Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:30

Ramil Usubov bundan sonra jurnalistlərin həbsi tələbinin qoyulmayacağını bildirir


Daxili İşlər Nazirliyinin binası
Daxili İşlər Nazirliyinin binası

Avqustun 14-də Mətbuat Şurasının üzvü, «Gün səhər» qəzeti İdarə Heyətinin sədri Arif Əliyev bir sıra mətbu orqanlarla Daxili İşlər Nazirliyi arasında münasibətlərin kəskinləşməsinin səbəblərini müzakirə etmək üçün bu qurumun rəhbəri Ramil Usubovla görüşüb.


Bu barədə «Azadlıq» radiosuna məlumat verən Arif Əliyevin sözlərinə görə, görüş zamanı nazir bildirib ki, o, tənqidə hörmətlə yanaşır və bunun inkişafa xidmət etdiyini düşünür. Lakin təhqirlərin, qəsdən yalan məlumatların verilməsi və bunun kampaniya şəkli alması yolverilməzdir.


Arif Əliyev nazirin öz fikirlərini qəzetlərdə özü və nazirlik haqda dərc olunmuş yazılarla təsdiqlədiyini də deyir. O, Ramil Usubovun bir çox fikirləri ilə razı olduğunu bildirsə də, məhkəmə araşdırmaları zamanı qanun pozuntularına yol verildiyini nazirin diqqətinə çatdırıb, şərəf və ləyaqətin müdafiəsi haqqında iddia ərizələrində jurnalistin həbs edilməsi tələbinin əleyhinə olduğunu bildirib.


Bu cür problemlərin beynəlxalq normalara uyğun həllinin təmin olunması ilə bağlı Arif Əliyevin təklifini müsbət qarşılayan Ramil Usubov bundan sonra nazirliyin məhkəmələrə deyil, ilk növbədə Mətbuat Şurasına şikayət edəcəyini bildirib. Cənab Əliyevin sözlərinə görə, Ramil Usubov məqsədinin jurnalistlərin həbsi deyil, yalan məlumatların təkzib edilməsi və təhqirlərə görə üzr istənilməsi olduğunu deyib və nazirliyə məxsus şikayət ərizələrindən azadlıqdan məhrumetmə tələbinin çıxarılması barədə müvafiq tapşırıqlar verib.


Sonda qərara alınıb ki, problemi daha ətraflı müzakirə etmək üçün yaxın vaxtlarda Mətbuat Şurasının üzvləri ilə daha geniş tərkibdə təkrar görüş keçirilsin.


Arif Əliyev görüşün təşəbbüsünün nazirlikdən gəldiyini və bunu yüksək dəyərləndirdiyini də deyir.


XS
SM
MD
LG