Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:03

Umberto Eco: "Şair yanğın zamanı kreslonun üstünə çıxıb şeir deməməlidir"


Umberto Eco
Umberto Eco
Dünya şöhrətli italyan yazıçısı Umberto Eco ziyalının cəmiyyətdəki rolu haqda. "Paris review" jurnalına müsahibəsindən (2008).

Əvvəlcə o barədə ki, kimə intellektual demək olar?

- Əgər siz "intellektual" deyəndə işi əlləriylə yox, başıyla görənləri nəzərdə tutursunuzsa, onda bank işçisi intellektualdır, Mikelancelo isə yox. Və bu gün kompüteri olanların da hamısı intellektual sayılmalıdır.

Yəni mən düşünmürəm ki, bu anlayışın insanın peşəsi və mənsub olduğu sosial təbəqə ilə bağlılığı var.

Mənə görə, intellektual o kəsdir ki, yaradıcı təfəkkürü ilə yeni biliklər yaradır. Əgər bir kəndli anlayırsa ki, yeni üsulla edilmiş calaq ilə yeni alma sortları ala bilər, deməli həmin anda o, intellektual fəaliyyətlə məşğuldur. Amma əgər bir fəlsəfə professoru Heidegger haqda eyni mühazirəni ömrü boyu təkrar-takrar deyirsə, intellektual adlandırıla bilməz.

İntellektual fəaliyyətin yeganə özəlliyi - tənqidi kreativlik, yəni bizim tutduğumuz işə tənqidi yanaşmaq, bu işi görməyin daha yaxşı yollarını kəşf etməkdir.

- Bu günün intellektualları hələ də özlərini Sartre və Foucault-nun dövründə olduğu qədər siyasi cavabdehlik anlayışına bağlı sayırlar?

- Mən düşünmürəm ki, siyasi məsuliyyət intellektualdan mütləq siyasi partiya üzvü kimi hərəkət etməyi tələb edir. Yaxud bundan betər olan bir şeyi - məxsusi olaraq müasir dövrün sosial problemləri haqda yazmağı.

Bütün başqa vətəndaşlar siyasətlə nə qədər bağlıdırlarsa, intellektual da o qədər bağlı olmaldıır.

Onun maksimum edə biləcəyi iş müəyyən təşəbbüsləri dəstəkləmək üçün öz nüfuzundan istifadə etməsi ola bilər. Məsələn, hansısa ekoloji məsələ ilə bağlı imza toplanarsa və mənim də imzamın həmin işə köməyi dəyə bilərsə, həmin konkret halda mən də ümumi işə dəstək üçün öz nüfuzumdan istifadə edərdim.

Problem ondadır ki, intellektualın müasir dövrə yox, gələcəyə dair məsələlərdə işə real xeyri dəyir. Əgər şair teatrdadırsa və teatrda yanğın baş veribsə, o, kreslonun üstünə çıxıb şeir deməməli, başqaları kimi yanğınsöndürən çağırmalıdır.

İntellektualın işi - qabaqcadan deməkdir: həmin teatr binasına diqqət yönəltmək, onun köhnə və təhlükəli olduğunu söyləməkdir. Yəni onun sözü peyğəmbərcəsinə edilmiş müraciət funksiyası daşıya bilər.

İntellektualın işi - deməkdir, Biz bunu etsək, yaxşı olar, yox, Biz bunu mütləq indi etməliyik! - bu isə artıq siyasətçinin işidir. Əgər Thomas More-un utopiyası günlərin birində reallaşmış olsaydı, şübhəsiz ki, bu, Stalinist cəmiyyət olardı.

oxuzali.az
İngiliscədən Q. Rövşən çevirdi
XS
SM
MD
LG