Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:16

Hilal Məmmədov dünya ictimaiyyətindən kömək istəyir


Hilal Məmmədov polisdə
Hilal Məmmədov polisdə
-
Dövlətə xəyanətdə ittiham olunan hüquq müdafiəçisi, «Tolışi Sədo» qəzetinin baş redaktoru saxlandığı təcridxanadan məktub göndərib. Məktubu hüquq müdafiəçisi Leyla Yunus yayıb.

Rusiya və beynəlxalq ictimaiyyətə ünvanlanan məktubda Hilal Məmmədov özünü «Tı kto takoy? Davay, do svidaniya!» meyxanasının videoçarxının müəllifi kimi təqdim edib. O, məktubuna belə bir sərlövhə seçib: «Sərhədsiz dünya uğrunda».

Məktubunda Moskvada təhsil aldığını, namizədlik dissertasiyasını müdafiə etdiyini, Bakıda ali məktəb müəllimi olduğunu xatırladan Hilal Məmmədov həbsinin səbəbini Rusiyada məşhurlaşmış meyxananı yaymaqda görür:

«Mən riyaziyyatçıyam, inanclı adamam, hüquq müdafiəçisiyəm, jurnalistəm və narkotik vasitə ilə heç bir əlaqəm yoxdur».

Hilal Məmmədov «Tolışi Sədo» qəzetinin keçmiş baş redaktoru Novruzəli Məmmədovun həbsinə və sonradan həbsxanada ölməsi məqamlarına toxunur. Yazır ki, bir müddət sonra o, qəzetin fəaliyyətini bərpa edib. Üstəlik, hüquq müdafiəçilərinə qoşulub ki, siyasi məhbusları müdafiə etsin:

«Biz bütün dünyada əzilənlərin azadlığı, ədalət uğrunda mübarizə aparırdıq. Mən ali məktəbdə dərs deməyə davam etdim, riyaziyyat, kibernetika, informatika, informasiya sistemi üzrə seminarlar aparırdım, məruzələr oxuyurdum. Azərbaycanda təhsilin vəziyyəti ilə bağlı onlarla məqalə yazmışam. Təhsil məsələləri üzrə ekspert oldum».

«RUSİYALI JURNALİSTLƏRİN ÇƏKİLİŞİNDƏN SONRA HƏBS OLUNDUM»

Hilal Məmmədov qeyd edir ki, «Tı kto takoy? Davay, do svidaniya!» meyxanası məşhurlaşandan sonra Rusiyanın NTV televiziyasının əməkdaşları meyxananın yazıldığı Astaradan reportaj etmək istəyiblər. O da 1 ay öncə Bakıya gələn rusiyalı jurnalistləri Astarada talış mədəniyyəti ilə tanış edib.

Hilal Məmmədov yazır ki, rusiyalı jurnalistlərin çəkilişindən sonra Bakıya qayıdıb, az keçməmiş külli miqdarda narkotik maddə saxlama ittihamı ilə həbs olunub:

«Nəhayət, 2012-ci il iyunun 21-də «Neftçilər» xəstəxanasından evə qayıdanda, idmançı görkəmli təxminən 6-7 nəfər mənə hücum etdi. Məni amansızcasına döydülər, bir şəxsi maşına soxdular. Fikirləşdim ki, onlar məni öldürmək istəyirlər... Yolda narkotik barədə bir kəlmə də söz deyilmədi. Onlar kobud formada hansısa videoya görə məni özbaşınalıqda, separatizmdə, «Facebook»da, digər sosial şəbəkələrdə müxalifyönlü təbliğatda günahlandırırdılar».

«QOY TÖVBƏ ETSİNLƏR»

Hilal Məmmədov məktubunda beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı olduğunu bildirir və xahiş edir ki, onlar haqqın müdafiəsindən qıraqda qalmasınlar:

«Xahiş edirəm, kömək edin, sizin köməyinizə böyük ehtiyacım var. Mən bu sətirləri həbsxanadan yazıram. Mənim əcdadlarım qədim zərdüştlərdəndir, həmişə xeyrin şərə qalib gəlməsi üçün mübarizə aparıblar! Mən də öz əcdadlarımın yolunu gedirəm. Həbsimə aidiyyəti olan günahkar, zalım şəxsləri çağırıram ki, günah və səhvlərindən daşınsınlar. Qoy tövbə etsinlər. Söz verirəm ki, haqq-taalanın hüzurunda tövbə etsələr, onları bağışlayacam!».

Hilal Məmmədov iyunun 22-də külli miqdarda narkotik maddə saxlama ittihamı ilə saxlanıb. Məhkəmə onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.

Hazırda Hilal Məmmədov CM-nin 274 (dövlətə xəyanət), 234.4.3-ci (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) və 283.2.2 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. O, 1992-ci ildən İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

İttihamlar təsdiqlənsə, onu 15 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG