Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:48

İŞİD kürd qüvvələrini məğlub edir


Didərgin düşən iraq kürdləri
Didərgin düşən iraq kürdləri

-

Sünni qiyamçıların İslam Dövləti (İŞİD) təşkilatının döyüşçüləri ölkənin ən böyük su bəndi üzərində nəzarəti ələ alıblar.

İraq dövlət televiziyasının məlumatına görə, sözügedən ərazidə bir neçə kürd şəhəri və neft mədəni cihadçılar tərəfindən zəbt olunub.

Xəbərlərdə deyilir ki, Mosul Su Bəndinin İŞİD-in əlinə keçməsi yeni təhlükə və problemlər yaradır. Onlar İraqın bir sıra şəhərlərini su altında qoya və ya əksinə, əkin sahələrinə gedən kanalları bağlaya bilərlər.

İraq televiziyası bildirir ki, kürd qüvvələri su anbarını döyüşsüz tərk ediblər.

Kürd rəsmiləri isə xəbərlərə aydınlıq gətirərək bildiriblər ki, su anbarının özü hələlik onların nəzarətindədir, lakin Mosul bəndinin ətrafındakı üç şəhər İŞİD tərəfindən zəbt edilib.

Kürd silahlı qüvvələri
Kürd silahlı qüvvələri

Kürdüstan Regional Hökumətinin Vaşinqtondakı nümayəndəsi Karwan Zebari etiraf edib ki, ötən həftəsonundan bəri kürd qüvvələri mövqelərini itirməkdədir.

Lakin nümayəndə əlavə edib ki, kürd silahlı qüvvələri itirilmiş şəhərləri geri almaq üçün əks-həmləyə hazırlaşır.

ƏL-QAİDƏNİN PİSLƏDİYİ EDAM METODLARI

Qərb mətbuatı yazır ki, kürdlərin son məğlubiyyəti Bağdad hökumətini məyus edib. Çünki hazırda Yaxın Şərqin sərhədlərini yenidən cızmaq istəyən «xilafət döyüşçüləri»nin qarşısına çıxan yeganə ciddi qüvvə kürdlər hesab olunur.

Сihadçıların Eyn-Zalah neft mədənlərini də zəbt etdiyi deyilir.

Şahidlər bildirirlər ki, Zumar şəhəri uğrunda döyüşlərdə cihadçılara ciddi müqavimət göstərən kürdlər sonradan mövqelərindən geri çəkiliblər. Bundan sonra Zumarda xilafətin qara bayraqları dalğalanmağa başlayıb.

Xəbərlərdə deyilir ki, adətən şəhərlər İŞİD-in əlinə keçdikdən az sonra orada əl-Qaidənin belə qəddar hesab etdiyi metodlarla kütləvi edamlar başlanır.

VAŞİNQTON VƏZİYYƏTİ İZLƏYİR

Mosulda İŞİD bayrağı
Mosulda İŞİD bayrağı

ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton İraqdakı vəziyyəti daim diqqətdə saxlayır və İraq hökumət qoşunları ilə kürd qüvvələri arasında əlaqənin saxlanmasında mühüm rol oynayır.

Ötən həftəsonu İŞİD döyüşçüləri Livanın sərhəd şəhərlərindən birində hərbi əməliyyata başlayıblar.

Hazırda İslam Dövləti Dəclə və Fərat vadilərindəki şəhər və kəndlərə nəzarət edir.

DÖYÜŞƏ SURİYA KÜRDLƏRİ DƏ QOŞULUR

İraq kürdləri son həftələr ərzində kürd regional hökumətinə tabe əraziləri yeni kənd və şəhərlərin hesabına genişləndirə bilmişdi, lakin indi həmin əraziləri itirməyə başlayıblar.

Üstəlik, ötən bazar günü baş vermiş son döyüşlərdə onlar kürd muxtariyyəti ərazisindəki torpaqlardan bəzilərini də itiriblər.

Cihadçılarsa Suriya sərhədi yaxınlığındakı Rəbiyə şəhəri uğrunda döyüşə başladığı bildirilir.

Bu döyüşdə mövqelərini tərk edən İraq kürdlərinin səngərlərini Suriya kürdləri tutublar.

XS
SM
MD
LG