Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:29

Xədicə İsmayılovaya görə prezidentə və baş prokurora məktub göndərildi


Xədicə İsmayılova
Xədicə İsmayılova
-
Bir qrup beynəlxalq hüquq-müdafiə təşkilatı araşdırmaçı-jurnalist Xədicə İsmayılova ilə bağlı Prezident İlham Əliyevə və Baş prokuror Zakir Qaralova məktub göndərib. Məktubda jurnalistə qarşı davamlı şantaj və təhdidlərdən bəhs olunur.

TƏCİLİ ADDIMLAR...

Məktubu imzalayanlar bu təzyiq və təhdidlərdən ciddi narahatçılıq bildirir:

«İsmayılovaya qarşı edilən təhdidlərlə bağlı çevik, hərtərəfli, səmərəli və şəffaf təhqiqatın aparılmasını, eləcə də İsmayılovanın şəxsi həyatının toxunulmazlığının pozulması üzrə hazırda gedən istintaq işinin səmərəliyinin təmin edilməsi üçün sizi təcili addımlar atmağa çağırırıq... Belə bir istintaq İsmayılovaya qarşı aparılan kampaniyanın günahkarlarını müəyyənləşdirməyə və məsuliyyətə cəlb etməyə qadir olmalıdır».

Xədicə İsmayılova araşdırmaçı-jurnalist və AzadlıqRadiosunun Azərbaycan xidmətində veriliş aparıcısıdır. Tədqiqatçı jurnalist kimi o, tez-tez yüksəkranqlı hökumət məmurlarının biznes holdinqləri və korrupsiya iddiaları üzrə araşdırmalar aparır.

QARALAMA KAMPANİYASI DAVAM EDİR

Məktubda jurnalistə qarşı şantaj kampaniyasının ötən ilin martından başlandığı, onun gizli videolarının yayıldığı vurğulanır:

«Hakim partiyaya rəsmi olaraq yaxın olan qəzetlər 2013-cü il boyunca İsmayılovaya qarşı intim xarakterli videolara istinadlar etməklə, bu videoların yerləşdirildiyi internet səhifələrinin linklərini çap etdirməklə, eləcə də İsmayılovanın özü və ailə üzvləri barədə yalanlar yazmaqla qaralama kampaniyasını davam etdirib. Bütün bunlarla bağlı İsmayılova Azərbaycan məhkəmələrində öz hüquqlarının bərpasına nail ola bilməyib».

Məktubu bu qurumlar imzalayıb:

Article 19 (19-cu Maddə), Civil Rights Defenders (Mülki Hüquqların Müdafiəçiləri təşkilatı), Human Rights House Foundation (İnsan Hüquqları Evi Fondu), Human Rights Watch (İnsan Hüquqlarına Nəzarət), International Media Support (Beynəlxalq Media Dəstəyi), Media Diversity Institute (Media Fərqliliyi İnstitutu), Norwegian Helsinki Committee (Norveç Helsinki Komitəsi), Open Society Foundations (Açıq Cəmiyyət İnstitutları), PEN International (Beynəlxalq Yazarlar, Şairlər, Esseçilər təşkilatı), People in Need Organisation (Yardıma Ehtiyacı olan İnsanlar) və Reporters without Borders (Sərhədsiz Reportyorlar)
XS
SM
MD
LG