Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:23

Nənələr, babalar üçün gənclik jurnalı


İradə Musayeva
İradə Musayeva
-

...Söhbət təkcə ondan getmir ki, gənclik jurnalı hesab edilən “Ulduz”un poeziya otağı 60-70 yaşlı nənə-babaların başqatma guşəsinə çevrillib.

Həm də söhbət ondan gedir ki, 30-40 ildə sözünü oxucusuna kəkələyə-kəkələyə deyib qurtara bilməyən bu adamlara elə hey mikrafon uzadılır və mütəmadi, təkrar-təkrar çap etməklə gənclik üçün təhlükəli meyar formalaşdırılır...



Tənqidçi İradə Musayeva bu məqaləsi ilə Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları haqda "Oxu zalı"nda açılan polemikaya qoşulur.


İradə Musayeva


"ULDUZ" ULDUZA DÖNDÜ

Azərbaycan ədəbi-bədii mühiti ədəbi birliklər, cəmiyyətlər, ocaqlar, eyni zamanda kitab mağazaları və respublikada dərc olunan qəzet, jurnalların siması, obrazı, mənzərəsi ilə ölçülürsə, vəziyyət belədir: 4 milyonluq şəhərdə 10-11 kitab mağazası var.

Dizaynı, səliqə və nizamı, oxucuya gəl-gəl deyən sistemli şəkildə qurulmuş şöbələri, bölmələri olmayan bu mağazalarda elmi-ədəbi prosesin görüntüsündən xəbər verən canlılıq və oxucu ilə dil tapıb danışan kitab dili yox dərəcəsindədir.

Ən yaxşı halda hansı kitabı nəzərdə tutub mağazaya girmisənsə satıcıdan onu asanlıqla alıb çıxa bilərsən.

“Xostavar ” malları kimi üst-üstə qalaqlanmış kitablarla normal təmasda olmaq olmur. Metrolarda, iki-üç adamlıq (yarısı qab-qacaq, yarısı kitab və ya yarısı disklər, uşaq oyuncaqları, yarısı kitab və s.) balaca dükanlarda, küçələrdə, ağac kölgəliklərində bir saat dayanıb kitab alışı və satışı mədəniyyətini müşahidə etməklə Azərbaycan cəmiyyətinin intellektuallıq potensialını müəyyənləşdirmək olar.

Bu günlərdə tənqidçi Əsəd Cahangir qəzet köşklərində yüz bir xırdavat içərisində alnını pəncərəyə söykəyib məlul-məlul oxucusunu axtaran “Ulduz” jurnalına əlini uzatdı...

İllər boyu bir addımlığında, gözünün qabağında hazırlanan “Ulduz”a etirazını bildirə bilməyən (üz-üzdən utanar) tənqidçi jurnalın müvəqqəti yad ələ düşməsi fürsətindən istifadə edib ürəyini boşaltdı.

“Ulduz” ulduza döndü, redaktoru, imzaları gündəmə gəldi. Aysel Əlizadə ilə başlayan söhbət istiqamətini dəyişdi. A. Əlizadə yavaş-yavaş mövzunun epizoduna çevrildi və söhbətdən çıxdı. “Ulduz”un tarixi vərəqləndi...

1967-ci ildə Ümumittifaq Lenin Komsomol Gənclər İttifaqı Azərbaycan Gənclər Təşkilatının ədəbi orqanı. “Ulduz ”un yaranmasında AKP MK katibi yazıçı dramaturq Ş. Qurbanovun xidmətləri olub. Əvvəllər 48, 64 səhifədən ibarət olub, hal – hazırda 96 səhifə həcmində nəşr olunur.

Redaktorları:

C.Novruz – 1967 – 1972
A. Hüseynov – 1972 – 1973
Ə. Cəmil – 1973 – 1976
Y. Səmədoğlu – 1976 – 1986
A. Abdulla – 1986 – 1993
Ə. Salahzadə - 1993 – 2004
E. Hüseynbəyli – 2004 – indiyədək


"Ulduz" jurnalının gənclərin ixtiyarına verilmiş son sayı
"Ulduz" jurnalının gənclərin ixtiyarına verilmiş son sayı
​Vaxtilə hətta 80 min tirajla çap olunduğu iddia olunan jurnalın 500 tiraja enməsinin günahkarı axtarıldı, haqqında mənfi fikirlər söylənildi: ““Ulduz” jurnalı siması olmayan, Azərbaycan ədəbiyyatının içindən danışmayan, Azərbaycan mənəviyyatının enerjisinin bir zərrəsini belə daşımayan, belə bir orqandır. Ondansa “Alatoran yaxşıdır”” ( Ə. Əylisli)

Problemə obyektiv prinsiplərlə yanaşsaq belə bir sual çıxır: 60-70-ci illərdə 40-50 min tirajla çap olunan yazıçılar bu gün niyə 500 tirajın əlində qalıb?

Deməli, səbəb təkcə subyektlərdə deyil, Azərbaycanda satışı güclü olan hər şeyin məhz ən dəyərlisi olduğunu söyləmək isə absurddur. Ona qalsa, müğənnilər və falçılardan yazan mətbuat orqanı ən çox satılandır...

Hətta “Ulduz” jurnalının redaktoruna (görünür, tirajı artırmağa kömək məqsədilə) belə bir sual ünvanlayan da olub: “Bəzən deyirlər, çağdaş ədəbi jurnal təkcə ədəbi nümunələrdən ibarət olmamalıdır. Oxucu – orda məsələn, seks ulduzlar haqqında da yazıya rast gəlməlidir. Bu barədə nə fikirləşirsiniz?”

Bəli, redaktor razılaşsa “seks ulduz ”un arxasında gizlənən ədəbiyyat dərgisi basılmaz qalaya çevriləcək...

“Ulduz” jurnalının problemlərinə keçməzdən öncə Azərbaycanda ədəbiyyatın normal inkişafına əngəl olan bir faktı qeyd etmək istəyirəm. Millətin elmi, ədəbi-bədii təfəkkürünün inkişafı yolunda dövlət büdcəsinin “kassasında ” qəpiklər cingildəyir... Neft və milyonlar səltənətində söz və düşüncə adamı bu qəpiklərlə ancaq dərddən yaza bilər, sızıldaya-sızıldaya yalnız özünü ağlayar, yuxulaya-yuxulaya keçmişində eşələnər... Maddi sıxıntılıar onu məişətə çəkər və məişət adamı kimi ideyası, mücadiləsi, kəşfləri məişət səviyyəsini aşmaz. Belə məkanda ədəbi birliklər, ocaqlar, cəmiyyətlər bir-birinə barmağını uzadıb: “Siz qoymursunuz ədəbiyyat inkişaf etsin ” – kimi gülünc ittihamlarla ədəbiyyatı şoulaşdırar...

Jurnalın baş redaktoru E. Hüseynbəyli “Azərbaycan cəmiyyətində nə baş verirsə, elə “ Ulduz” jurnalının özündə də eyni proseslər baş verir ” cavabı ilə jurnalın özünəməxsus bir prinsipial mövqe tutmadığını açıq-aydın hiss etdirir.

Halbuki ədəbiyyat adına nəşr olunan hər bir ədəbi-bədii orqan fəaliyyətini ədəbi mühitə təsir edəcək fundamental ideyalar üzərində qurmağı bacarmalıdır, “cəmiyyətdə nə baş verirsə ” – deyə axının içində cəmiyyətlə baş-başa verib yol getməməlidir. Təsəvvür edin, “Molla Nəsrəddin ” o qaraguruhun, qaranlıq cəmiyyətin fövqündə deyil, bərabərində olsaydı “Molla Nəsrəddin” olardımı? O, Molla Nəsrəddin ki yüz il keçməsinə baxmayaraq bu gün də Azərbaycan ədəbiyyatı və mətbuatı o üslubun cazibəsindən çıxa bilmir.

“Ulduz”un yeknəsəq, monoton, biri digərindən seçilməyən saylarında redaksiya yaradıcılığı rubrika standartları çərçivəsinə qəlibləndiyi üçün oxucu marağı və reaksiyası hədəfindən yan keçir. “Axtarış”, “Tənqidçi ilə yazıçı üz-üzə”, “Qadın sözü”, “Yeni nəşrlər”, “Anım”, “Nostalji”, “Kardeş kalemler”, “Teatr”, “Tərcümə”, “İnternet mozaika” və s. rubrikaların heç biri “ulduz” özəlliyini əks etdirmir.

Şerif. Nənəmin sandığından
Şerif. Nənəmin sandığından
“Qadın sözü”, “Anım”, “Nostalji” – böyük ədəbiyyat yolçuluğunda bu rubrikaların mövzu dairəsi heç nə vəd etmir. Ağ-qara Az.TV verilişləri nostaljisi effekti ilə qaynayan dünya ədəbiyyatının qarşısına çıxmaq olarmı? Dünya ədəbiyyatı ilə 60 -70 illik inkişaf fərqini aradan qaldırmaq üçün sürəti, axtarış və əlaqələri artırmaqdansa elə hey geri qayıdırıq.

“Qadın sözü”, “Ana harayı”, “Baba yadigarı”, “Yurd həsrəti”, “Dost töhfəsi” və s. bu aspektli yazılar artıq ədəbi-estetik zövqə və düşüncəyə deyil, birbaşa mədəyə pis təsir göstərir və dərhal ürəkbulanması verir...

“Ulduz” bizə poeziyada, nəsrdə, dramaturgiyada hansı imzaları təqdim edir? Son iki ilin bir neçə sayındakı materiala əsaslanaraq siyahıya diqqət edək:

Poeziya – Əbülfət Mədətoğlu, Əhəd Muradxanlı, Mahmud Vəli, Şəfəq Sahibli, Fərqanə Mehdiyeva, Barat Vüsal, Şövkət Zərin Horovlu, Zirəddin Qafarlı, İnqilab İsaq, Musa Ələkbərli, İsgəndər Etibar, Osman Fərmanoğlu, Baloğlan Cəlil, Faiq Balabəyli, Zahid Sarıtorpaq, Əliş Əhmədoğlu, Fəxri Müslüm, Fəxrəddin Meydanlı, Süleyman İsmayıl, Elçin İsgəndərzadə, Ağacəfər Həsənli, İsa Sevər, Ramil Mərzili, Dəmir Gədəbəyli, Rəşid Faxralı, Firuzə Məmmədli, Vaqif Bəhmənli, Mətləb Misir, Çingiz Əlioğlu, Səlim Babullaoğlu, Elxan Yurdoğlu, Elxan Zal Qaraxanoğlu, Oqtay Rza, Aləmzər Əlizadə, İslam Sadiq, Məmməd Tahir, Zərəngiz Qayalı, Ayxan Eyvaz, Xuraman Hüseynzadə, Məmməd Namaz, Emin Piri, Əlirza Həsrət, Yusif Məhəmmədoğlu, Valeh Bahaduroğlu, Ülvi Ələfsəroğlu, Səfər Rzasoylu, Fəridə Hacıyeva, Əli Aslanoğlu, Elmar Vüqarlı, Aybəniz Əlyar, Elnur İrəvanlı, Əziz Musa, Samir Kərəmoğlu, Günel Eyvazlı, Adil Mirseyid, Anar Amin, Natavan Ayna, Həyat Şəmi, Eldar İsmayıl və b.

Bu məşəqqətli siyahıdan 5-6 imzanı çıxandan sonra “ Ulduz ”un poeziya xidməti sıfırlanır. Söhbət təkcə ondan getmir ki, gənclik jurnalı hesab edilən “Ulduz”un poeziya otağı 60-70 yaşlı nənə-babaların başqatma guşəsinə çevrillib.

Həm də söhbət ondan gedir ki, 30-40 ildə sözünü oxucusuna kəkələyə - kəkələyə deyib qurtara bilməyən bu adamlara elə hey mikrafon uzadılır və mütəmadi, təkrar-təkrar çap etməklə gənclik üçün təhlükəli meyar formalaşdırılır. Ədəbi yaradıcılıqda redaktorla tənqidçinin taleyi bir-birinə bənzəyir. Ədəbiyyatın və sözün mənafeyi naminə çalışacaqlarsa əlehdarları, “düşmən”ləri mütləq olacaq.

Mən inanmıram ki, ədəbi zövqü və poetik duyumu olan E. Hüseynbəyli və ya Q. Ağsəs bu adamların şeirlərini istedad nişanələri kimi çap etsin. Müəlliflərin sözlərinə yox, özlərinə baxanda ədəbiyyat söhbəti obyektivliyini itirir. “Ulduz”un seçimində də insanlara münasibət sözə münasibəti üstələyib...

Nəsrdə - Natiq Rəsulzadə, Narıngül, Cavid Təvəkkül, Kamil Əfsəroğlu, Qərib Mehdi, Vaqif Sultanlı, Sərdar Rüstəm, Elxan Muradov, İbad Rüstəm, Hicran Hüseynova, Sədaqət Kərimova, Rəşad Mahmudoğlu,Bayram İsgəndərli, Aslan Quliyev, Elçin İsgəndərzadə, Novruz Nəcəfoğlu, Şükufə, Zemfira Məhərrəmli, Oqtay Əliyev, Yaqub Əlioğlu, Nisə Bəyim, Pərvin, Sadıq Elcanlı, Aydın Tağıyev, Müzahim İsmayılzadə və b.

Dramaturgiyada vəziyyət ağır olduğu üçün redaksiya bu boşluğu bəzən dünya dramaturgiyasından tərcümələrlə doldurub (məsələn, A. Miller)

Onu da qeyd edək ki, dramaturgiyadakı vəziyyət təkcə “Ulduz”la bağlı deyil, ümumiyyətlə, ədəbiyyatımızın problemidir...

“Ulduz”da daha çox resenziyalarla rastlaşdıq. Demək olar ki, dərc olunan materialın böyük əksəriyyəti “sən şair, mən şair – sən qoş mənə dair, mən də sənə dair ” prinsipi ilə seçilib. Kimlər kimlərdən yazıb: şair şairdən, publisist tərcüməçidən, yazıçı tənqidçidən, tərcüməçi dramaturqdan, dost dostdan və s.

Fərqanə Mehdiyeva – Güzgüdəki qadın (Narıngül haqqında)

Mahirə Abdulla – Yüz il öncə... Tanıdığım Rəşad Məcid

Qafar Qərib – Öz portretini yaradan şair (Əbülfəz Ülvi haqqında)

Seymur Elsevər – Səs-söz möcüzəsi (Mikayıl Mirzə haqqında)

Eluca Atalı – Təbəssümün rəngi (Hicran Hüseynova haqqında)

Tofiq Abdin – Mənim tanıdığım İsa (İsa İsmayılzadə haqqında)

Əli Aslanoğlu – Söz səmimi olanda (Xatirə Fərəcli haqqında)

Salatın Əhmədli – Həsrət Şairi: həyatı və sənəti (Nəriman Həsənzadə haqqında)

Elçin Hüseynbəyli – Vətən boyda şair (Zəlimxan Yaqub haqqında)

Balayar Sadiq – Bənzərsiz poeziya (Səlim Babullaoğlu haqqında)

Adil Mirseyid – Aydın Əfəndinin qızıl saatı və vaxtsız ölümü

Zülfüqar Şahsevənli – Yetmiş beş yaşın aydınlığı içində (Nahid Hacızadə haqqında)

Xatirə Rəhimbəyli – Yaşıl yuxulu dənizin sahilində düşüncələr ( Faiq Balabəyli haqqında)

Alıhüseyn Cavadoğlu – Yer idim, göy idim (Məmməd Dəmirçioğlu haqqında)

Etibar Etibarlı – Bİr hekayə haqqında bir hekayəlik söz ( Hicran Hüseynova haqqında)

Ziyəddin Məhərrəmov – Kökə bağlılığı yaşadan söz ustadı ( Sərraf Şiruyyə haqqında)

Ənvər Əhməd – Dərdini içində dağ edən şair ( Eldar İsmayıl haqqında)

Hicran Hüseynova – Duyğular kölgəsində ( Şövkət Zərin Horovlu haqqında)

Fərqanə Mehdiyeva – Qələmi ilə vuruşan şairə ( Zərəngiz Dəmirçi Qayalı haqqında)

Fəxrəddin Ziya – Ağrıdan doğan misralar (Əjdər Yunus Rza haqqında)


Mən bu “haqqında”lar məsələsində nə müəlliflər, nə də təriflənən şəxslər barəsində şübhəli deyiləm və bu yazıların bir çoxunun səmimiliyinə də inanmaq istəyirəm. Ancaq janrı, qayəsi bilinməyən bu yazılar ki “əziz qardaşım”, “əziz bacım” – tipli xitablarla başlayır, “uzun ömür, can sağlığı” və ya “qəbrin nurla dolsun” xitamları ilə bitir, şablon təriflər, saxta kövrəlmələr, nisgilli xatirələr, qanadlı sözlərlə “sən şairsən”, “sən yazıçısan” möhürünü vurmaq inandırıcı olmur.

Ədəbiyyata ədəbiyyatşünas, professional nəzərriyəçi, ədəbiyyat tarixçisi, tənqidçisi elmi-nəzəri qanunlar əsasında qiymət verməlidir. Dost-qardaş sözü oxucu təəssuratı boyunu aşa bilmədiyi üçün zərbə yenə ədəbiyyata, sözə dəyir.

Dünya ədəbiyyatı nəzəriyyələri, məktəbləri haqqında düşünülmüş layihə çərçivəsində
"Ulduz"un son sayına məsul olmuş gənc yazar Aysel Əlizadə
"Ulduz"un son sayına məsul olmuş gənc yazar Aysel Əlizadə
sistemli məlumatlar Azərbaycan ədəbiyyatı ilə əlaqələndirmələr, müqayisələr və bütün bunlardan doğan intellektual polemikalar meydanı açmaq, əlbəttə, “Ulduz”u oxuda bilər.
Gənc istedadların axtarış rubrikasına bölgələrdən məktublar vasitəsilə gəlməsini gözləmək də mənasızdır.

Bu qədər informativ bir mühitdə sadəcə zəhmət çəkib onları tapmaq lazımdır. “Axtarış ” rubrikasının əməkdaşları Yazıçılar Birliyinin binasında qalaya, səngərə sığınırmış kimi gözləməməli, bu binanın hasarını aşıb həqiqi “axtarış” əməliyyatına keçməlidir.

O gəncləri tapmaq və ümidlə gözlədiyimiz böyük ədəbiyyatın ədəbi gəncliyini yetişdirmək məsuliyyəti bir az da “Ulduz”un üstünə düşür. Yoxsa hələ bundan sonra da uzun illər “Ulduz” oxucularının yaxası Fəxrəddin Meydanlının, Əlirza Həsrətin, Mətləb Misirin əlində qalacaq...

Qaldı A. Əlizadənin “ Ulduz ” jurnalındakı bircə saylıq fəaliyyətinin bu qədər çək-çevirinə, əlbəttə, düzgün yanaşma deyil – “ Ulduz”un 45 illik həyatında o qədər bərbad materiallar çap olunub ki, təcrübəsiz bir gəncə yönələn ittihamların heç biri o şəxslərə ünvanlanmayıb.

Redaktorun rəhbəri olduğu jurnalı gənclərə etimadla təqdim etməsi təqdirəlayiq haldır – ancaq, “Al, bu meydan, bu da şeytan, göstər özünü” – qəzəbi və əsəbi, istehzası ilə yox, qayğısı və həvəsləndirməsi, etibarı, etimadı ilə...

ardı var
(Növbəti yazı "Azərbaycan" jurnalı haqda olacaq)


Polemikaya qoşulmaq istəyənlər yazılarını bu ünvana yollaya bilərlər: oxuzali@azadliqradiosu.az
XS
SM
MD
LG