Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:52

H.Clinton: «Qarabağ münaqişəsinin həlli üçün yeni yanaşma təklif edəcəyik»


Hillary Clinton
Hillary Clinton
ABŞ Dövlət katibi Hillary Clinton dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşüb.

Görüşdə iştirak etmiş iqtisadçı İnqilab Əhmədov AzadlıqRadiosuna deyib ki, Clinton'la əsasən şəffaflıq, dövlət idarəçiliyi, dövlətin cəmiyyət üçün açıq, cavabdeh olması və s. bu kimi məsələlər müzakirə olunub:

«Xanım Clinton dedi ki, Azərbaycanda vəziyyət yarıyadək doldurulmuş stəkana bənzəyir. Bir tərəf üçün bu yarıyadək boş stəkandırsa, digər tərəf üçün yarıyadək dolu stəkandır. Hillary Clinton Azərbaycanda bəzi ölkələrlə müqayisədə çox işlər görüldüyünü bildirdi. Dedi ki, çox işlər görülüb, ancaq görüləsi daha çox işlər var».

ƏSASƏN ENERJİ MƏSƏLƏLƏRİNƏ TOXUNULUB

Azərbaycanı tərk etməzdən əvvəl H.Clinton Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla birlikdə Bakı beynəlxalq hava limanında mətbuat konfransı keçirib.

Xanım Clinton deyib ki, prezident İlham Əliyevlə görüşdə əsasən enerji məsələlərinə toxunulub.

Jurnalistlərin «bu günlər cəbhə bölgəsində əsgərlərin həlak olması Sizi narahat edirmi» sualını cavablandırarkən ABŞ Dövlət katibi bu barədə eşitdiklərindən üzüldüyünü bildirib:

«Bəli, bu hadisə məni narahat edir. Görürəm ki, hər iki tərəf baş verənlərdən narahatdır. Gəlişim zamanı əsgər ölümü xəbərini eşitmək məni çox üzdü».

H.Clinton bildirib ki, münaqişənin sülhlə həll olunmasına çalışmaq lazımdır:

«Bu münaqişə artıq çoxdan həll edilməli idi. Mən hər iki prezidentə söz vermişəm ki, məsələnin həlli üçün onlara əlimizdən gələn köməyi edəcəyik».

Xanım Clinton deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 18-də Parisdə keçiriləcək görüşündə Qarabağ münaqişəsinin həlli üçün yeni yanaşma təklif ediləcək.

H.Clinton bu günlərdə həbsdən azad olunan Bəxtiyar Hacıyevlə də görüşdüyünü bildirib. Deyib ki, onun azad olunması üçün Azərbaycan prezidentinə müraciət edib. İndi Bəxtiyar Hacıyevi azad gördükdə, çox sevinib.

Xarici işlər naziri Elmar Məmmədyarov isə ABŞ Dövlət Departamentinin son hesabatında Azərbaycanda insan haqları ilə bağlı tənqidi qeydlər barədə jurnalistlərin sualını cavablandırıb. O deyib ki, Azərbaycanda insan haqları ilə bağlı problemlər var:

«Bunlar bir gecəyə həll edilən məsələlər deyil. Ancaq diqqətimizdədir və çalışırıq ki, həll edək».

İLHAM ƏLİYEV HILLARY CLINTON'LA GÖRÜŞÜB

Hillary Clinton və İlham Əliyev, 6 iyun 2012
Hillary Clinton və İlham Əliyev, 6 iyun 2012
Prezident İlham Əliyev ABŞ-ın Dövlət katibi Hillary Clinton'la görüşüb. AzərTac-ın məlumatına görə, Hillary Clinton'un Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən prezident bunu ölkələr arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib.

Azərbaycanla ABŞ arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan İ.Əliyev ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

H.Clinton prezident İlham Əliyevin NATO-nun Çikaqo sammitində iştirakının önəmini qeyd edib. Dövlət katibi ABŞ-ın Azərbaycanla sıx və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu, Azərbaycanın regionda mühüm rolu olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

CLİNTON SƏRGİDƏ OLUB

Hillary Clinton sərgidə, 6 iyun 2012
Hillary Clinton sərgidə, 6 iyun 2012
Azərbaycanda səfərdə olan ABŞ-ın Dövlət katibi Hillary Clinton günün ikinci yarısı bir gün əvvəl Bakıda açılan XIX Beynəlxalq «Xəzər neft,qaz, neftayırma, neft kimyası sərgisinə» baş çəkib.

ABŞ DÖVLƏT KATİBİ AZƏRBAYCANDADIR

İyunun 6-da ABŞ Dövlət katibi Hillary Clinton'un Azərbaycana səfəri başlayıb. O, prezident İlham Əliyev, dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən AzadlıqRadiosuna məlumat verilib.

Dövlət katibinin XIX Beynəlxalq Xəzər Neft, Qaz, Neftayırma və Neft kimyası Sərgi-Konfransı ilə tanış olacağı da gözlənilir.

Clinton'un səfər zamanı regiondakı vəziyyət, strateji tərəfdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi, habelə enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Bakıdan əvvəl Clinton Tbilisi və Yerevanda səfərdə olub. Azərbaycandan sonra isə Türkiyəyə yollanacaq.
XS
SM
MD
LG