyə qədər bəziləri həm daxildə, həm də xaricdə, təəssüflər olsun ki, spekulyativ şəkildə Azərbaycanda sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması ilə bağlı bəyanatlar yayırdılar. Bu, həm də onun göstəricisidir ki, Azərbaycanda mitinqlər qanunlar çərçivəsində və qanunamüvafiq şəkildə Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılaraq keçirildikdə sərbəst toplaşma azadlığına heç bir məhdudiyyət qoyulmur», - Həsənov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, bu, eyni zamanda onu göstərir ki, Azərbaycan demokratik dövlətdir, bu dövlətdə insanlar sərbəst şəkildə toplaşa bilirlər.

«Bu mitinqdə dünən sərbəst şəkildə istənilən jurnalist, istənilən məlumatı toplayaraq sərbəst şəkildə yaya bildi. Deməli, Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur. Mitinqin tribunasından onları narazı salan ayrı-ayrı dövlət qurumlarının ünvanına sərbəst şəkildə tənqidlər, müxtəlif fikirlər ifadə olundu. Biz bunu da normal qəbul edirik. Bu, fikir plüralizminin cəmiyyətimizdə, Azərbaycan dövlətində mövcudluğunun əlamətidir. Ümumiyyətlə, buna normal yanaşırıq. Düşünürük ki, artıq biz elə bir dövrə, zamana gəlib çatmışıq ki, həm müxalifət özünün aksiyalarını qanuna uyğunlaşdırmalıdır, həm də hakimiyyət müxalifətin qanuni tələblərini, onların sərbəst toplaşmaq, söz və ifadə azadlığını və digər haqlarını təmin etməlidir», - Həsənov qeyd edib.
XS
SM
MD
LG