Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:53

«EL» Hərəkatı Milli Şuranın elan edilməməsinin səbəbini açıqladı


Zəfər Quliyev
Zəfər Quliyev
-
Əvvəldən vəd edilsə də, 28 May - Respublika Günündə müxalif qüvvələr Novxanıda keçirilən mitinqdə Milli Şuranı elan etmədilər.

«EL» Hərəkatının İdarə Heyəti mayın 28-də fövqəladə toplantı keçirib. Qurumun bəyanatında bildirilir ki, fövqəladə toplantıda Milli Şura məsələsi müzakirə olunub:

«İctimai maraq sübut edir ki, Milli Şuranın yaradılması sosial sifarişdir. Ancaq istər müxalifət, istərsə iqtidar düşərgəsindən bu ideyanın gerçəkləşməsinə mane olan qüvvələr var. Biz bütün bu cəhdləri Azərbaycanın milli mənafelərinə qarşı yönələn cəhd kimi dəyərləndiririk… Qoy bu işə mane olanlar öz məsuliyyətlərini dərk etsinlər, tarix qarşısında milli birliyə mane olduqları üçün məsuliyyət daşıyacaqlarını anlasınlar».

«EL» Hərəkatının sədr müavini Zəfər Quliyev Azadlıq Radiosuna müsahibə verib.

- Zəfər bəy, mitinqdən sonra dərhal toplantı keçirmənizin səbəbi nə idi?

- «EL» Hərəkatında biz hadisələri müzakirə edib öz münasibətimizi bildiririk. Bu gün hamılıqla Novxanıdakı mitinqdə idik. Biz orda Milli Şuraya olan sosial sifarişi daha aydın gördük. Amma orda heç bir ciddi arqument gətirmədən Milli Şuranın elan edilməməyi bu ideya üçün ciddi zərbə oldu. Həm də «EL» Hərəkatı üçün. Çünki bizim təşkilatın prioritetlərindən biri də bütün demokratik qüvvələri Milli Şurada bir araya gətirməkdir.

- Milli Şuranı kim elan etməli idi mitinqdə?

- Razılaşdırılmışdı ki, Milli Şura mayın 28-də elan edilsin, bu, həm də simvolik xarakter daşıyırdı. Adamların gözü qarşısında, 28 May günündə Milli Şuranın elanı o demək idi ki, biz tarixi estafeti alırıq. Həm də qərarın verilməsi siyasi cəhətdən də yetişmiş idi. Amma Milli Şuranın elan edilməməyinə ciddi arqument gətirmədilər. İki aydır demokratik qüvvələrlə bütün danışıqları İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov aparır. Rüstəm İbrahimbəyovla da məsləhətləşmələr aparılır. Çünki o, bu layihənin müəllifidir. Üç lider də razılaşmışdı ki, mayın 28-də Milli Şura elan edilsin. Mətbuatda, sosial şəbəkələrdə də bu barədə danışılırdı. Rüstəm İbrahimbəyov Milli Şuranın elan edilməməyini eşidəndə, çox narahat oldu, narazı qaldı.

- Novxanıda tədbir başlamazdan qabaq Milli Şuranın elan edilməyəcəyi bəlli idi, yoxsa bunu söyləməli adam qurumu elan etmədi?

- Mən konkret ad çəkmək istəmirəm. Ən azı hələlik. Amma hazırda məsuliyyət üç liderin üzərindədir. Aydındır ki, həll olunmayan məsələlər vardı. Tərkiblə bağlı məsələlər açıqdır. Gecə yarısınadək danışıqlar gedib. Amma bu məsələləri sonra da həll etmək mümkün idi. Hərçənd yenə də şans var. 28 Mayın bitməsinə hələ bir neçə saat var.

- Yəni, bu gün axşam saatlarında elan edilə bilər?

- 5-6 saatdır danışıqlar gedir. Bu gün elan edilməsə, Milli Şura ideyasına zərər ola bilər. Ruh düşkünlüyü yarana bilər. Buna görə də «EL» Hərəkatı bəyanat qəbul edib vəziyyətdən narazılığını bildirdi.

- Sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, İsa Qəmbər Milli Şuranın Nizamnaməsinə bir müddəa təklif edib - Avropaya inteqrasiya məsələsi, amma Rüstəm İbrahimbəyov bunu qəbul etməyib. Nə dərəcədə düzdür bu məsələ?

- Aydındır ki, böyük bir inteqrasiya prosesi başlayanda, hansısa məsələlərlə bağlı fikir ayrılığı yaranacaq. Xarici siyasətlə və ya digər məsələlərlə bağlı. Amma biz milli hökumət yaratmırıq. Biz seçki prosesində iştirak edəcək, vahid namizəd ortaya çıxaracaq Milli Şura yaradırıq. Avrointeqrasiya kimi məsələlər prioritet deyil axı. Seçkiyə 4 ay qalır. Bu cür arqumentlərlə Milli Şuranın yaradılmasını ləngitmək olmaz.

- Belə fikirlər səslənir ki, nizamnamədə avrointeqrasiya müddəasının salınması Milli Şuranın yönümünün Rusiyaya yox, Avropaya inteqrasiya olduğunu qaranta almaqdır.

- Milli Şuranın Rusiyaya bağlı olmadığını göstərən ən yaxşı sübut bu gün Rəsulzadənin memorial abidəsi üzərində bunu elan etmək idi. Orda milli qüvvələr yığılmışdı. Milli Şuranın tərkibində Rusiyaya bağlı olan adamlar varmı? Bu gün Milli Şuranın elan edilməsi bu söhbətlərin qarşısını alardı. Təəssüf ki, indi belə şübhələr barədə daha çox danışılacaq.
XS
SM
MD
LG