Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:56

Balqabaq (Seçmə hekayələrdən)


Ülviyyə Tahir
Ülviyyə Tahir
-

Axır həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur.


Ülviyyə Tahir


BALQABAQ


Nəsibə yenə yuxuda balaqabaq görürdü. Şirin sarı balqabaqlar ətrafında dövrə vurur, sonra yox olurdular.

Yuxudan sərsəm oyanan Nəsibə bütün hirsi havası ilə elə gecə köynəyində qardaşının qapısına yollandı.

Səhərin alatoranında inəklərin otuna suyuna baxmaq üçün çıxan Həmid çəpərin o tayında qəfil peyda olan bu ağ paltarlı varlığa baxaraq içini çəkdi.

Sonra onun bacısı olduğunu anlayan kimi sakitləşdi. Anladı ki, yenə həmin məsələyə görə gəlib. Sarı inəyin belini tumarlayaraq özünü görməməzliyə vurdu. Lakin bacısı artıq onu görmüşdü.Saçlarını topalaya-topalaya birbaşa onun yanına gələn Nəsibə salam-sabahsız:

- Danışdın sən Yaşarla, ay Həmiiiiid?- deyə soruşdu.

- Hə, səndən sonra zəng etdim, amma tərs oğlu tərs Nuh deyir, peyğəmbər demir- Həmid gözlərini sarı inəkdən ayırmadan cavab verdi. .

- Hamısı sənin günahındır. O xarabaya məni sən apardın. Sən olmasaydın indi mən belə olası deyildim. - Nəsibə hirslə yerə tüpürərək qardaşına baxdı.

- Kaseti dəyiş də, nə qədər eyni havanı çalassan. Bildik demisən: qələt eləmişəm.- Həmid sarı inəyin üstündən əlini çəkib evə tərəf yollandı.

- Kaseti dəyiş, yaxşı dəyişdim. Bəs balqabaqlar? Orada mənim bir maşın balqabağım qaldı.

- Bax sən niyə Yaşarı tutdururdun? Niyə o bədbəxt balasından 500 manat aldırırdın? Niyə?- Həmid qəfil ayaq saxlayaraq Nəsibənin üzünə hiddətlə baxdı.

- O mənə su vermirdi. Əjdaha kimi suyun qabağını kəsmişdi. Vurmayaydı məni. Həmiiiiid, dədəmizin goru haqqı, o balaqabaqları Yaşardan almasam, mənə də erkək Nəsibə deməsinlər.

Həmid bacısının ağ gecəköynəyində uzaqlaşmasına baxaraq dilini bayıra çıxarıb o ki var dişlədi və özü-özünə “ Sən şoğərib olmasaydın, mən köpəkoğlu bu gün bu cəncələ düşən deyildim”- deyə özü-özünə pıçıldadı. Səhər-səhər qanını qaraldan bacısının bir zamanlar onu yola gətirmək üçün necə şirin dillər tökməsini xatırladı.

Iki il öncə idi. Qaynı Moskvadan yenicə gəlmişdi. Həmid də ona baş çəkmək, həm də bir iki manat qoparmaq ümidi ilə ora yollandı. Evinin son dəbli təmirini yenicə bitirmiş qaynı Həmidlə xoş-beşdən sonra evi yiyəsiz qoyub gedə bilməyəcəyindən şikayətləndi. Həmiddən, uşaqları yığışdırıb aşagıdakı birmərtəbəli evə köçməsini istədi. Lakin Həmid inəyini, toyuğunu, bostanını bəhanə edib boyun qaçırdı.

Amma qaynıgildən çıxanda cibinə basılan pulun qədərinə baxmadan sulandı və qaynına, evə kimisə tapacağına söz verdi.

Lakin evdən yüz metr aralanandan sonra cibindəki rus minliyinə baxıb peşman oldu. Heç olmasa yüz dollar umduğu qaynından bu simicliyi görəndə yanıb töküldü və verdiyi sözə görə də peşman oldu. Bu məsələni evdə danışanda bacısı Nəsibə də eşitdi. Söhbətə əvvəl heç bir reaksiya verməyən Nəsibə nədənsə bir saat sonra Həmidə dil tökərək ora getmək istədiyini bildirdi. Əvvəl razılaşmayan Həmid səhəri gün qaynına zəng edib məsələni dedi. Hər şey tez yoluna qoyuldu. Əri atıb Rusiyaya gedəndən qardaşıgildə yaşayaraq, bazarda xırda alverlə məşgul olan Nəsibə evdəkilərlə də yola getmir, qonşular demiş: ərinin kürrüyünü edirdi. Indi bu məsələni həm Nəsibə, həm də Həmidin arvadı göydən düşmə fürsət kimi dəyərləndirdilər.Lakin evdəki həmişəki sakitçiliyin bərpa olunması Həmidi tamahlandırmasaydı, O, bir az düşünərdi. Nəsibə cəmi bir zənbil edən şeyini-şüyünü yüklənib qonşu kənddə köçəndə əgər Həmidin gözlərinin qabagına iki il sonrakı məsələ gəlsəydi, yəqin çətin ki, buna razı olardı. Hətta qaynından yüz dollar alsaydı belə.

Hər şey əvvəllər yolunda getdi. Ta ki qaynının arvadı Moskvadan dönüb Nəsibə ilə kəllə-kəlləyə qoyana qədər. Əvvəllər xırda iş üstündə dalaşan qadınların səs-küyünə fikir verməyən Həmidi bir gecə saat ikidə gələn zəng dəli etdi. Bu zəng Həmidi gecə yatagından qaldırıb sərsəm halda qonşu kənddə sürüklədi.Qaynının arvadı səsini başına atıb Nəsibənin qızının görüşdüyü oğlanlardan, həyətdə vaxtsız banlayan xoruzdan, gecə sabaha kimi fasiləsiz hürən itdən şikayətləndi.

Həmid artıq vaxtın çatdığını anlasa da, birtəhər bu rus qılıqlı qadını sakitləşdirib evə döndü. Bacısını bazarda həmişəki piştaxtanın dalında tapıb təpinsə də, onun sifətindən bunu bir işə yaramacağını anladı. Əlini yelləyib “ Özün bilərsən” deyib getsə də, iki gün sonra bacısının səsi bu dəfə Polis idarəsindən gəldi. Başıalovlu bu dəfə Polis idarəsinə yollandı. Məlum oldu ki, Nəsibə qonşuluqda yaşayan Həmidin ogey qaynı ilə tutaşıb polisə düşüb. Polis idarəsindən düz evəcən dil-boğaza qoymayan Nəsibənin ümumi sohbətindən Həmid davanın su üstündə düşdüyünü anladı. Maşın kənd yolunun ayrıcına çatanda qabaqlarında qəfil it yemiş halda maşın saxlayan Yaşar 500 manat cərimələndiyini və haqqı onlarda qoymayacağına and içdi, sonra da köhnə maşınına boğuq qaz verərək uzaqlaşdı. Həmid mat- məhəttəl qalaraq özünə gəlməmiş üç gün sonra yeni davanın içində özünü tapdı. Nəsibənin toxumunu qoyub ona bacı edən dədəsinə söyməkdən özünü zorla saxlayıb yenə qaynıgilə yollandı. Bu dəfə davanın səbəbi belə bilinmədən Nəsibənin itli-pişikli çölə atan qaynının arvadı “Rədd olun!” komandasını elə verdi ki, Həmid günahkar axtarmaqdan vaz keçib Nəsibəni yığışdırıb gətirdi. Amma dərd bununla bitmədi.

Gəldiyindən bir həftə sonra bu balqabaq söhbəti Həmidin baş beynini apardı. Oradakı həyətə balqabaq əkdiyini iddia edən bacısı iki ayağını bir başmağa dirəyib balqabaqlarını geri istəyirdi. Lakin o evə geri donmək qeyri-mümkün idi. Çünki Rusiyaya geri dönən qaynı arvadı açarı Yaşara verib getmişdi. 500 manatın ağrısı kürəyinin arasından çəkilməyən Yaşar nəinki onlarla danışmaq, hətta üzlərini belə görmək belə istəmirdi. Indi bacısı ilə qorxusu arasında qalan Həmid seçim etməli oldugunu bilirdi. Bu seçimdə yenə namus damarı qabarır və balqabaqların dalınca gedəcəyini bilirdi. Lakin bunu necə edəcəyini hələ özü üçün aydınlaşdırmamışdı.

Payızın soyuğu canlarına işləsə də sürətlə yağış başlamamış narları toplayıb evə daşıyırdılar. Bu zaman qapıdan boylanan qonşu Alməmməd Həmidə nara müştəri tapdığını və onun bir saat sonra gələcəyini bildirdi.

Həmid pulsuzladığı bir zamanda bu xəbəri sevincək arvada söyləyib üstündən bir pürrəngi çay içirdi ki, Alməmməduun səsini yenidən eşitdi. Həmid eyvana çıxanda Alməmmədin bir kişi ilə gəldiyini görüb arxasınca gələn arvad uşağa təpindi ki, evdən çıxmasınlar .

Özü isə yavaşca düşüb taxta balaqapıya doğru getdi. Yağış artıq azalıb çiskinləyirdi. Gələn müştəri Həmidi görən kimi xoş-beş etdi. Həmid onun qonşu kənddən Bəhruz olduğunu biləndə daha da sevindi. Tez evə tərəf səslənib çay qoymalarını tapşırdı. Bir az sonra çay süfrəsi arxasında oturan üç kişi siyasətdən, Rusiyada baş girləməkdən və qışda acından ölməməkdən danışıb söhbəti uzatdılar. Elə bu zaman bazardan dönən Nəsibə Bəhruzu eyvanda görəndə elə şivən saldı ki, elə bil arvad balqabaqlarını görmüşdü. Qadın səsinə xas olmayan nərilti ilə danışan Nəsibə keçmiş qonşusu olmuş Bəhruza balqabaqlarından elə yana-yaxıla danışdı ki, Bəhruz onlara kömək edəcəyinə söz verərək çıxıb getdi.

Iki gün sonra Bəhruz Həmidə zəng edərək Yaşarın rayon mərkəzinə getdiyini xəbər verdi. Həmid səhər tezdən qrip olduğunu bəhanə edib yorğanın altından çıxmayan Nəsibəyə bunu xəbər verəndə bayaqdan ah-uf edən adamdan əsər əlamət qalmadı. Dumana belə fikir vermədən köhnə Qaz- 51-ə minib qonşu kənddə yollandılar. Darvazanın üstündən aşıb qapını açanda onlar, Yaşarın arvadının on metr o tərəfdən izlədiyini görmürdülər.

Yaşar açarı gəlinlərindən təhvil alanda ona qisasının bu qədər yaxın olduğnu şeytan pıçıldamışdı. O şəstlə həyətin bütün meyvələrini toplayır və və balqabaqları hər dəfə görəndə özünü saxlaya bilməyərək gülümsəyirdi. Artıq payızın israrı ilə saralmağa başlamış kolların arasında qoyun kimi yatan balaqabaqlar ona Nəsibənin üzünün ifadəsini və onlardan necə 500 manatın acısını çıxacağını xatırladırdı.

Bu zaman Yaşarın üzündə şeytani bir ifadə yaranırdı. Bir neçə gün idi ki, rayon mərkəzinə gedib gəlirdi. Polis idarəsində sənədlərinin yoluna qoyulması üçün çalışırdı. Iki il idi ki, Rusiyada rus arvadını atıb gəlmişdi. Lakin vətəndaşlığından belə çıxdığı ana vətəni onu qəbul etsə də sənəd-sübutun düzgün olmaması ona problemlər yaradırdı.Rusiyadan dönəndən sonra qonşu kənddən imkansız bir ailədən tapıb evləndiyi dul gəlin də yanındakı gətirdiyi övlad bəs deyilmiş kimi, il ötməmiş bir qız da dünyaya gətirdi. Indi ailəlikcə sənədsiz yaşadıqları dünyada nə uşağın doğum şəhadətnaməsi, nə də bir zaqs kağızı var idi. Yaşar azərbaycanlı olduğunu sübut etmək üçün yenə rayon mərkəzinə yollanarkən balqabaqları unutmadı. O qardaşı evinin açarını arvadına verib ona orada gedib oturmasını tapşırdı. Yaşarın artıq beynində ala-babat bir plan var idi.

Yaşarın arvadı onların darvazanın üstündən aşıb girdiklərini gördükdə palıd ağacının arxasına sinərək ərinə zəng vurdu. Yaşar bu zaman “ağrın alım, başına dönümün” birini bir qəpikdən polis rəisinin sifətinə sovururdu. Telefon zəngini eşidən kimi artıq gözlədiyinin baş verməsi ürəyinə damdı.

Nəsibə balqabaqları görən kimi kolluğa cumdu. Onun sevinci o qədər atəşli idi ki, özünü saxlaya bilməyib elə qardaşının yanında Yaşarın ünvanına bir bazar alverçisi sayağı söyüş ünvanladı. Yaşarın arvadı elə o an bu söyüşü düz CİA agenti kimi Yaşara çatdırdı. Yaşar arvadının zəngini sonlandırıb Həmidin nömrəsini xüsusi bir şəstlə yığdı.

Həmid bacısının sevinməyinə gülümsəyərək ona balqabaqları toplamaga kömək etməyə başladı. Elə ikinci balqabağı koldan qoparırdı ki, cib telefonuna gələn zəngdən diksindi. Telefonun çatlamış ekranından zəng edənin Yaşar olduğunu görəndə dalağı sancdı.Şəhadət barmağını dodağının üzərinə qoyaraq Nəsibəyə susma işarəsi verdi və telefonun rəngini itirmiş düymələrindən birini basaraq “alo” dedi. Yaşarın

- Salam ay Həmid haralardasan?- boğuq səsini o tərəfdən eşidən Həmid dəqiq bildi ki, Yaşar onun harada olduğunu bilir.

- Qaynımın qapısında balqabaqları yığıram- Həmid cəsur bir səslə cavab verəndə Nəsibə qucağındakı balqabağı özündən asılı olmadan yerə saldı.

- Sən bilirsən bu dəqiqə özgə bir mülkiyyətinə icazəsiz girmisən?-Yaşar quru məmur bir ifadəsi ilə dillənəndə qan Həmidin beyninə vurdu.

- Ə, əclaf, sən kimsən ki, mənə qanun talkavat edirsən? Ə, sən get ne zakonnu arvadının, uşağının dərdin çək. Ey, nezakonnu Azərbaycan vətəndaşı!

- Ə, mənim nezakonnu olmagımın bura dəxli yoxdu. Əsas məsələ sən indi hardasan?

- Ə, mən qaynımın qapısında işimi görürəm.Əcəb edirəm. Sən kimsən? Sən kimsən?- deyə Həmid çıgıranda Yaşar:

- Mən bu an polis idarəsində səndən inspektora jalovat edən bir vətəndaşam -dedi və bu zaman olan oldu.Həmid Yaşardan başlayıb polis idarəsinə, oradan onu Rusiyadan qovan rus arvadına qədər hamını söyüb buladı. Həmid bunu Yaşarın onu qorxuzmaq üçün istifadə etdiyi bir kələk hesab etsə də səsinin yazıldığını və bütün orjinal söyüşlərinə şəxsən polis idarəsinin baş müfətişi tərəfindən qulaq asıldığını bilmirdi.

Həmid Nəsibə ilə balqabaqları toplayıb evlərinə yollandı. Cəmi on beş dənə balqabaq Həmidə 500 manata oturdu. İki gün sonra qapısını döyən polislər onu və Nəsibəni polis idarəsinə aparmaqdan yalnız bir şərtlə vaz keçdilər ki, Yaşar şikayətini geri götürsün və polislərə də körpüdə yaxşı bir qonaqlıq verilsin.

Həmid bu məsələyə necə havalandısa həyətdəki balqabaq topasına bir təpik ilişdirdi və iki ayaq barmağı çatladı. Bir həftə sonra Yaşar bu əhvalatı çayxanada danışıb millətin ağzına salanda Həmid polislərə verdiyi kabab qonaqlığı və Yaşarın qapısına getməsini xatırlayır siqareti siqaretə calayırdı. Onu polislərə verdiyi qonaqlıqdan daha çox Yaşarin cibinə basdığı 200 manat yandırırdı. Bu zaman qarşısına balqabaqlı aş qoyan arvadının üzündə ironik bir ifadə seçən Həmid boşqabı var qüvvəsi ilə divara tərəf tolazladı. Nəsibə isə onun bu əsəbinə cavab olaraq “ Vaxtında əkməsəydim yeyə bilməyəcəkdiniz. Niyə qudurusunuz ki, Allahın nemətini atmazlar” deyəndə Həmid bilmədi öz ağılsızlığınamı, yoxsa bacısının balqabaqdan fərqlənməyən başınamı yansın.
XS
SM
MD
LG