Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:46

Mollalar qadın müğənnilərə qarşı


BƏƏ - İnqilabdan sonra İranı tərk etmiş müğənni Googoosh Dubayda konsert verir, 2 sentyabr 2011
BƏƏ - İnqilabdan sonra İranı tərk etmiş müğənni Googoosh Dubayda konsert verir, 2 sentyabr 2011
-

İranda qadın müğənnilərə qoyulmuş qadağanın ləğvinə çağıran Daryoosh Pirniyakan istefa verməyə məcbur olub.

O, İran Musiqi Evinin sözçüsü idi. Amma Şərqi Azərbaycandan olan Pirniyakan həm ölkədə, həm də onun hüdudlarından kənarda daha çox mahir tar və setar ifaçısı kimi tanınır. Və İran cəmiyyətində sözünün çəkisi olan nüfuzlu ziyalıdır.

Pirniyakan demişdi ki, “İran musiqiçilərinin yarısı qadındır, amma onların oxumaq haqqı tanınmır”.

Bu bəyanat İranda mühafizəkarların etirazına səbəb olmuşdu.

34 ildir ki, İranda qadın müğənnilərin konsert verməsi, onların kliplərinin, səs yazılarının yayınlanması qadağandır. Bu qadağa İran İslam İnqilabından sonra qoyulub və dini qanunlara görə, cinayət sayılır.

Amma İranda hakimiyyətə gələn islahatçı prezident Hassan Rohani qadınları bir sıra mühüm dövlət vəzifələrinə çəkəndən, əxlaq polisinin ipini bir qədər yığandan sonra mədəniyyət sahəsində də yumşalmaların olacağına ümidlər artıb.
Ali Jannati
Ali Jannati

Pirniyakan-dan sonra Iranın mədəniyyət naziri Ali Jannati qadın müğənnilərlə bağlı fikrini bildirmişdi.

Söyləmişdi ki, qadınların solo ifası ilə bağlı istənilən şəxs fikrini bildirə bilər. Çünki bu məsələdə heç ölkənin nüfuzlu ruhaniləri arasında da yekdil fikir yoxdur. Onlardan bəziləri qadının mahnı oxumasını zərərli saymır və bunun dini dəyərlərə zidd olmadığını düşünür.

Nazir hətta bəzi janrlarda qadınların mahnı oxumasına icazə verilməsini mümkün saymışdı, o cümlədən, laylaların oxunmasına.

Onun fikrincə, əxlaqın aşınmasına səbəb olmadığı hallarda qadının mahnı oxuması qəbulediləndir.

Yanvarın 7-də İran parlamentində mühafizəkar deputatlar mədəniyyət nazirini həm qadınların mahnı oxuması ilə bağlı açıqlamasına, həm də islahatçı “Bahar” qəzetinin bağlanmasından məyus olması ilə bağlı fikirlərinə görə sorğu-sual ediblər.

Bundan qabaq Jannati-nin İranda Facebook-a qoyulmuş qadağalar əleyhinə danışması da mühafizəkarların etirazına səbəb olmuşdu.

GOOGOOSH "TALAAGH" (1977)
XS
SM
MD
LG