Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:22

Texniki baxış 2012: «Maşını çöldə saxlayıb özümüz içəri girdik»


Müayinə Mərkəzi
Müayinə Mərkəzi
«Maşını içəri salmadıq, özümüz girdik. Sağ olsun, bir cavab oğlan çıxdı bizi yola saldı».

Səbuhi Səmədovun texniki müayinə mərkəzinə girib-çıxmağı 15 dəqiqədən çox çəkmədi. O, avtomobili nəinki müayinə mərkəzinin binasına, heç həyətinə də salmadı.

– Biz kənardan baxırdıq, siz heç maşını içəri salmadınız. Belə tez necə mümkün oldu?

- Hə, biz çöldə saxladıq, yoxlanışa maşınla getmədik, özümüz getdik. Bir cavan oğlan çıxdı bizi yola saldı. Çox sağ olsun.

- Nə qədər pul verdiz?

- Ay qardaş, mən necə deyim, belə şeyləri deməyi xoşlamıram. Bir onu dedim ki, maşını içəri salmadıq. Başqa heç bir şey deyə bilmərəm, başqa cür başa düşmə ey...

TEXNİKİ BAXIŞ MƏRKƏZİNƏ ÇÖLDƏN BAXIŞ

Əslində biz sürücülərlə danışmazdan əvvəl Müayinə Mərkəzinin rəhbərliyinə müraciət edib reportaj hazırlamaq istədiyimizi bildirmişdik. Amma Baş Dövlət Yol Polis İdarəsi Müayinə Mərkəzinin rəisi Rauf Talıbov bizi ərazidən uzaqlaşdırdı. Bildirdi ki, yalnız Dövlət Yol Polis İdarəsi rəhbərliyinin göstərişindən sonra çəkiliş aparmamıza razılıq verə bilər. Amma bu, baş vermədi. Hətta Müayinə Mərkəzindən xeyli kənarda, Maştağa-Bakı yolunun kənarında sürücülərlə söhbətimizə belə müdaxilə edildi.

Texniki müayinədən geri dönən neçə sürücü ilə söhbət etdiksə, hamı əvvəllər üzləşdikləri neqativ halların indi də qaldığını bildirdi.

- Texniki baxışdan keçdiniz?

- Hə.

- Necədir vəziyyət?

- Hər şey elə azərbaycansayağı, necə olacaq.

«ONLAR ADAMI ÇOX YAXŞI QARŞILAYIRLAR»
Foto: Arxiv
Foto: Arxiv

10-15 dəqiqəyə qapıları çürümüş «Jiquli»si üçün texniki baxış talonu alan bir sürücü isə mərkəzdə yaxşı qarşılanmasından məmnun qalmışdı.

«Yol polislərinə Allah can sağlığı versin. Onlar adamı çox yaxşı qarşılayırlar».

BAKIDAKI VƏZİYYƏTƏ ŞÜKÜR EDƏN ŞİRVAN SAKİNİ

Avtomobilini Şirvanda texniki baxışdan keçirən Əbdüləli Nəzərov isə Bakıdakı vəziyyətə şükür edir. Deyir ki, ötən il rüşvətlə bir yerdə 40 manata həll etdiyi texniki baxış bu il ona 56 manata başa gəlib:

«Rüsum həddən artıq qalxıb. Sənəd-filan da yoxdur, elə pulu alıb, atır şkafa. 10 gün əvvəl 011-i apardım texniki baxışa, 56 manat pul aldılar. Halbuki 37 manata yaxın olmalıdır. Deyir, «yox, elə bu qədər verməlisən»».

ŞİRVANDA GÜNORTAYA QƏDƏR İŞLƏYƏN QANUN

Əbdüləli Nəzərovun dediyinə görə, Şirvandakı müayinə mərkəzində qanun-qayda günün birinci yarısına qədər olur:

«Mən olanda 3-4 nəfər gəldi, heç maşınına da baxmadılar. Texniki baxış talonunu alıb getdilər».

Əbdüləli Nəzərov bunu rüşvətin bir ələ cəmləşməsi kimi qiymətləndirir.
Zöhrab İsmayıl
Zöhrab İsmayıl

TEXNİKİ MÜAYİNƏ MƏRKƏZİ KORRUPSİYA MAŞININ BİR HİSSƏSİ KİMİ

Ötən il bir-neçə günlük get-gəldən sonra avtomobilini Maştağadakı müayinə
mərkəzində texniki baxışdan keçirən iqtisadçı Zöhrab İsmayıla görə, texniki baxış, avtomobillərin gömrük qeydiyyatı və s. bu kimi məntəqələr əslində ölkədəki korrupsiya maşınının bir hissəsidir. İqtisadçıya görə, korrupsiya maşını işlədiyi halda ayrı-ayrı hissələrdə korrupsiyaya qarşı mübarizə aparmaq çətin məsələdir:

«Düzəlməsi mümkündür. Demək olmaz ki, düzəlməsi mümkün olmayan bir işdir. Ancaq görünür ki, indiki situasiyaya sərf edir. Burda da maddi maraq, korrupsiya marağı var».

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə hesab edir ki, bütün bu məsələlərə yalnız araşdırma aparandan sonra konkret cavab vermək mümkündür:

«Biz araşdırma aparmadan bir şey deyə bilmərik. Bəlkə o sürücü bir neçə gün əvvəl texniki baxışdan keçibmiş, sonradan gedib talonu götürməyə. Çox şey ola bilər. Amma məsələ araşdırılmalıdır».

QANUNUN TƏLƏBİ

Foto: Arxiv
Foto: Arxiv
Mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1 qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat + mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur.

Bundan əlavə, avtonəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi üçün 10 manat dövlət rüsumu ödənilir.

İnzibati Хətаlаr Məcəlləsinə əsasən, nəqliyyat vasitələrini müəyyən edilmiş qаydаdа və müddətdə texniki bахışdаn keçirməməyə görə fiziki şəхslər 30, vəzifəli şəхslər isə 40 mаnаtdаn 70 mаnаtаdək cərimə olunurlar.

Nazirlər Kabineti isə bu yaxınlarda nəqliyyat vasitələri və onların qoşqularına dövlət texniki baxışı qaydalarına dəyişiklik edib.

Avtonəqliyyat vasitəsinin sahibi Dövlət Yol Polisinin veb-saytında konkret gün və vaxtda baxış üçün yazıla bilər. Ancaq www.dyp.gov.az saytında müvafiq elektron xidmət və qaydalar hələ tətbiq edilməyib. DYP baş idarəsinin şöbə müdiri Kamran Əliyev «Turan»a bildirib ki, yaxın vaxtlarda bir sıra texniki proseduralar həllini tapandan sonra saytda elektron xidmət aktivləşəcək.
XS
SM
MD
LG