Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:26

NİDA-çı: «İfadə alanda döyülmüşəm...»


NİDA-çı gənc: “Həbsimi müstəsna həyasızlıq hesab edirəm”.
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

NİDA-çı gənc: “Həbsimi müstəsna həyasızlıq hesab edirəm”.

-
“Milli Təhlükəsizlik Nazirliyində ifadə alınanda mənə psixoloji təzyiqlər edilib, döyülmüşəm, dörd dişim sındırılıb”.

Bunu dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəmsində davam edən NİDA-çıların növbəti prosesində təşkilat üzvü Şahin Novruzlu deyib.

Təqsirsiz olduğunu bildirən gənc fəal, məhkəmədə ifadə verməkdən imtina edib. Bundan sonra onun istintaqa verdiyi ifadələri və “facebook” yazışmaları elan olunub.

Prosesdə Şahin Novruzlunun beş ifadəsi oxunub. O, məhkəmə zalında həmin ifadələrindən imtina etdiyini bəyan edib və ifadələrin ondan təzyiq altında alındığını bildirib.

Ona qarşı irəli sürülən “iğtişaşlar törətmə” ittihamını da qəbul etmədiyini deyib:

“Evimizdə aşkarlandığı deyilən “Molotov kokteyli” və narkotik maddələrin mənə aidiyyatı yoxdur. Evdə tapılan 90 min manata yaxın pul atama məxsus olub. O, bu pulu öz işləri üçün dostlarından alıb”.

“İFADƏ VERƏN ZAMAN YETKİNLİK YAŞINDA DEYİLDİM”

Şahin Novruzlu dövlət ittihamçısının və vəkilin suallarını cavablandırıb. Bildirib ki, ifadə verən zaman o yetkinlik yaşına çatmamışdı:

“Məndən ifadə alınanda valideynlərim yanımda yox idi. Bundan başqa ifadəni də məni istintaq edənlər özü yazıb və mən sadəcə yazılanların altına imza atmışam. MTN-də ifadə alan zaman mənə təzyiqlər ediblər. Döyülmüşəm, 4 dişimi qırıblar. Qasım Məmmədov adlı şəxs mənə qarşı təzyiqlər edib”.

Prokuror digər NİDA-çı Bəxtiyar Quliyevə valideynlərinin onun hansı işlə məşğul olmasından xəbərdar olub-olmaması ilə bağlı sual verib. Amma bu sual mühakimə olunun gənc fəallarının etirazına səbəb olub. Onlar “burada əxlaq mühakimə edilir, ya hüquq?” deyərək prokurordan işin mahiyyəti üzrə sual verməsini istəyiblər. Bəxtiyar Quliyev də öz növbəsində ifadə verməkdən imtina edib.

VƏKİL HAKİMƏ ETİRAZ ETDİ

Məhkəmədə İlkin Rüstəmzadə vəsatət qaldırıb. O, prosesdə video və audio yazıya icazə verilməsini tələb edib:

“Burda jurnalistlər var. Onlar prosesin gedişatını izləməkdə çətinlik çəkirlər, ona görə də video və audio yazıya icazə verməyinizi xahiş edirəm.”

İ. Rüstəmzadə həmçinin həbs qətimkan tədbirinin uzadılması ilə bağlı olan qərarda göstərilən səbəblərə aydınlıq gətirilməsini istəyib.

Hakim bu vəsatətləri əsassız sayaraq rədd edib. İlkin Rüstəmzadə bu vəsatəti əvvəlki məhkəmələrdə də qaldırmışdı və hakimin qərarı da eyni olmuşdu.

Vəkil Elton Quliyev hakimə etiraz edib. Bildirib ki, ən azından hakimlərin qarşısında olan mikrafonlar işlək vəziyyətə salınsın. Prosesi izləyənlər hakimlərin dediklərini eşidə bilsinlər deyə.

HAVA ŞƏRAİTİ, MƏHKƏMƏ VƏ HEYDƏR ƏLİYEV

NİDA-nın təqsirləndirilən digər üzvü Rəşad Həsənov da hakimə bir xahişlə müraciət edib. O, dekabrın 12-də məhkəmələrinin niyə təxirə salınması və niyə təqsirləndirilən şəxslərin özləri və vəkillərinin xəbərdar edilməməsinə aydınlıq gətirilməsini istəyib. Hakim cavabında hava şəraitinin buna icazə vermədiyini bildirib.

Təqsirləndirilən şəxslər bunu cavab olaraq qəbul etməyib və “12 dekabrda heç yerdə məhkəmə prosesi keçirilməyib. Səbəb də odur ki, həmin gün Heydər Əliyevin ölüm günüdür. Azərbaycanda müstəqil məhkəmə yoxdur” deyə etiraz ediblər.

Hakim “məhkəmə prosesini heç kim pozmağa cəhd etməsin” deyə xəbərdarlıq edib.

Məhkəmə prosesi dekabrın 19-da davam edəcək.

NİDA-çı gənc Bəxtiyar Quliyev qanunsuz yollarla silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə ittiham olunur. Ona qarşı həm də narkotik maddə saxlamaq, xuliqanlıq və zorakılıqların, talan və yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkili və ya belə iğtişaşlara qatılma maddələri də qaldırılıb.

NİDA-çılardan Məmməd Əzizov və Şahin Novruzluya qarşı silah, narkotik maddə və iğtişaşla bağlı maddələr irəli sürülüb.

Digər NİDA-çı gənclər – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı və Üzeyir Məmmədli silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə və kütləvi iğtişaşa cəhddə ittiham olunurlar.

“Azad Gənclik” Təşkilatının fəalı, həbsindən sonra həm də NİDA-ya üzv olan İlkin Rüstəmzadəyə qarşı ittihamlar xuliqanlıq, silah və kütləvi iğtişaşla bağlıdır.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty İnternational» müttəhimləri «vicdan məhbusu» elan edib.
XS
SM
MD
LG