Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:10

«Eurovision»da hansı qaydalar dəyişdi...


2013-cü ildəki müsabiqədə Azərbaycan təmsilçisi Fərid Məmmədov 2-ci yer tutub.
2013-cü ildəki müsabiqədə Azərbaycan təmsilçisi Fərid Məmmədov 2-ci yer tutub.
-
Yeni qaydalara görə, yarışma başlamazdan öncə – mayın 1-də bütün jüri üzvlərinin adı açıqlanacaq. İndiyədək onların adları finaldan sonra elan olunurdu. İndən belə son mərhələdən dərhal sonra hər bir jüri üzvünün verdiyi ballar da açıqlanacaq.

Yarışmanın rəsmi eurovision.tv saytının məlumatına görə, yeni qaydalar tamaşaçı səslərinin də açıqlanmasını nəzərdə tutur. Son iki müsabiqənin jürisinə – münsiflər heyətinə daxil edilənlər jüri üzvü ola bilməyəcəklər. Təşkilatçılar bu addımın müsabiqəyə fərqlilik qatacağını düşünürlər.

Müsabiqənin icraçı direktoru Jon Ola Sand dəyişikliklərin ədalətli nəticəni və şəffaflığı hədəflədiyini bildirib.

SƏSLƏRİN PULLA ALINMA İDDİASI ARAŞDIRILIR

2013-cü ildəki müsabiqədə Azərbaycan təmsilçisi Fərid Məmmədov 2-ci yer tutmuşdu. Bundan sonra ona müxtəlif ölkələrdən yüksək bal almaq üçün pul təklif olunmasına dair video yayılmışdı. Müsabiqənin icraçı direktoru Jon Ola Sand həmin məsələnin araşdırıldığını deyib. O, səsvermə sonuclarına təsirlərlə bağlı araşdırmaların da davam etdiyini bildirib:

«Araşdırmamız hər hansı bir qanunsuzluğu üzə çıxarsa, gərəkli tədbir görəcəyik. Yarışmanın rəsmi saytında ayrıca bölmə də olacaq.
Tahir Məmmədov
Tahir Məmmədov
Bu bölmədə jüri üzvləri ilə tamaşaçıların yarışma zamanı üzləşdikləri və ya eşidib-bildikləri qanunsuz olaylar barədə ötürdüyü xəbərlər əksini tapacaq».

Avropa Yayım Birliyi Azərbaycanla bağlı rüşvət iddialarını araşdırmaq üçün tərəfdaşı – İctimai TV ilə əməkdaşlıq etdiyini də diqqətə yetirmişdi. İTV mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov araşdırmaların bitmədiyini deyir:

«Yaranmış hər hansı bir sual araşdırma tələb edirsə, bu araşdırmanı aparan təşkilat bunun nəticələri barədə, yəqin ki, məlumat verəcək. Araşdırmanı Avropa Yayımlar Birliyi aparır. Biz də ümid edirik ki, həmin qurum onun nəticələrini üzv ölkələr, təşkilatlar, üzv yayımçılar arasında, eyni zamanda auditoriyaya, mediaya açıqlayacaq».

«SAZLANMIŞ MÜHƏRRİKƏ ƏL VURSAN, DAHA DA KORLANAR»

Azərbaycanın təmsilçisini müəyyənləşdirmək üçün yarışçıların seçimini aparmış müğənni Mübariz Tağıyevin dediyinə görə, müsabiqə qaydalarına dəyişikliklər zamanla söz-söhbətlərin də önünü kəsə bilər:
Mübariz Tağıyev
Mübariz Tağıyev

«Yəqin ki, köməyi olacaq. Ancaq bunun ağır tərəfləri də var. Deyim var ki, sazlanmış mühərrikə əl vursan, daha da korlanır. Bu məsələlər çətinləşdikcə səssayımı da çətinləşəcək. Məncə, yaxşı təsiri olacaq. Söz-söhbətlərə gəlincə, San-Remo müsabiqəsindən tutmuş müxtəlif müsabiqələrədək – hamısında bu məsələlər sadalanıb. Bunun sonu yoxdur. Bundan sonra da olacaq. Ancaq mənə elə gəlir ki, Fəridin çıxışı çox gözəl idi. Qoy şəffaflıq olsun, şəffaflıq yaxşı şeydir. Şəffaflıq olan yerdə söz-söhbətlər olmur».

«EUROVISION» HƏM DƏ SİYASİ MƏSƏLƏDİR?

Builki müsabiqə Rusiyanın Azərbaycana 12 xal, amma Azərbaycanın Rusiyaya 1 xal belə verməməsi ilə də yadda qalmışdı. Hətta Azərbaycan prezidenti məsələnin araşdırılması üçün xüsusi göstəriş vermişdi. Hər iki ölkənin xarici işlər nazirləri Moskvada bəyanatla da çıxış etmişdilər.

Elmar Məmmədyarov demişdi ki, nəticələri öyrənəndə sarsıntı keçiribmiş:
Elmar Məmmədyarov və Sergey Lavrov
Elmar Məmmədyarov və Sergey Lavrov

«Azərbaycanın nəticələrini eşidəndə, biz bir qədər sarsıldıq. Təkcə biz yox, Avropa Yayım Birliyinin tərəfdaşı olan Azərbaycanın İctimai Televiziyası da. Azərbaycanın ən böyük telekommunikasiya şirkəti «Azercell»in nəticələrinə görə, 7 min 893 səslə Ukrayna 1-ci, Rusiya isə 1677 səslə ikinci olmuşdu. Sonra Malta, Belarus, Gürcüstan və başqa ölkələr gəlir».

Sergey Lavrov isə Rusiyanın səslərinin oğurlandığını söyləmişdi:

«Biz Azərbaycanla əməkdaşlıq edəcəyik ki, bu çirkin aksiya cavabsız qalmasın».

İTV-nin rəhbəri Cəmil Quliyev Rusiyaya bircə bal da verilməməsindən ciddi rahatsızlığını dilə gətirmişdi:

«Müəyyən maraqlı qüvvələrin törətdiyi bu hadisə Rusiya və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmayacaq».

2009-cu il «Eurovision» Mahnı Müsabiqəsi də Azərbaycan üçün yaddaqalan olmuşdu.
2009-cu il «Eurovision» Mahnı Müsabiqəsi də Azərbaycan üçün yaddaqalan olmuşdu.
Avropa Yayım Birliyi isə səslərin hesablanmasında hər hansı pozuntunun olmadığını bildirmişdi.

YADDAQALAN 2009

2009-cu il «Eurovision» Mahnı Müsabiqəsi də Azərbaycan üçün yaddaqalan olmuşdu. Təkcə Azərbaycan təmsilçilərinin 3-cü yer tutması ilə yox. Həmin il ölkənin 43 vətəndaşı Ermənistan təmsilçisinə səs vermişdi. Bu üzdən onlardan bir neçəsi MTN-ə çağırılmışdı. Onlardan biri – Rövşən Nəsirli AzadlıqRadiosuna demişdi ki, Ermənistana səs verdiyinə görə MTN-də onu qınayıblarmış.

«Eurovision»dan bir narazılıq da oğurluq mahnıların müsabiqəyə yol tapması ilə bağlı iddialar olub. Builki qalib – danimarkalı Emmelie de Forest-in «Only Teardrops» mahnısının da plagiat olması haqda iddialar səslənmişdi.

2014-cü il «Eurovision» Mahnı Müsabiqəsi Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək.
XS
SM
MD
LG