Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:54

Azərbaycanın kürü diplomatiyası


9 oktyabr- Azərbaycanda prezident seçkiləri keçirilib
9 oktyabr- Azərbaycanda prezident seçkiləri keçirilib
-
“Kürü diplomatiyası” – Azərbaycanın Avropa strukturlarında apardığı bədnam lobbiçilik fəaliyyəti ilə bağlı dövriyyəyə buraxılmış bu deyim artıq zərb-məsələ çevrilib.
Bu bədii bənzətmənin müəllifi olan təşkilatın – Avropa Sabitlik Təşəbbüsünün Azərbaycanda son prezident seçkilərinin beynəlxalq müşahidəsinə həsr edilmiş “Rüsvayçılıq. Azərbaycan və seçki monitorinqinin sonu” adlı hesabatı da bədii alleqoriya ilə başlanır.
Bu alleqoriya o qədər maraqlıdır ki, hesabatın ilk səhifələrində yazılanları olduğu kimi oxumağa dəyər:
“Belə bir vəziyyəti təsəvvür edin ki, dünyanın başqa bir yerində dünən havanın necə olduğunu bilmək sizdən ötrü çox önəmlidir. Oradan gəlmiş 50 nəfəri taparkən, onlardan 49-u sizi əmin edir ki, dünən həmin yerdə aydın, mavi səmalı və günəşli bir hava olub. Amma... biri dirənib durur ki, dünən bütün günü yağış töküb”.
HESABATDAN DAHA BİR FRAQMENT:
“Məəttəl qalırsınız? Bəlkə bu “günəş adamı” olan 49 nəfərlə, “yağış adamı” olan o tək nəfərin “yağış” haqqında anlayışları eyni deyil? Bu 49 nəfər müxtəlif ölkələrdən gəlib, bəziləri keçmişdə mühüm vəzifələrdə olublar və sən onlara inanmağa meyllisən. Amma o bir nəfər – “yağış adamı” da yeganə təhsilli meteoroloqdur. O, üstəlik, hava haqqında dolğun hesabat da təqdim edib – saatbasaat yağıntı ölçüləri var və bu ölçülər orada həftələröncəsi yerləşdirilmiş cihazlarla götürülüb”.
Maraqlı giriş davam edir:
“Sonra bu da bəlli olur ki, həmin 49 nəfərdən bəziləri yalnız günorta çağı bir-iki saatlığa evi tərk ediblər. Onlardan bəzilərinin şərhləri də qulağa dəyir: “havanı öyrənmək üçün çöldə olmaq vacib deyil” və ələlxüsus “adi meteoroloqlara” qulaq asmamaq da olar. Axı onların “yağışı iyləmək qabiliyyəti var və həmin gün bir damcı da yağmayıb”.
Hesabatın ilk səhifələrindən daha iki fraqment:
“Bir az da sıxışdıranda onlardan bəziləri söyləyirlər ki, “günəşli” sözünü deyərkən onlar “dünən ötən həftə ilə müqayisədə bir az yağış yağıb” demək istəyiblər”.
“Bu da bəlli olur ki, onlardan bəziləri evdən çıxıblar, qara buludları görüblər, iliklərindədək islanaraq evə qayıdıblar və indi at kimi üzə dirənərək deyirlər: “Yağış-zad olmayıb”. Sonradan öyrənirsən ki, bunların günəşli havada şəxsi maraqları olub: onların ailə üzvləri günəş batareyaları biznesi ilə məşğuldur və ya həmin gün havanın günəşli olmasına mərcpulu qoyublar”.
Belə bir bədii bənzətmədən sonra Avropa Sabitliyi Təşəbbüsünün (AST) hesabatı məntiqi nəticəyə gəlir: “Havanın qiymətləndirilməsi sistemi xarab olub”.
Təbii ki, burada hava deyəndə “demokratiya”, həmin o 50 nəfər deyəndə isə, Avropa qurumlarının ayrı-ayrı ölkələrdə demokratiyanı qiymətləndirən nümayəndələri nəzərdə tutulur.
Azərbaycanda 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərini, doğrudan da, dünyanı təmsil edən 50 beynəlxalq seçki monitorinq qrupu izləyib.
TƏQSİR AZƏRBAYCANDAN ÇOX AVROPADADIR
AST-nin hesabatında deyilir ki, onların hamısı, – ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Təşkilatı (DTİHT) missiyasını çıxmaq şərtilə – seçkini “azad, ədalətli və şəffaf” adlandırıb.
Biz Azərbaycana dərs verməyə və ya ölkənin demokratik inkişafını ölçməyə yox, demokratiyaya keçidin şahidi olmağa və həvəsləndirməyə gəlmişik...
Hesabatda bildirilir: “Avropa Parlamenti seçki missiyasının italiyalı başçısı Pino Arlacchi və Britaniya parlamentinin üzvü Robert Walter Bakıda, Hyatt Regency otelində keçirilən mətbuat konfransında bəyan ediblər: “Biz Azərbaycana dərs verməyə və ya ölkənin demokratik inkişafını ölçməyə yox, demokratiyaya keçidin şahidi olmağa və həvəsləndirməyə gəlmişik”.
AST-nin sənədində qeyd olunur ki, ikicə saat sonra elə həmin oteldə DTİHT seçkiyə tam fərqli qiymət verib. DTİHT-in hesabatında bildirlir ki, seçkidə geniş miqyasda pozuntulara yol verilirib və seçki Avropa standartlarına uyğun olmayıb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Təşkilatı (DTİHT) missiyasını seçkidən sonra Bakıda keçirdiyi mətbuat konfransı
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Təşkilatı (DTİHT) missiyasını seçkidən sonra Bakıda keçirdiyi mətbuat konfransı
Lakin elə həmin Pino Arlacchi Avropa Parlamenti ilə DTİHT-nin qiymətləndirməsi arasındakı bu ziddiyyəti sonuncunun “naşılığı” ilə izah edib: “DTİHT, belə adlandırmaq mümkündürsə, heç bir siyasi məsuliyyəti olmayan və heç kim tərəfindən seçilməmiş ekspertlərdən ibarətdir. Onları idarə etmək asandır. Bizim qiymətləndirməmizsə məsuliyyət hissi ilə aparılıb və həm də bir parlament üzvü kimi, biz seçkiləri, gələn dəfə də iş əldə etməyə ümid bəsləyən ekspertlərdən daha yaxşı bilirik”.
Hesabat müəllifləri yazırlar ki, beləliklə, Arlacchi DTİHT-nin legitimliyini, mötəbərliyini və obyektivliyini şübhə altına almağa çalışıb:
“Aydındır ki, Azərbaycanın oktyabr seçkisində nəsə qeyri-adi hal baş verib, amma o biri tərəfdən bu böhran gözlənilməz olmayıb”.
Hesabat müəlliflərinin fikrincə, Azərbaycandakı seçki beynəlxalq monitorinq sistemində ciddi problemləri üzə çıxarıb və bu problemlər həll olunmazsa, bütün gələcək seçki müşahidə sistemi təhlükə qarşısında qala bilər:
“Əliyevin qələbəsi və bu qələbənin əksər beynəlxalq müşahidəçilər tərəfindən qalmaqallı sayılması pozulmuş sistemi təmir etmək imkanı yaradır”.
AST-nin hesabatı, əslində, Azərbaycan hakimiyyətindən daha çox Avropa qurumlarının tənqidinə yönəlib.
MÜŞAHİDƏÇİLİK BİZNESƏ ÇEVRİLİB
Hesabat müəllifləri yazırlar ki, əslində, seçki müşahidəçilyi bu gün Avropanın indiki və keçmiş parlamentariləri üçün sərfəli bazara çevrilib.
Onların fikrincə, müşahidəçilərin sayı artdıqca, bütövlükdə hər hansı seçki standartı it-bata düşür.
Seçki məntəqəsi
Seçki məntəqəsi
Sənəddə xoş məramla keçirilən qısamüddətli monitorinqlərin obyektivliyinə inanmağın çətinliyi də vurğulanır.
AST bildirir ki, Azərbaycan seçkilərində belə çoxsaylı, amma qısamüddətli müşahidəçilərin olması, seçkiləri uzun müddətdə və peşəkar şəkildə izləmiş DTİHT-nin üzə çıxardığı qanunsuzluq faktlarının şübhə altına alınmasına imkan yaradıb.
Hesabatda belə bir sual da səslənir: “qısamüddətli müşahidəçilərin özləri nə dərəcədə “müstəqil və mötəbərdirlər?”.
Daha sonra sənəddə İtaliyanın “Panorama” jurnalına istinad edilir. Jurnal belə bir iddia irəli sürürdü ki, həmin bu Pino Arlacchi Azərbaycanda olarkən, bağlı qapılar arxasında Avropa Parlamenti üzrə həmkarlarına “İtaliyanın regiondakı maraqlarını müdafiə etdiyini” söyləyib.
“Panorama” qeyd edib ki, söhbət ilk növbədə enerji sektoruna maraqlardan gedir.
AST-nin hesabatında deyilir ki, nümayəndələri Azərbaycanda seçkini müşahidə etmiş ölkələrin əksəriyyətinin bənzər maraqları var.
Hesabat müəllifləri belə maraqların seçki müşahidəçilyi ilə əlaqələndirilməsinin korrupsiyaya çox yaxın olduğunu bildirirlər.
Sənəd müəllifləri yazırlar ki, Avropa Parlamentinin öz müşahidəçilərinin missiyasından peşmançılıq ifadə edən 23 oktyabr qətnaməsi yalnız başlanğıcdır:
“Seçkilərin beynəlxalq monitorinqi yolayrıcındadır”.
AST-nin fikrincə, Avropa qurumları öz müşahidəçilərinin Azərbaycan seçkilərinə qiymətinin DTİHT-in hesabatından niyə köklü şəkildə fərqlənməsinin səbəblərini araşdırmalıdır:
“Beynəlalq seçki missiyalarının Bakıda sərgilənmiş mötəbərlik böhranı təkcə Azərbaycana aid deyil, burada söhbət demokratiyanı inkişaf etdirməli olan beynəlxaql müşahidəçilik fəaliyyətinin gələcəyindən gedir. Söhbət Avropanın bəzi hörmətli qurumlarının inam oyadıb-oyatmamasından gedir”.
XS
SM
MD
LG